-
A Gözəl
A Gözəl
Üfuqdən baş verın afitab kimi,
Yanardı gözümdə gözün, a gözəl.
Çeşmeyi-əntəhur-pak olan şərab,
Şəkərdi, şərbətdi sözün, a gözəl.
Mirvari dişindi, yaqut xalındı,
Sevgilim xoş olan sənin halındı.
Səhər-oxşarındı, nur-camalındı,
Sanıram qəmərdi üzün, a gözəl.
Şəmşir sevib sən tək nəcib bəşəri,
Hüsnünə heyrandı, ey gözəl pəri.
Xilqətində nəcabətin əsəri,
Muqəddəs mələksən özün, a gözəl.
1972
-
A Lələ
A Lələ
Ana dünya, nələr saldın yola sən,
Hanı Məcnun, Əsli, Kərəm, a lələ.
Dedim bəlkə bizlə yaşa dolasan,
Demədim ha xəlbirini al, ələ
Kənar keçdi nədən uzaq baxdı yar,
Indi bizə bir cənnətdi bax diyar.
Əgər olsa bir insana baxtı yar,
Daş götürsə dönməlidi a lələ.
Şəmşir, güldür bəsdi, sən bu dağları.
Görübsən sinəndə sən bu dağları.
Gəzdin cavanlıqda sən budaqları,
Qocalıqda telli sazı al ələ.
-
A Zalım Gözəl
A Zalım Gözəl
Niyə üzün döndü yad oldun məndən,
Mən sənə neylədim, a zalım gözəl.
Düşkün oldum sənin dərdi-qəmindən,
Qoymadın dərdini az alım, gözəl.
Namərd kösöyütək əl yandırırsan,
Aşıqlar ağzında dil yandırırsan.
Şahid olsun oba, el-yandırırsan,
Duracaq üzünə mahalım, gözəl.
Daş yanır atəşə, torpaq da yanır,
Piltə külə dönür, çıraq da yanır.
Çəkirsən sümüyə, bıçaq dayanır,
Sənə xoş gəlirmi bu halım, gözəl.
Ləlidim, bu bağda qalmadın, getdin,
Unutdun, yadına salmadın, getdin.
Məni hicr əlindən almadın getdin,
Artdı həsrətindən məlalım, gözəl.
Sən yazıq Şəmşirin qəsdinə durdun,
Üzdün bu canımı, dərd ilə yordun.
Günahsız məhbusam, məhkəmə qurdun,
Tükənmədi sorğu-sualın, gözəl.
-
Abşeron
Abşeron
Gələn şair verməlidir, təzə qiymət Abşerona.
Halal olsun qurğu, büsat, bu şan, şövkət Abşerona
Yığılıbdır qardaş kimi, bizim millət Abşerona.
Qoyubdu dövlətimiz gözəl adət Abşerona.
Inqilabla xoş gəldi belə hörmət Abşerona.
Dincəlməyə çoxdu gələn, nə hesaba, sana gəlir.
Ellər təmiz hava üçün dərdinə dərmana gəlir.
Təbiblər xəstə üstünə elə bil ki, ana gəlir.
Tez sağalır, şəfa tapır quru bədən qana gəlir.
Sayasını qoyub çoxdan, loğman, əlbət, Abşerona.
Xalqlarımız bəxtiyardı, partiyanın qüdrətiylə.
Bu torpağa gələn qonaq qarşılanır hörmət ilə,
Qulaq verin hər büsatdan mən danışım cürət ilə,
Hər kəs tapır istəyini, kama çatır ləzzət ilə.
O səbəbdən bəslər hamı hüsn-rəğbət Abşerona.
Daşır, təlatüm eyləyir, “qara qızıl”ın bulağı,
Hər yan gülüstana dönüb, dövrümüzün bu şən çağı.
Istisuyun, Naftalanın aləmə çatıb sorağı.
Azərbaycan torpağının, sayılmaz sərvət, yatağı.
Axır dadlı “Badamlı”dan sanki şərbət Abşerona.
Yüz yaşasın, səd afərin bu işiqlı səhərinə.
Külüng vurur, kanal çəkir əhsən onun hünərinə.
Süd gölündə üzür hamı eli alıb nəzərinə.
Görənlər heyran qalır, Bakının simu zərinə.
Şəmşir, indi səadətdən, çatıb xələt Abşerona.
-
Adamı
Adamı
Vaxt olur bir yalan danışır insan,
Yalan ilan kimi çalır adamı.
Ancaq vaxt olur ki, bir kəlmə yalan
Düşmənin əlindən alır adamı.
Doğruların yalan gəlməz eyninə,
Niyə deyim onun qəlbi dəyinə.
Yalan söz misaldı qəm köynəyinə,
Qaratikan olur yolur adamı.
Yalan ilə beş gün saxlanan bir baş,
Yaranıb dünyaya gəlməyəydi kaş.
Şəmşiri aldatma, ürəyi sərt daş,
Yalan el gözündən salır adamı.
1967
-
Alacaqmı?
Alacaqmı?
Hüsnü gözəl, boyu goyçək,
Baxışın can alacaqmı?
Bu sitəmdən bəsdi, əl-çək,
Bizə rəhmin olacaqmı.
Qoy dolanım yar, başına,
Bax qəlbimin təlaşına.
Yenə məni atəşinə,
Xumar gözün salacaqmı?
Sənin varmı intizarın,
Söylə, kimdi vəfadarın.
Gülə oxşar yanaqların,
Görən o da solacaqmı?
Şəmşir desin eşit sözü,
Sənsən ayın, günün özü.
Yarın xumar baxan gözü,
Görən mənsiz dolacaqmı?
-
Alar Hey
Alar Hey
Sözüm bəyənilsə açar beh-bazar,
Arif olan qiymətini ala-hey.
Cavanlıqdan məskənimdi bu dağlar,
Buz bulaqlı, sıx meşəli tala-hey.
Kim üzdü torpaqdan bir qızıl gülü,
Yarısa baxtından bir qız il günü.
Bülbüllər sevmişdi bir qızıl gülü,
Açsa qonmaz yüz min nərgiz, lala hey.
Çatanda ömrünün sanı Şəmşirin,
Bir quşdu cəsəddə canı Şəmşirin.
Adı sağdı, özü hanı Şəmşirin,
Qohum, qardaş onda yada sala hey.
-
Ana
Ana
Alışıram şamlar kimi,
Düşəndə hər sözün, ana.
Yoxsa məni yetim qoydun
Bilə-bilə özün, ana.
Mənə ömür diləyirdin,
Üzümə gül ələyirdin.
Hey açırdın, bələyirdin
Çəkdin oğul nazı, ana.
Arılar tək sızıldaram,
Ana, sənsiz biqəraram.
Cüyür kimi axtararam
Bulaqlardan izin ana.
Yerdə necə dayanısan,
Daha çətin oyanısan.
Sanki dağlar tərlanısan
Murovun, Kəpəzin, ana.
Şəmşir ağlar, sərvinazdım,
Dərd üz verdi, nələr yazdım.
Yüz yaşında qocalmazdım
Mənə baxsa gözün, ana.
1968
-
Ana Yurd
Ana Yurd
Gözəl yaraşırsan qoşa bulağa,
Yetişibsən ada, sana, ana yurd.
Murovla durubsan qulaq-qulağa,
Boy çəkmisən asimana, ana yurd.
Babama babasan, atama ata,
Səndə ilham alıb çatıblar ada.
Qailəm verdiyin boyük barata,
Süd veribsən sən Qurbana, ana yurd.
Ələsgər su içdi daş bulağında,
Toy etdi Qurbanla Pilov dağında.
Arif məclisində, el yığnağında,
Qiymət çatıb gövhər-kana, ana yurd.
Boz təpənin damı moruq, qarağat,
Dərir dəmirçilər, durmur farağat.
Salırrsan sərinə çəmənli çarğat,
Bənzəyirsən gülüstana, ana yurd.
Qarmaq itirənin gülü, nərgizi,
Behbudallar yalı, Qazaxlar düzü.
Pir bulaq, qanlı yurd, görəydim sizi,
Bir çıxaydım o Çolpana, ana yurd.
Açar qanadını Qabaq qılıcı,
Gürnəş daş gözlərinin qıyğacı,
Ağdaş, Şəfi biçən, Ələm ağacı,
Vəsfin gəlməz həddə, sana, ana yurd.
Çiyələkli olur Qoçunun beli,
Ondan ayrılmamış gözəllər əli.
Aran sünbülünü səhərin yeli,
Tel kimi darayır yana, ana yurd.
Çay çəpəri, Goy qum, Səslənən qaya,
Dirənibdi sütun kimi göy çaya.
Olur bir ağ maya, çatanda yaya,
Gah bürünür boz dumana, ana yurd.
Yasəmənli Göy qum, var, yadımdadı,
Şəmşirin o yerdə qoyulub adı.
Anam səndə çox telini daradı,
Sənsən mənə şirin ana, ana yurd.
1970
-
Anam Yadıma Düşdü
Anam Yadıma Düşdü
Səhərin vaxtında uca dağlara
Gün düşəndə anam yadıma düşdü.
Qulagıma həzin bir layla səsi
Yetişəndə anam yadıma düşdü.
Çəməngül açanda Murov dağında,
Bülbül oxuyanda səbzə bağında.
Körpəcə quzular yaylım çağında
Mələşəndə, anam yadıma düşdü.
Gəldi xəyalıma analı çağlar,
Anasız sinəmə çəkilib dağlar.
Gördüm ki, dalaşır dəcəl uşaqlar,
Dilləşəndə, anam yadıma düşdü.
Balasın çağırır meşədə əlik,
Şəmşir də dinləyir əlində çəlik.
Qartal qıy vuranda, qayada kəklik
Ötüşəndə anam yadıma düşdü.
1938
-
Aralandı
Aralandı
Müxənnətin gəlişindən
Meylin məndən aralandı.
Bir zəhərli acı sözdən
Qəlbim şan-şan yaralandı.
Xəyalım düşdü dərinə,
Sən bax gətir nəzərinə.
Sinəmin ağ dəftərinə,
Qəm od saldı qaralandı.
Boyun mələk, sözün göyçək,
Dodağın gül, bənovşə tək.
Sarınıb bir vuran urək
Qılınc ilə paralandı.
Şəmşirəm, artıb fərağım,
Ziyalı çeşmi-çırağım.
Bol bostanım, barlı bağım,
Xəzan oldu uralandı.
-
Aralıdı
Aralıdı
Mən qəlbimi sənə verdim,
Sənin qəlbin qaralıdı.
Qoşa vuran ürəyimiz,
Bir azcana aralıdı.
Olmaz belə insan yazıq,
Təkcə mənəm inan-yazıq.
Atəşində yanan yazıq,
Heç demirsən haralıdı.
Dəli dağdı mənim dağım,
Kəpəz, Murovdu ovlağım.
Qarabağdan ovladığım,
Kəlbəcərin maralıdı.
Müştaq oldum şirin dilə,
Yıxma məni gülə-gülə.
Kəsdin möhnət baltasilə,
Bağrım hələ paralıdı.
Səmşir səni sevir çoxdan,
Səni var istəyir yoxdan.
Müjganların atan oxdan,
Bax gör sinəm yaralıdı.
1972
-
Arayanın
Arayanın
Dərsi varmı ustadından,
Mənim elmim arayanın.
Əli gərək təbib olsun
Sınıq könül sarayanın.
Bülbül qonar gül başına,
Mən dolanım el başına.
Görüm olsun kül başına,
Tək başını qoruyanın.
Uyma bu dünya malına,
Şəmşir, güvən iqbalına.
Bu cahanda xoş halına,
Öz baxtından yarayanın.
-
Axı
Axı
Sənin fərmanına, sənin əmrinə,
Nə desən sözünə bəliyəm, axı.
Qoca vaxtı eşqin vurub başıma,
Olmuşam divanə, dəliyəm, axı.
Cəfa çəkdim neçə ildi sənə mən,
Yetişmişəm indi ada, sana mən,
Nə zamandı yalvarıram sənə mən,
Insafın yoxdumu, ləliyəm, axı.
Şəmşir, mərdin kökü-zatı, ya nəsli,
Gəldi-keçdi sevgisindən yan Əsli
Kərəm yandı, sən də oda yan, Əsli,
Deyən olmaz qara Möliyəm, axı.
-
Ay Qara Bağlar
Ay Qara Bağlar
Qış olanda könlüm səni arzular,
Al-yaşıl çəmənlər, ay qara bağlar.
Qatı keçər zimistanda havalar,
Kəsər gədikləri ay qar a bağlar.
Ayrı düşdük iqbal belə, baxt belə,
Firqətindən qədd əyildi-bax belə.
Mən düşmüşəm gör nə günə, bax belə,
Günəş göy bürünər, ay qara bağlar.
Şəmşir sual verdi, cavab nəs aldı,
Yar don biçib öz boyuna nəs aldı.
Eşqin məni bu günlərə nə saldı,
Məcnun tək boynuma ay qara bağlar.
-
Ağdabanda
Ağdabanda
Iltimas elərəm məktub alana,
Eyləsin bu sözü car Ağdabanda.
Arif duyar, bir söz çatmaz nadana,
Dərd əhlinə eylər kar Ağdabanda.
Vurğunu olmuşam mən o diyarın,
Soyuq bulaqların, buzlu dağların.
Keçirmişəm altmış yeddi baharın,
Qış vaxtı görmüşəm qar Ağdabanda.
Məhəbbəti zövqü-səfasız olan,
Dərd üstə qəm qoyan, şəfasız olan,
Ilqarsız, imansız, vəfasız olan,
Neçə bəd illərim var Ağdabanda.
Yamanları nə şad olsun, nə gülsün,
Bilinməz sirləri qoy aləm bilsin.
Elin qəzəb əli başını bölsün,
Çəksin o da ahu zar Ağdabanda.
Şəmşirəm bu işə eli qatmıram,
O namərdin tikəsini dadmıram.
Gecə-gündüz nifrin edib yatmıram,
Məhv olsun o xain mar Ağdabanda.
-
Ağlama
Ağlama
Anam-bacım, bu milləti yaradan,
Bir gün imdadına çatar ağlama.
Filləri aparan azğın sellərin,
Nəzilər, köpüyü yatar, ağlama.
Axır su yerinə insanın qanı,
İmdada yetişən ədalət hanı,
Dövran belə qalmaz, kəsmə gümanı,
Başımda qiyamət qopar, ağlama.
Qisas qalmayacaq bu zülmkara,
Məhv olub Mənsuru çəkdirən dara,
Təbib qarşı gələr-sağalar yara,
Bu qəmli hicrandan qurtar, ağlama.
Şəmşirin qəlbində dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz.
Keçər bu zimistan, qorxma, gələr yaz,
Biz də görəcəyik bahar, ağlama.
1916
-
Ağlar
Ağlar
Öz elindən cida düşən insanın,
Can deyib yanını kim kəsər, ağlar.
Vətən deyib cənazəsi sızıldar,
Qəbrini qazanda bel, düsər, ağlar.
Ayrı salmaq bu fələkdən peşədir,
İnan, söz qanana söz əndişədir.
Qəribə toxunma-qəlbi şüşədir,
Xətrinə dəyərsən-tez küsər, ağlar.
Xəyalımda gör dolandı haralar,
Sevgilimdən uzaq düşüb aralar.
Xorryat sözü məni ox tək yaralar,
Dincəlməz gözlərim sərbəsər ağlar.
Bu misal mahalda, eldə əyandı:
Tülkü öz yerində şirdi, aslandı,
Qarğa vətənində tülək tərlandı,
İgid qürbət eldə bel bukər, ağlar.
Şəmşirin gözündə hələ var muraz,
Dolanar zimistan, qarşı gələr yaz.
Körpədir evimdə Ələsgər, Çimnaz,
Anasını gəzib dərbədər, ağlar.
1920
-
Ağlayana
Ağlayana
Nə təskinlik vertmək olar
Bala deyib ağlayana.
Necə deyim bax dünyaya,
Fələk gözün bağlayana.
Qaçmaq olmaz ölüm haqdı,
O ki haqdı, nə uzaqdı.
Çara yoxdu çatsa vaxtı,
Qəm qəlbini dağlayana.
Şəmşir yazsın sən de, bəli,
Dərd insanı edir dəli.
Bükülər atanın beli
Üz döndərsə oğlu yana.
1965
-
Aşıq
Aşıq
Bir qulaq ver danışıram gör sənə hardan, aşıq.
Halal olsan var taparsan el verən vardan, aşıq,
Özün üçün yaxşı yoldaş seç üzün ağ eyləsin
Uzaq dolan xain, xəbis mərdimazardan, aşıq.
Dost sirrini dosta demə, saxla möhkəm sirr budu.
Insanlara lazım olan namus, qeyrət bir budu.
Əhdi-vəfa, düz yol-ərkan qiblə budu pir budu,
Yeri gəlsə geri qalma namusdan, ardan, aşıq.
Bülbül kimi xoşnişan ol, xoş ətri güldən qazan,
Təriqəti, mərifəti, bir əhli-dildən qazan.
Ustaddan kamil dərsin al, hörməti eldən qazan,
Ayrılıb düşmə kənara doğru ilqardan, aşıq.
Həyalan qızdan, gəlindən, qəlbini pak saxla sən,
Təmiz ada sahibkar ol, halal ürək saxla sən.
Nəfsini haram yolda etmə həlak, saxla sən,
Haram maya acı olur, bil, zəhrimardan, aşıq.
Yar-yoldaşa xain çıxma, gəzdiyin oymağı sev,
Zəhmət ilə bağça bəslə bağbanı ol-bağı sev.
Qoy aran, dağ səni sevsin, sən aranı, dağı sev,
Eşidənlər tərifləsin səni kənardan, aşıq.
Arif, alim məclisində yaxşı, yaman seçmişəm,
Halal əmək böhrəsindən, şirin badə içmişəm.
Xalqım üçün cəfa çəkib daşqın çaylar keçmişəm,
Diksinib xof etməmişəm borandan, qardan, aşıq.
Ürəyində xof gəzdirən vəfalı dostdan olar.
Xəbis, xain, paxılların yazı zimistan olar,
Şəmşirin nəsihəti, dillərdə dastan olar.
Aşıq-adın uca tutar, uca dağlardan, aşıq.
-
Bakı
Bakı
On beş qardaş ilə qucaqlaşıbsan,
Sarsılmaz qüvvətli biləyin, Bakı.
Vuran ürəyisən bizim ellərin,
Halaldı neymətin, çörəyin, Bakı.
Sərvət ocağısan Azərbaycanın,
Hüsnünə heyrandı gözü dünyanın.
Sahibisən sən bu adın, bu sanın,
Dağlara söykənib kürəyin, Bakı.
Xəlq olunub səndə bu təməl quran,
Çoxdu uzaqlardan halını soran.
Gəlsin görüşünə behişt axtaran,
Var sənin cənnətin, mələyin Bakı.
Vardır Daşkəsənin, Milin, Muğanın,
Goy göl, Naftalanın-həkim loğmanın.
Bir də İstisuyun dərdə dərmanın,
Gün-gündən ucalır ürəyin, Bakı.
Şəmşir hər sirrinə olubdu bələd,
Artır günü-gündən elmi-təbabət.
Səndə çiçəklənir şeirlə sənət,
Yetibdir yerinə diləyin, Bakı.
-
Bakı Qızları
Bakı Qızları
Güneylər qoynunda bənövşələr tək,
Düzülüb yan-yana Bakı qızları.
Sanasan çalxanır dağlar gölündə,
Hərəsi bir sona-Bakı qızları.
Birisi Yasəmən, birisi Lala,
Biri bəzək vurub üzündə xala,
O kəsmə tellərə, gözəl camala
Qoymaz qubar qona Bakı qızları.
Günəş bizə sarı güləndən bəri,
Açılıb sinəmin şeir dəftəri.
Mənim xəyalımda bir bölük pəri,
Qalacaq nişana Bakı qızları.
Oldunuz bir yurdun səkkiz gözəli,
Yeddi gözəl olub sizdən əzəli,
Vaxt sizi yetirib meyli, məzəli,
Əhsən bu dövrana, Bakı qızları.
Sən gözələ, gözəl sözə layiqdi,
Dastan desəm qaşa, gözə layiqdi,
Şəmşirin tərifi sizə layiqdi,
Deyirəm mərdanə, Bakı qızları.
-
Barmı
Barmı
Dostum, qəmin ayağına,
Yıxılmağın nəfi varmı.
Nəzilib iynə gözünə,
Taxılmağın nəfi varmı.
Günün keçir nəşəli, xoş,
Kotanına keçməsin daş.
Tüfəng olsa xəznəsi boş,
Çaxmağın bir nəfi varmı.
Gələk işin harasına,
Dəymə qəlbim yarasına,
Yaxşı dostun arasına,
Soxulmağın nəfi varmı.
Şəmşir, ər oğlu ər kimi,
Meydana yeri nər kimi.
Yazda bişən pencər kimi,
Sıxılmağın nəfi varmı.
-
Barışmazmı
Barışmazmı
Ərk eləyib bir-birindən
Küsən dostlar barışmazmı?
Aralıqda əzəl gündən
Var etibar, barışmazmı?
Dünya varı məhəbbətdi,
Unudlsa zəlalətdi.
Dostu satan xəcalətdi,
Qohum qınar, barışmazmı?
Düz ilqarlı sadiq nökər,
Ilqarından əlmi çəkər.
Şəmşiri sən ansan əgər,
Insafı var, barışmazmı?
1930
-
Bax
Bax
Gəl, aşıq, dövrümüzün bu gözəl zamanına bax,
Günü-gündən ucalan öz adına, sanına bax,
Firavan yaşayışa, xalqımın dövranına bax.
Doğru, düz ürəklərin indi halal qanına bax,
Bizim Sovet ölkəsinin fədakar insanına bax.
Bu ellərin bayramısan, şadlığa gəl, Oktyabr,
Sən yaratdın əsrimizdə nurlu əməl, Oktyabr,
Əbədilik el bayramı can, a gözəl, Oktyabr,
Xalqa səadət gətirən sənsən əzəl, Oktyabr,
Ellərə xoş həyat verən Leninin cahanına bax.
Biri-birindən xoş gəlir aylar bizə, illər bizə,
Alan zəhmət bəhrəsini, köməkdi mərd əllər bizə,
Bizdə var millət birliyi dost, qardaşdı ellər bizə,
Bəxtimizin tərəqqisi açıb qızıl güllər bizə,
Bu gün böyük partiyanın bağına, bağbanına bax.
Ürəkləri birgə vuran, aşiqəm on beş qardaşa.
Xam torpağı gülzar edən, yollar salan dağa-daşa.
Hər nəyə ki qol qoyuruq öz vaxtında çatır başa.
Hər işimiz, hər qurğumuz günə, aya gedir qoşa.
Belə ədalət dövlətin mötəbər planına bax.
Elmimizin hünərindən, qüvvətdən, qüdrətdən deyim,
Kəndliyə, şəhərlıyə olunan hörmətdən deyim,
Şəmşirəm, indi sizə elmi-təbabətdən deyim,
Azar-bazar uzaq düşüb bütün camaatdan, deyim,
Insana təzə can verən alimin dərmanına bax.