(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Çuxalanıbdı

    Çuxalanıbdı

    Şaxta baba yenə minib atını,

    Ağ xalat bürünüb, çuxalanıbdı.

    Qarlandı, buzlandı atının nalı,

    Dağların ətəyi yaxalanıbdı.

     

    Külək əsir, duman çökür dağlara,

    Bulaq donub, çay bağlayıb qarqara.

    Nərgizin gülüşü qalıb bahara,

    Lalənin ürəyi yuxalanıbdı.

     

    Yaz gələndə gül-bülbülə gəl deyir,

    Şəmşir kimi əhli-dilə gəl deyir.

    Qoyunlu, quzulu elə gəl deyir,

    Deyəsən yaylaqlar səxalanıbdı.

  • Öldür

    Öldür

    Demədimmi qan eləmək günahdı,

    Qız, məni qaşınan, gözünən öldür.

    Ya vur, əz başımı ağ məmən ilə,

    Ya vur ağacınan, daşınan öldür.

     

    Qıya baxıb öz canımı üz, gəlin,

    Dilim tutmur sənə deyim söz gəlin,

    Ixtiyar səndədir, alagöz gəlin,

    Özün bil, zorunan, xoşunan öldür.

     

    Məni eşqi-məhəbbətsiz tanıma,

    Rəhmin gəlsin mənim yazıq canıma.

    Əsirgəmə o tökdüyün qanıma,

    Razıyam canınan, başınan, öldür.

     

    Sən gələndə zimistanım yaz olur,

    Sərim ayağında payəndaz olur.

    Tək ovçunun hövsələsi az olur,

    Bir neçə tayınan, tuşunan öldür.

     

    Şəmşiri əsir tək zülfünə bağlat,

    Bir dəmir şiş ilə sinəmi dağlat,

    Istəyirsən güldür, istərsən ağlat,

    Gözüm dolsa qanlı yaşınan, öldür.

  • Özünə

    Özünə

    Zəhmətlə bağ saldım, bağça düzəltdim,

    Qismət olmur nədən barım özümə?

    Yolları piyada gedıb-gəlməkdən

    Düşmən olub ayaqlarım özümə.

     

    Bəy deyir: "Yaradan mənəm insanı.

    İşləsin qapımda çıxınca canı"

    Bəs mənim torpağım, əkinim hanı?

    Niyə çatmır ixtiyarım özümə?

     

    Çəkilib sinəmə dəmir şiş dağı,

    Yediyim zəhərdi, içdiyim ağı.

    Şəmşir ha qazanır, aparır yağı,

    Verən yoxdu qazanc-varı özümə.

    1918

  • Ürəkdən

    Ürəkdən

    Gedən getdi, vədə gözlər qalanı,

    Xəbər alıb, soruşmuşam fələkdən.

    Yığıb xəlbirinə çərxin ələyi,

    Ələnməmiş kim qalacaq ələkdən?

     

    Niyə başın bu dünyaya sığışmaz,

    Dana tovlasına maya sıgışmaz,

    Düzdür, insan aftafaya sığışmaz,

    Vaxt olur nazilib çıxır luləkdən.

     

    Əyləşib bu cəllad, yağı sinəmdə

    Çəkilib bəylərin dağı sinəmdə.

    Şəmşir, varmı sozün sağı sinəmdə,

    Dərman eylə, yaralıyam ürəkdən.

    1919

  • Ürəyimdə

    Ürəyimdə

    Oğrun baxışların çıxmır yadımdan,

    Gətirir təzəcə bar ürəyimdə.

    Sinəndə yetişən tər şamamalar,

    Ay gözəl, qalayıb nar ürəyimdə.

     

    Sinəm üstə dərdi-hicran döyuşür,

    Bədənim titrəyir, əlim üyüşür.

    Mənim də tərlanım yadıma düşür,

    Yuva qura bilməz sar ürəyimdə.

     

    Məndən uzaq düşüb könül həmdəmi,

    Zəhərdən acıdı ağzımın təmi.

    Gözlərin bəxş etdi mənə bu qəmi,

    Biryolluq yurd saldın, yar, ürəyimdə.

     

    Üzülüb qalıbdı meylim cananda,

    Ahım ərşə çatır ismin ananda.

    Mənim yarı canım qalıb yanında,

    Həsrətin buz olub qar ürəyimdə.

     

    Sən demə Şəmşirə dəli, görəndə,

    Soruş əhvalını, bəli, görəndə.

    Göz yumuram yad gözəli görəndə,

    Sənə məhəbbətim var ürəyimdə.

  • Ürəyimdə

    Ürəyimdə

    Çoxdur sənin məhəbbətin

    Dağlar, mənim ürəyimdə.

    Solmaz qızıl güllər açıb

    Bağlar mənim ürəyimdə.

     

    Qəlbimdə kin, nə kədər var,

    Dosta ülfət, xoş nəzər var.

    Nakam aşiq nə qədər var

    Ağlar mənim ürəyimdə.

     

    Yaylaq olmaz yaylağım tək,

    Sinən düzən, zirvən yüksək.

    El-obaya yüz min istək,

    Çağlar mənim ürəyimdə.

    1967

  • Ürəyimdə

    Ürəyimdə

    Mənzili var, yatağı var,

    Ürəyinin ürəyimdə.

    Min kök atmış budağı var

    Ürəyinin ürəyimdə.

     

    Durmaz kənar, elər guzar,

    Əldə qələm şeir yazar.

    Dürr mətahı, bazarı var

    Ürəyinin ürəyimdə.

     

    Həm xilqəti, həm rişəsi,

    Olsa qəmi əndişəsi.

    Açıb nərgiz, bənövşəsi

    Ürəyinin ürəyimdə.

     

    Şəmşir səni xeyli gəzər,

    Məcnun kimi Leyli gəzər.

    Fikri gəzər, meyli gəzər

    Ürəyinin ürəyimdə.

  • Üzünə

    Üzünə

    Sümüyüm eymənir, ətim irpənir,

    Hər baxanda qurumsağın üzünə.

    Qiyamət başımda eləyir qiyam,

    Necə baxım bu alçağın üzünə.

     

    Üzə gülür baldan, yağdan "dərəndə"

    Əllərimi paylı-püştlü görəndə.

    Bircə dəfə xurcunu boş görəndə,

    Qara düşür sanki ağın üzünə.

     

    Zatından qırıqdı, yaramaz kara,

    Dost deyib aldandım bu alçaqlara.

    Bəs niyə bəxtimə yazıldı qara-

    Bülbül müştaq olub zagın üzünə.

     

    Xəbisdən qaçırsan tuşuna gəlir,

    Nə işdən qorxursan başına gəlir.

    Bayquşun öz işi xoşuna gəlir,

    Üzün sürtür yapalağın üzünə.

     

    Şəmşir, rizqin yetirmişdi yetirən,

    Mətləbləri hasil edib bitirən

    Elin verdiyini yeyib, itirən

    Möhtac qalsın balın-yağın üzünə.

    1915

  • Üzərsən

    Üzərsən

    Mərifətin bağçasından,

    Körpə balam, gül üzərsən.

    Elə bağ sal saralmasın,

    Bar gətirər, bol üzərsən.

     

    Dərsini unutma barı,

    Ayaq götür elmə sarı.

    Olsan şeir həvəskarı,

    Tez məktəbdən əl üzərsən.

     

    Gözün xumar, qaşın qara

    Boyun bənzər qırğılara.

    Telini ahəstə dara

    Şana dəyər-tel üzərsən.

     

    Tərlan kimi çalıb qanad,

    Oxu yetiş mətləbə çat.

    Tutiləri qoyarsan mat,

    Bülbüllərdən dil üzərsən.

     

    Şəmşir gözlər ismətini,

    Qazanıb el hörmətini.

    Çəksən ana zəhmətini,

    Süd gölündə bil üzərsən.

  • İndi

    İndi

    Qəm eləmə, azad aşıq,

    Al əlinə sazın indi.

    Sözlərinə ver yaraşıq,

    Şirin olsun sözün indi.

     

    Düşər dərdə o ev yıxan,

    Eldən geri qalar, inan.

    Səni başa çəkər dövran

    Gülər könlün, gözün indi.

     

    Sür dövranda gözəl həyat,

    Qəm yükünü üstündən at.

    Qonşuya etmə xəyanət,

    Ağ olacaq üzün indi.

     

    Bu yol qalıb atalardan,

    Bizik ona addım atan.

    Şəmşir, kam al bu dünyadan,

    Açar bahar, yazın indi.

    1944

  • İndicə

    İndicə

    Gözlərəm yolunu xeyli zamandı,

    Yetişmişəm bir muraza indicə.

    Sən gələndə dağlar əlvan boyandı,

    Əlim çatdı telli saza indicə.

     

    Daş bulağı görməyibsən hələ sən,

    Üşüyərsən damcılasa, ələ, sən.

    Dastan elə yay obaya, elə sən,

    Başla söhbət, şirin sözə indicə.

     

    Əlik məskənidir yaylım güneyi,

    Ovçulardan eyləyrlər gileyi.

    Qartalın baxışı, kəkliyin neyi,

    Xoş gələcək deyim sizə indicə.

     

    Çıxaq sarı dağa, Ceyranqaçana,

    Bax Qızılarxaca, könül açana.

    Nəzər yetir qanadlanıb uçana,

    Tərlan qonar Taxtadüzə indicə.

     

    İlham gəlib babasını görməyə,

    Süsən balam gülü reyhan dərməyə,

    Bu qoca Şəmşirə ürək verməyə,

    Bir cüt tərlan gəlib bizə indicə.

    1968

  • İnsaf Elə

    İnsaf Elə

    Ömürdən nə qədər il keçirmişəm,

    Yetmişdən ötübdü yaş, insaf elə.

    Yanına neçə yol gəlib-getmişəm,

    Yenə bitməz olub iş, insaf elə.

     

    Mən də müdir olsam yalmanar mənə,

    Hurilər, pərilər, qılmanlar mənə.

    Bu geniş dünyanı etmə dar mənə

    Gəl tök ətəyindən daş, insaf elə.

     

    Qəmə qərq olmuşam, açılmır eynim,

    Ixtiyar səndədi, mən yazıq neynim.

    Zay olub dərrakəm, işləmir beynim,

    Məndə qalmayıbdı baş, insaf elə.

     

    Qalmayıb zarrəcə mürüvvət səndə,

    Qocalıq səni də salar kəməndə.

    Elə bil ki, baxır dəvə nalbəndə,

    Bir yol bax üzümə xoş, insaf elə.

     

    Bu mənə verdiyin zəlalət nədi,

    Qəlbindəki bu kin, kudurət nədi.

    Nadan nə bilir ki, mərhəmət nədi,

    Məni az kotana qoş, insaf elə.

     

    Firavan keçsə də hələ həyatın,

    Vaxt gələr kəsilər kəndirin, çatın.

    Şəmşir tayı deyil bicin, bədzatın,

    Tökdürmə gözumnən yaş, insaf elə.

  • İnsan Əlləri

    İnsan Əlləri

    Səndən qeyri hikmət varmı dünyada,

    Insanın qudrəti insan əlləri.

    Dağları yerindən sənsən oynadan,

    Dünyanın hikməti insan əlləri.

     

    Tutub turac kimi yolub Tərtəri,

    Deşib daş altına, salıb Tərtəri.

    Boğub sağ əlinə alıb Tərtəri,

    Yaradııb heyrəti insan əlləri.

     

    Gülür Ağstafa, Qazax, Qarabağ,

    Qoşqarın başında yanır min çıraq.

    Sudan şərbət içir tamarzı torpaq,

    Paylayır şərbəti insan əlləri.

     

    Göy golün üstündə qurulub şəhər,

    Ellərin yaylağı cənnətə bənzər.

    Şəmşir, bir Muğana, Milə sal nəzər:

    Torpağı bəzədi insan əlləri.

  • Şahbazım

    Şahbazım

    Saldın məni eşq oduna düşdüm nə hala, Şahbazım,

    Əhsən belə gözəlliyə, hüsn-cəmala, Şahbazım,

    Heyranam səndə olan əqli-kamala, Şahbazım,

    Tovuz kimi tellərini verib sığala Şahbazım,

    Naz ilə oğrun baxışın istər can ala, Şahbazım

     

    Behiştin baratısan, səlsəbildi yanaqların,

    Dağlar çiçəyindən gözəl, ya sunbuldür, yanaların,

    Bənövşə, nərgiz, ərğəban, qərənfildi yanaqların.

    Solmasın, saralmasın qızılgüldü yanaların,

    Afərin, səd afərin, bu xətti-xala, Şahbazım!

     

    Püstanın Zöhrə ulduzu, sədrin Savalan qarıdı,

    Hüsnün mələk, təhrin pəri, boyun tərlan tavarıdı.

    Dilim tutmur necə deyim, bu gözəl kimin yarıdı,

    Çataydı öz sevgisinə fələkdə insaf varıdı.

    Düşüb naşı kəməndinə gəlib zavala Şahbazım!

     

    Buxaqların səhər-səhər, dağda açan lalə kimi,

    Ala gözlər şölələnir, qızılı piyalə kimi,

    Sinəsindən tər süzülür baharda şəlalə kimi.

    Dönüb Muğan ceyranına, bir gözəl qəzalə kimi.

    Oxşayır nazlı yerişin bir şux marala Şahbazım!

     

    Eşqinin alovunun pərvanəsi mənəm, gözəl,

    Firqətinin, həsrətinin divanəsi mənəm, gözəl,

    Nəğməkar bülbüllərin təranəsi mənəm gözəl.

    Qurbanın, Ələsgərin nişanəsi mənəm, gözəl,

    Bilirsənmi vəsfim düşüb elə, mahala, Şahbazım!

     

    Min doqquz yüz otuz üçdə aşiq oldum, inan, sənə,

    Qonub meylim, məhəbbətim məcnun kimi canan, sənə.

    Şəmşirəm nəqdi verim, lazım olsa bu can sənə,

    Sən məndən üz döndərəsən, heç gəlmirdi guman sənə.

    Gəl yazaq ilqar üçün doğru qəbalə, Şahbazım!

  • Şair

    Şair

    Osman Sarıvəlliyə

     

    Olmasa bir bağı becərən bağban,

    Öz başına o sulanmaz, şair.

    Var belə imtahan, əzəl binadan,

    Qartallar zirvəsiz dolanmaz, şair.

     

    Sal yadına, məni barı unutma,

    Söz tapşıran sənətkarı, unutma,*

    Meylin olsun bizə sarı, unutma,

    Dəryalar adadan bulanmaz, şair.

     

    Ümidsiz ümid gəzmək hədərdi,

    Onu təcrubədə həyat göstərdi.

    Namərdim tənəsi yıxmasa mərdi,

    Alışıb odlara qalanmaz, şair.

     

    Hörmətlə ucalır insanın səsi,

    Heç vaxt əksik olmaz mərdin kölgəsi.

    Təmiz ürəklərin halal süfrəsi,

    Silinib yaddaşdan qalammaz*** şair.

     

    Tufan sovuşmasa-durulmaz dəniz,

    Tez duyar mətləbi incə qəlbiniz,

    Şəmşir bərk ayaqda heç çokərmi diz,

    Top dəysə qalası talanmaz, şair.

     

    _________________

    * söz tapşıran sənətkar-S.Vurğuna işarədir

    ** yaddan çıxmaz mənasında işlənmişdir

    1963

  • Şeir

    Şeir

    Mənalı söz bir qızıldı,

    Şeir sayılmaz hər şeir.

    Şeir var ki, şəkər kimi,

    Dilə düşüb gəzər şeir.

     

    Təbim coşar, sakit durmaz,

    Hökm eləyər-dayanma, yaz.

    Ovqatımı elər nasaz,

    Ürəyimi didər şeir.

     

    Şeir gövhər yığnağıdı,

    Xalqın işrət bulağıdı.

    Mən getsəm də o baqidi,

    Dünya ilə gedər şeir.

     

    Kömür ipək boyaqlamaz,

    Sözü arif ayaqlamaz.

    Şair olan sayaqlamaz,

    Yazmaz hədyan, hədər şeir.

     

    Şeir var ki, dili laldı,

    Yetişməyib hələ kaldı.

    Şeir var ki, yaşıl-aldı,

    Yeri, göyü bəzər şeir.

     

    Firdovsi varmı gəl görək,

    Şəmşir, onlardan öyrənək.

    Nizami tək, Fizuli tək,

    Yazan varmı şəkər şeir.

  • Şirindi

    Şirindi

    Tanıdığım adam var ki, gözündə,

    Dünyanın özündən malı şirindi.

    Insana lazımdı ilqar, etibar,

    Cahanın yaşılı, alı şirindi.

     

    Qabaqdan qış gəlir, bağışla məni,

    Çoxdandı gəlmirəm görməyə səni.

    Dağların çiçəyi, ağ yasəməni,

    Sənin də ləbinin balı şirindi.

     

    Eşqinə giriftar mənəm payi-bənd,

    Şəmşirə zülflərin olubdu kəmənd.

    Elə bil hüsnünə düzülüb əbcət,

    Lalə yanağının xalı şirindi.

    1972

  • Şuşa Şəhəri

    Şuşa Şəhəri

    Halal olsun sənə bu şövkət, bu ad,

    Mirvari bəzəkli Şuşa şəhəri.

    Uçurum qayada kamallı ustad,

    Gör yaradıb nə tamaşa şəhəri.

     

     

    Hər yanı sərt qaya, başı yaymadı,

    Insan əli bir kəm-kəsir qoymadı.

    Gözüm gözəlliyə baxdı doymadı,

    Cənnət yaradıbsan yaşa, şəhəri.

     

    Vaqifin itməyən izini gördüm,

    Şəmşirəm çox şirin sözünü gördüm.

    Elə bil behiştin özünü gördüm,

    Gül bəzəmiş başdan-başa şəhəri.

  • Şəmşiri

    Şəmşiri

    Çağır gəlsin, düşüb yada

    Dağların qoca Şəmşiri,

    Adı elə salıb səda,

    Tanıdıb uca Şəmşiri.

     

    Bu bülbüllü, güllü bağlar,

    Səndən ayrı gözüm ağlar.

    Ağır ellər, qoca dağlar,

    Unudar necə Şəmşiri.

     

    Boynun bükən bənovşələr,

    Sizdə nədi əndişələr.

    Bu cüyürlü göy meşələr,

    Tanıyır uca Şəmşiri.

     

    Oba gəzib bu əhli-hal,

    Cavablıdı versə sual.

    Çoxdan tanıyıbdı mahal,

    Yoxsa indicə Şəmşiri?

     

    Namərd ilə edib dava,

    Çox düşübdü qar, qırova.

    Ovçu aparıb Murova,

    Qızılarxaca Şəmşiri.

  • Şəmşirin

    Şəmşirin

    Görən deyir bir ilqarsız oduna,

    Alışıb yanması bəsdi Şəmşirin.

    Bivəfa eşqində olub pərvana,

    Nə imiş görəsən qəsdi Şəmşirin.

     

    A naisaf, niyə karsız olubsan,

    Söyüdsən, budağı barsız olubsan.

    Səxavətdən kəsad, varsız olubsan,

    Sən olmadın yaxın dostu Şəmşirin.

     

    Mən sənə gül dedim, boz qanqal oldun,

    Xoş dillə dindirdim niyə lal oldun?

    Soruşub dərdimdən nə bir hal oldun,

    Hicran əhədini kəsdi Şəmşirin.

     

    Uşaq ikən heyran oldum camala,

    Yandım atəşinə düşdüm nə hala.

    Məni Səlmi doğub, sənisə Lala,

    Çatmadı dəstinə dəsti Şəmşirin.

  • Əhsən

    Əhsən

    Sıldırm dağlardan, sərt qayalardan,

    Xalq üçün çəkilən yollara əhsən.

    Kam alarıq dərman olan sulardan,

    Gözəl əhvallara, hallara əhsən.

     

    Az qalıb yetişsin yol İstisuya,

    Işin gedişatı bənzəyir toya.

    Yaşasın, yaşasın əziz partiya,

    Qudrətli, quvvətli əllərə əhsən.

     

    Kəlbəcəri indi hər yan tanıdı,

    Mədənli suları can dərmanıdı.

    Iş görənlər qarğa-quzğun sanıdı,

    Bir səslə yerişən ellərə əhsən.

     

    Bizə sevinc gəldi həddən ziyada,

    Şöhrət qazanacaq bütün dünyada.

    Şəhər tikiləcək bu İstisuda,

    O fərmanı yazan əllərə əhsən.

     

    Şəmşir, de tərifini sən azad elin,

    Millətlər yoldaşdır, qardaşdır, bilin.

    Böyük rəhbərimiz dahi Leninin,

    Bəxş etdiyi azad dillərə əhsən.

  • Ələ

    Ələ

    Buraxmazdım ətəyini cavanlıq,

    Düşsə indi o girəvə, iz ələ.

    Sözümü eşidən yaradan xaliq,

    Sən ömrümü cavan el, təzələ.

     

    Ağ saçım təzədən ola qapqara,

    Görən deyə baxın bu baxtavara.

    Boyum şax görünə alagöz yara,

    Bəlkə qəlbi məhəbbətdən nəzilə.

     

    Sevgilim, gəl məni bir hala gətir,

    Istəyə, mətləbə, murada yetir.

    Görənlər deməsin “kənardan ötür

    O nainsaf gözələ bax, gözələ”.

     

    Hələ ki, huşundan qalmayıb başım,

    Satılır bazarda alım, qumaşım.

    Uzaqlaşsan selə dönər göz yaşım,

    Qoyma axıb damcı-damcı süzülə.

     

    Şəmşirə rəhm elə dolanma haşa,

    Ey mina gərdənli, boyu tamaşa,

    Gəl əyləş yanımda verək baş-başa,

    Şirin danış məclisimi məzələ.

  • Ələsgər

    Ələsgər

    Böyük tacidarım, kamil sənətkar,

    Sənsən mənim pak ustadım, Ələsgər.

    Yadımdan çıxarsa yazdığın əşyar,

    Qopar o gün qiyamətim, Ələsgər.

     

    Ürəyimdə istək, dahı sən oldun,

    Sənətimin qibləgahı sən oldun.

    Idrakımın mehri, mahı sən oldun,

    Fikrim, zikrim, bir baratım, Ələsgər.

     

    Şəms olub düşmüsən sən dildən-dilə,

    Nəğmən pay verilib bağda bülbülə.

    Xəzinə anbarın baqidir hələ,

    Açılıb bazarın “satım”, Ələsgər.

     

    Röyada dərs dedin, öyrətdin məni,

    Pak saxladın eşqi, nəfsi, bədəni.

    Farasət möcüzü sanıram səni,

    Haqdı ki, var etiqadım Ələsgər.

     

    Sən mənə səadət, barat vermisən,

    Şəmşirin qəlbinə qanad vermisən.

    Zərrin irəxtili Qırat vermisən,

    Durur sən verdiyin atın, Ələsgər.

  • Əskinaz

    Əskinaz

    Gözəl oylaqlara düşdü güzarım,

    Quş olum gülünə qonum, Əskinaz.

    Bəlkə bir toxdaya dərdim, azarım,

    Azalıb bədəndə qanım, Əskinaz.

     

    Obalar səndədi, ellər səndədi,

    Dumanlar, yağışlar, sellər səndədi.

    Bülbüllər səndədi, güllər səndədi,

    Istəkli sevgilim, canım, Əskinaz.

     

    Düşəndə taqətdən ürəyim ağlar,

    Şəmşirəm, ah çəkər, gözlərim ağlar,

    Mən yada düşəndə-sözlərim ağlar,

    Səndə qalar bu nişanım, Əskinaz.

  • Əyilməz

    Əyilməz

    Əhdi-ilqarindan, dostum Kürdoğlu,

    Bilirəm ki, o namərdə əyilməz.

    Buludlar çalxanıb, qalxsada tufan,

    Papağı şax durar sərdə, əyilməz.

     

    Əsli dürüst olub ata-babadan,

    Aldım sorağını eldən, obadan.

    Qartal kimi yerə enməz havadan,

    Göydə şax dayanar, yerdə əyilməz.

     

    Qoç Koroğlu söylə harda döyülmüş,

    Ona tərif çox dastanlar deyilmiş,

    Misri qılınc kəsmək üçün əyilımiş,

    Nahaq qana çəksən bir də, əyilməz.

     

    Hasil olsun elədiyim diləklər,

    Əsməsin bağına acı küləklər.

    Salsın sayəsini üstə mələklər,

    O cavan şairdi dərdə əyilməz.

     

    Təbi daşqın çaya, ümmana bənzər,

    Şəmşirin dilində olubdur əzbər.

    Bu səhər muştuluq gətirdi yellər,

    Onu sağaldıbdı Bərdə, əyilməz.

    1972