Mərkəzin nəzdində yaradılmış Aşıq Şəmşirin xatirə muzeyində isə Miskin Abdaldan başlayıb Dədə Şəmşirin nəvələri ilə davam edən böyük aşıq nəsli ilə bilavasitə bağlı materiallar təqdim olunur. Muzey eyni zamanda Azərbaycan aşıq sənəti, o cümlədən peşəkar bəstəkarlıq məktəbi nümunələrinin qorunub saxlanmasını və inkişaf ənənəsini nümayiş etdirir. Muzey ekspozisiyasında Azərbaycan Aşıq sənətinin tarixi, qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər, şəxsi əşyalar, sənədlərlə tanış olmağa və aşıq musiqisini dinləməyə imkan yaradılıb.