-
Mərdəkan
Mərdəkan
Çoxdan bəri elə dayaq
Sənsən olan, a Mərdəkan.
Təbib olub loğmanlara,
Cığır salan, a Mərdəkan.
Xeyir çıxıb mərd əlindən,
Insan sağ gəlir dərindən.
Xəstələri dərd əlindən
Oldu alan, a Mərdəkan.
Büsatının yoxdu kəmi,
Şəmşirin qəlbisən həmi.
Işıqlı ay, günəş kimi,
Yolumda yan, a Mərdəkan.
-
Mərdəkana
Mərdəkana
Dəli dağın oğlu aşıq
Qonaq gəlib Mərdəkana.
Hər anında var yaraşıq,
Əhsən belə ada, sana.
Şəfa çoxdu belə yerdə,
Dərman vardır hər bir dərdə.
Çiyələkli dərələrdə,
Şeh düşürdü baldırğana.
Səhər sərin yel əsəndə,
Bələnirdin gülə sən də.
Gəlibsənmi dilə səndə,
Dönüb nəğməkar ozana?
Şəmşir üçün sənsən ana,
Atasan mərdi-mərdana.
Məftunam Azərbaycana,
Meylim dönməz qeyri yana.
-
Naxçıvan
Naxçıvan
Yüz min tərif desələr də şəninə,
Milyon olsa yenə azdı, Naxçıvan.
Görüşünə ziyarətə gəlirəm,
Şerli, söhbətli, sazdı, Naxçıvan.
Öpsəm torpağını dağılar dərdim,
Bəzəkli şəhrinə səcdə edərdim.
Səni görən deyər cənnəti gördüm,
Səni görmək bir murazdı, Naxçıvan.
Diyarını gəzən qalarmı naşı,
Tanıyar sərvəti, zəri, ləlqaşı.
Boyük Bakımızın kiçik qardaşı,
İlqarımız düz ilqardı, Naxçıvan.
Bulağın kövsərdi, adı “Badamlı”,
Ürək sərinlədən ləzzətli, tamlı,
Arifli, alimli, kamil adamlı,
Qəlbim sənə cannügazdı, Naxçıvan.
Sən də bir ürəksən Azərbaycana,
Meylin, məhəbbətin əyilməz yana,
Sən çoxdan düşübsən dilə, dastana,
Şəmşir də bir tərif yazdı, Naxçıvan.
1971
-
Neynim
Neynim
Könül çox istədi ara uzaşdı,
İşimiz düzəlib bitmədi, neynim.
Cəsədim odlandı, yandı, alışdı,
Əlim yar əlinə yetmədi, neynim.
Qış yetiışdi, gədikləri qar aldı,
Mən cəfanı çəkdim, xoryat yar aldı.
Su gəlmədi, gün yandırdı saraldı,
Gülüm, yasəmənim bitmədi, neynim.
Şəmşirin qəmləri gələrmi sana,
Əlbəttə, çətindi hicran insana.
Çəkdiyim zəhmətlər oldu əfsana,
Sözüm yerə düşdü ötmədi, neynim.
1918
-
Nigar Səni
Nigar Səni
Qəlbim dönür pərişana,
Xəstə gördüm, Nigar səni.
Möhtac eləyib dərmana
Bu təbibli diyar səni.
Şəkər əzmiş dil üstünə,
Bülbülsən, qon gül üstünə.
Səfər etsən gəl üstünə,
Görən sona sayar səni.
Lilparlı düz, adı Taxta,
Məclis quraq Daş bulaqda,
Yayda lala, qışda şaxta
Gəl sanarıq bahar səni.
Dağlar kimi çiçəklisən,
Tovuzdan da bəzəklisən.
Mey-məzəli, hənəklisən
Şəmşir görüb, ay yar, səni.
1968
-
Niyə Görünmür
Niyə Görünmür
Səfalı yaylaqlar, gözəl ovaqlar,
O gözu xumarım niyə görünmür?
Onun fərağında gözlərim ağlar,
Aman, o dağlarım niyə görünmür.
Qılman tamaşalım, loğman kamallım,
Züleyxa istəklim,Yusif camallım,
Necoldu bilmirəm, Leyli xəyallım,
Artır intizarım, niyə görünmür?
Kərəm kimi düşdüm yardan aralı,
Fərhad tək tişəli, qəlbi yaralı.
Şəmşirəm itirdim sərxoş maralı,
O nazlı nigarım niyə görünmür?
-
Nökəri
Nökəri
A bəyzadə qurban olum boyuna,
Beləmi unudar ağa nökəri.
Qış olanda tər qoynunda gizlədər,
Baharda göndərər dağa nökəri.
Qulam qulluğunda misali-mürid,
İstəsən daş daşıt, istər qar kürüt.
Ləblərinin şirəsini ver kirit,
Qoyma barı ağlamağa nökəri.
Bir yoxsula qismət gərək fələkdən,
Boş yerə nə çıxar ölüm deməkdən,
Yazda arı əsəl çəkir çiçəkdən,
Bağban eylə bu şən bağa nökəri.
Varsa səxavətin, rəhmin, kərəmin,
Xəstə aşiqinə olsun mərhəmin.
Şəmşir üçün varmı meylin, məramın,
Əgər varsa al qucaga nökəri.
1921
-
Nə Lazım
Nə Lazım
Inciməsin sözlərimi eşidən,
Toxunmuram bir insana, nə lazım.
Tərbiyə tez düşər əqilsiz başdan,
Beləsinə ata-ana nə lazım.
Gəl indi danışaq bir parasından:
Xəstəyəm onların dil yarasından,
Çox deyirəm çıxma söz arasından,
Hünərini qana-qana, nə lazım.
Gözlə öz yolunu, varsa danışan,
Bu təmkindi hal əhlinə yaraşan,
Var döşü atlanan, sellənib daşan,
Mənə lazım deyil, sənə nə lazım.
Söz danış, mətləbdən düşmə uzağa,
Təklif olunmamış durma qabağa.
Hər kəs öz dilinə versin qadağa,
Atılmasın tez meydana, nə lazım.
Alimin yanında göstər adamlıq,
Arif məclisində eyləmə xamlıq.
Görürsən quvvətin yox bir tutamlıq,
Gəl danışma yekəxana, nə lazım.
Telin qızıl olsa, birçəyin gümüş,
Yoxsula əl uzat, mərd ilə görüş.
Enər nərdivanın, birdən, başa düş
Hədyan demə ona-buna, nə lazım.
Göz baxsa tanıyar yediyi aşı,
Quru alışanda yandırır yaşı.
Dəysə tez dağılar saxsının başı,
Toxunmasın sərt zinana, nə lazım.
Qəlbini qəlbimə etmə sən hərəm,
Sən çəkmə dərdimi, özüm çəkərəm.
Sənə nə eybi var, qulam, nökərəm,
Bürün sən al-yaşıl dona, nə lazım.
Yumaqla kamalı ağartmaz sabın,
Insan olan qanar haqqın, hesabın.
Bir fikir ver dürüstdürmü xitabın
Şəmşir kimi mehribana, nə lazım.
-
Nə Mənası Var
Nə Mənası Var
Qoşub qəm cütunü, ey arif olan,
Canda dərd əkməyin nə mənası var.
Yağı düşmən səni kəsdiyi zaman,
Qorxub diz çökməyin nə mənası var.
Tənəzzül atını çapar, onda gül,
Ağacdan yarpağı, qopar, onda gül,
Gələndə ağladın, aparanda gül,
Qanlı yaş tökməyin nə mənası var.
Günün keçib, ömür gözlər vədəni,
Qaytarmaq çətindi keçib gedəni.
Dərdi-hicran yaralamış bədəni
Qızıla bükməyin nə mənası var.
Göz tikmə kimsənin yaşıl, alına,
Öz şələni özün götür dalına,
Evində yoxdursa, özgə malına
Gözünü dikməyin nə mənası var.
Şəmşir gülməmişdir fələk yıxana,
Bəxti yatıb, taleyi kəm baxana,
Bir müşkuldən azadlığa çıxana
Paxıllıq çəkməyin nə mənası var.
1919
-
Nə Xeyri Var
Nə Xeyri Var
Qan tökməyin, vuruşmağın,
Döyüşməyin nə xeyri var.
Can deyəsən-çoxdu nəfin,
Söyüşməyin nə xeyri var.
Qurumuş göbələk kimi,
Payız solmuş çiçək kimi,
Qışda donmuş milçək kimi,
Üyüşməyin nə xeyri var.
Şəmşir söylər aşikarda,
Qoyma yoldaş qala darda.
Birlik harda, dirlik orda,
Əyişməyin nə xeyri var.
-
Nə Yazım
Nə Yazım
Tərlandan yazıram sevinir əlim,
Ətsiz, qansız kəpənəkdən nə yazım.
Bir azca yorğunam yatım, dincəlim,
Bu yay günü mən milçəkdən nə yazım.
Indi səsə düşüb ünü çıxmayan,
Günəşdən danışır günü çıxmayan.
Evdən bir urvalıq unu çıxmayan,
Söhbət açır bəs kəpəkdən, nə yazım.
Qanqal desə, reyhanam gül gülər,
Damcı özün Araz saysa sel gülər.
Sağsağana laçın desəm el gülər,
Hədər yerə bu bəzəkdən nə yazım.
Mənanı, məzmunu bir düşün, hərif,
Gör vəsfi yaradan kimə göndərib.
Mən yazıq nə edim, yaraşmır tərif
Boş kəllədən, boş ürəkdən nə yazım.
Şəmşirə edirsən hökmü əmrdən,
Batır qulaqlarım səsdən, hənirdən.
Yazaram poladdan, daşdan, dəmirdən,
Tozarandan, göbələkdən nə yazım.
-
Nədi
Nədi
Bir nadan qəlbimə toxundu toyda,
Anlamadı əyri nədi, düz nədi.
İnsan görməmişəm hələ bu boyda,
Başa düşmür mətləb nədi, söz nədi.
Ananın bətnindən düşəndən bəri,
Elmi-mərifətdən yoxdu xəbəri.
Çiçək də tikandır ondan ötəri,
Əsla bilmir istot nədi, duz nədi.
Özündən dəm vurur, sənətkar deyil,
Söyud kimi yarpaqlayır, bar deyil.
Dörd fəslin birindən xəbərdar deyil,
Qış nədi, yaz nədi, jaz-payız nədi.
Sirkə tündləşəndə çatladar qabın,
Duymaz mənasını dəftər-kitabın.
Şəmşir min danışsa bilməz hesabın,
Altmış nədi, əlli nədi, yüz nədi.
1921
-
Nərgiz
Nərgiz
Insan ömrü bivəfadı,
Gəldim səni görəm, nərgiz.
Sərin suyun müssəfadı,
Ay əziz, möhtərəm nərgiz.
Öpdüm dağın ətəyini,
Çoban çalır tütəyini.
Ya qismət gül-çiçəyini,
Gəlib bir də dərəm, nərgiz.
Heyran oldum Qaragölə,
Murov baxır gülə-gülə.
Qara qaya gələ dilə,
Ona cavab verəm, nərgiz.
Sirrim sənə deyim açıq,
Qocalmışam-qəlbi uçuq.
Çox qurmuşam ağ alaçıq,
Olub sənə hörəm, nərgiz.
Şəmşir, sözün şirin, incə,
Könül haçan çıxar dincə.
Bahar vaxtı açar qönçə,
Açar birəm-birəm, nərgiz.
-
Nəyə Gərəkdi
Nəyə Gərəkdi
Bir yerdə ki mərdin səsi gəlməyə,
Gərəksiz qıyyalar nəyə gərəkdi.
Sahibsiz gözəllər, mərdsiz köhlənlər,
Kəkliksiz qayalar nəyə gərəkdi.
Bu elsiz yaylaqlar, elsiz oylaqlar,
Qoyunsuz, quzusuz, çobansız ağlar.
Şairsiz ölkələr, bülbülsüz bağlar,
Kəkliksiz qayalar nəyə gərəkdir.
Söykən elə dağa alasan vüqar,
Şəmşir, belə qüdrət ellərində var.
Sənətkar əlləri yazar, yaradar,
Böhtanlar, şayələr nəyə gərəkdi.
1941
-
Ola
Ola
Zəhmət nə gözəldi dostun yolunda,
O da sənin kimi mötəbər ola.
Sədaqəti başa düşə dərindən,
Eşqdən, istəkdən baxəbər ola.
O düşünə işarəni düz qana,
Ürəyinin mətləbini tez qana.
Kamil olub, arif olub söz qana,
Can qurban o cana bu təhər ola.
Dahi bilə dərs aldığı ustadı,
Ucalar dunyada tərtəmiz adı.
Özünə oxşaya cəsur övladı,
Oğlu da, qızı da hünəvər ola.
Tapanda özünə münasib yarı,
Şəmşir tək baxmaya fitvaya sarı.
Qələm, al hökmüylə qazana varı,
Eldən aşıq ola, bəxtəvər ola.
1964
-
Olan Zaman
Olan Zaman
Dağ olsa əridər külə döndərər,
Kişinin həmdəmi pis olan zaman.
Azar düz yolunu tərsinə gedər
Evində övladı nəhs olan zaman.
Məndən inciyirsən, dərdi bil inci,
Bayquşa məskəndi viranə kuncu,
Xofludu adamın pisi, gülüncu,
O hürkər özündən səs olan zaman.
Şəmşir izahını gostərdi axır,
Bir qotur danadan çirklənir naxır,
Dayanmaz, üzünə tez çıxar paxır
Qızılın içində mis olan zaman.
1929
-
Olar
Olar
Haramdan doğulan, olacaq haram,
Ellərin içində şərmsar olar.
Xaindən, xibisdən uzaqdı aram,
Düz çıxmaz əhdinə biilqar olar.
Xəbis ha qazansa, az deyər çoxa,
Xəznəsi olsa da hesabdı yoxa.
Bir şagird ki, ustadına kəm baxa,
Malı da, pulu da zəhrimar olar.
Özünə məxsusdu ismi bu nəsin,
Nadan qoy adına insan deməsin.
Quruş versə canı çıxar nakəsin,
Cəsədi alışar tamam nar olar.
Pul güdən aşıqdan kənaram, kənar,
Şəmşirə lazımdı düz söz, etibar.
Xeyrə-şərə gərək olmayan idbar
Ümidəm bəxtimə, sungüsar olar.
-
Olaydım
Olaydım
Arifə, alimə, qədir bilənə,
Duyan adamlara nökər olaydım.
Nur saçaydım mərd insanlar çeşminə,
Yollarında nurlu səhər olaydım.
Böyük atalardan öyüd götürən,
Xalq üçün baharlı çiçək gətirən,
Xam torpagı yarıb çörək bitirən,
Kotanın ağzında əkər olaydım.
Olmazdım bir kəsin xətrinə dəyən,
Qoymazdım yoxsulu soyən, nə döyən.
Olmayaydı məndən küsən, inciyən,
Hamının dilində əzbər olaydım.
Əsəli olaydım quru şanların,
Könlünü alaydım pərişanların.
Elinin xeyrinə qarışanların,
Əzilib, dilində şəkər olaydım.
Ey könül, bu yolda çox sinə gərdin,
Qəm yükü yorubdu səni bu dərdin.
Atasını bəyənməyən namərdin,
Qəlbinə tikanlı çəpər olaydım.
Şəmşirəm, qəlbi pak olan adamın,
Kamınca kamala dolan adamın,
Elin qayğısına qalan adamın,
Kaş ki, qılıncında kəsər olaydım.
1942
-
Oldun
Oldun
Demişdin: ölüncə dönmərəm səndən,
Aqibətdə nədən biilqar oldun.
Kənardan dolanıb, keçirsən gendən,
Nədəndir bu qədər zülmkar oldun.
Tapılmaz sənin tək bir səxası kəm,
Sənin dərdlərinlə doludur sinəm.
Mənə bəs deyilmi verdiyin sitəm,
Bu covrü cəfaya tərəfdar oldun.
Həsrətin çəkdikcə gözüm ağladı,
Söhbətim ağladı, sözüm ağladı.
Alışdım oduna közüm ağladı,
Bir yaxın durmadın, gen-kənar oldun.
Şəmşirin gözündə qaldı murazı,
Gözlədim çatmadı hüsnün niyazı.
Bulud tək qaraldın, dedim: ayazı,
Axır getdin özgələrə yar oldun.
-
Olmasa
Olmasa
Adına deyərlər zənən,
Igiddə ilqar olmasa.
Bağban küsər öz bağından,
Bağçasında bar olmasa.
Dərdsizlər, inan, ağlamaz,
Yarasız insan ağlamaz.
Şeyda bülbül qan ağlamaz,
Kül üstündə xar olmasa.
Şəmşir, olub nələr sənə,
Düzlər yoxuş gələr sənə.
Dərd bilməzlər, gülər sənə,
Işdən xəbərdar olmasa.
-
Olmasa
Olmasa
Lal mətatın duşər şor bazarına,
Bilib qiymətini alan olmasa.
Cəfasız kim çatar bağın barına,
Becərib qeydinə qalan olmasa.
Bu ana torpağım qoy olsun abad,
Pərişan xəyalım indi olub şad.
Ağlamaz bir bağban, eyləməz fəryad,
Yaşıl pöhrəsini yolan olmasa.
Şəmşir, çox axtardın, gəzdin dərini,
Hər kəs bu dünyada tapar yerini.
Çalan olmaz inan biri-birini
Namərdin qəlbində ilan olmasa.
1948
-
Olmasaydı
Olmasaydı
Çinarlar, palıdlar tanınmazdılar,
Köklərində pöhrə, şiv olmasaydı.
Nəsiminin adı çəkilərdimi,
Şeirdən tikilmiş ev olmasaydı.
Insan muqəddəsdi, şeytan amansız,
Torpağı diriltməz bahar dumansız.
Inan, qurtarmazdı yara dərmansız,
Loğmanın əlində həb olmasaydı.
Şəmşir, sözlərinin bir hökmü vardı,
Insan gedərgidi, söz yadigardı.
Sənətin qapısı bağlı qalardı,
Nizamidən bizə dəb olmasaydı.
-
Olmayan
Olmayan
Şeytanın öz anasıdı
Sözünə möhkəm olmayan.
Elə bil yurd qarğasıdı
Etibarı cəm olmayan.
Aşna tutma hər nadandan,
Biilqardı, ötər yandan.
Dost yolunda keçər candan
Səxavəti kəm olmayan.
Şəmşir, eldə əmin dolan,
Mətahını var çox alan.
Danışmaz bir kəlmə yalan
Ürəyində qəm olmayan.
-
Olmaz
Olmaz
Süfrə nemətinə ehtiram gərək
Vəsfini deməmiş lal yemək olmaz.
Xoşdur duz-çörəyin qədrini bilmək
Olmasa bir əhli-hal, yemək olmaz.
Igid olan qayalara dırmanı,
Vaxtı keçsə döymək olmaz xırmanı,
Bağdadda, dəyməmiş sarı xurmanı,
Üzüb budağından kal yemək olmaz.
Şəmşir, sözün mərd yanında ötərdi
Lütfü təmiz olan dada yetərdi.
Nanəcibin şərbəti də zəhərdi,
Namərd kölgəsində bal yemək olmaz.
-
Olmaz
Olmaz
Istəkli yar arasında
Demişdilər yalan olmaz.
Mənim kimi heç bir kəsin
Məhəbbəti kalan olmaz.
Eləmirəm qorxu, hədə,
Incimirəm səndən nə də.
On boş günə verib vədə,
Gedib üç ay qalan olmaz.
Unutmuram, canan, səni,
Axtarıram hər an səni.
Qocalıqda, inan, səni,
Məndən qeyri alan olmaz.
Daha bizi sal yada gəl,
A qəmzəli, nazlı gözəl.
Necə çəkim mən səndən əl,
Sən tək qəşəng olan olmaz.
Qış dolanıb yetişir yaz,
Şəmşir ağlar əlində saz.
Şəhriyardan, məndən qeyraz,
Səni yada salan olmaz.