(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Murovun

    Murovun

    Çoxdu payım, yoxdu əskik gərəyim,

    Qoşqar girib dayağına Murovun.

    Sevinir, ucalır, gülür ürəyim,

    Kəpəz çökub ayağına Murovun.

     

    Səhərin şehi tək yarpağındayam,

    Şirin kəlməsiyəm dodağındayam.

    Mən onun tifliyəm-budağındayam,

    Sinilmişəm qucağında Murovun.

     

    Yayda heyran edir hüsnünə ərşi,

    Ülkər məclisilə olur görüşü.

    Döşənir baharın çəmənli fərşi,

    Gələn əziz qonağına Murovun.

     

    Mənim atam, anam, qardaşım, bacım,

    Cənnətim, behiştim, şöhrətim, tacım.

    Əgər oxşatmasam yoxdu əlacım,

    Ağ buludlu papağına Murovun.

     

    Yazalıb taleyin ağ qələmindən,

    Aran dövlətindən, dağ qələmindən,

    Təbiət hökmünün sağ qələmindən,

    Xal çəkilib yanağına Murovun.

     

    Küləkdən, tufandan eləmir xətər,

    Gəlməmiş onun tək qorxusuz heç ər.

    Bir dəliqanlıdır bu nər oğlu, nər,

    Çıxan olmaz qabağına Murovun.

     

    Yayda xəstə üçün saxlayır qarı,

    Ərimir, azalmır buzluq anbarı.

    Beş ay yaylamağa Kür obaları,

    Gəlir ellər yaylağına Murovun.

     

    Gözəl yaylaq hər məhsulu yay verir,

    Qarabağa çay axıdır, pay verir.

    Arı sızıldayır, çiçək hay verir,

    Bal süzülür dodağına Murovun.

     

    Bağlıdı varlığım, ürəyim dağa,

    Salmasın nəzərdən məni irağa.

    Bənövşə, nərgizi eyləyib sırğa,

    Bahar asır qulağına Murovun.

     

    Qoy səndən düşməsin kənar məzarım,

    Düşsə vətənini anar məzarım.

    Alışar məzarım, yanar məzarım,

    Qarışmasa torpağına Murovun.

     

    Şəmşiri qoynunda firavan saxlar,

    Qurbanı olduğum bu ana dağlar,

    Əzəllərdən abi-həyat deyən var,

    Sərin, soyuq bulağına Murovun.

  • Mübarək Olsun

    Mübarək Olsun

    Bu təzə illərin, təzə günlərin,

    Bu bahar bayramı mübarək olsun.

    Bu bayramda üzü gülür ellərin,

    Yazın gözəl namı mübarək olsun.

     

    Qədim zamanədən bu darat vaxtı,

    Ellər bağçasında güllər açardı.

    Hər cismə can verən nazlı bahardı,

    Qurğusu nizamı, mübarək olsun.

     

    Qoy olsun dərdi-qəm üzündən haşa,

    Bayram da tarixlə yaşasın qoşa.

    Nizamı, növrağı yetişsin başa,

    Əziz ehtiramı mübarək olsun.

     

    Nabatat yuxudan oyanır indi,

    Günəş tamaşaya dayanır indi.

    Aləm al-yaşıla boyanır indi,

    Fəslin sərəncamı mübarək olsun.

     

    Qış düşür taxtından, küsür zimistan,

    Baxıb məmnun olur, sevinir insan.

    Bir sovqat göndərir yerə asiman,

    Belə xoş məqamı mübarək olsun.

     

    Armud düymə tökür, almalar çiçək,

    Xəyal qanadlanır, çırpışır ürək.

    Al-yaşıl bəzəkli cənnət bağı tək,

    Şəmşir, söz tamamı mübarək olsun.

  • Mən

    Mən

    Mən bir sızqayamsa, atamdı dərya,

    Həmin o dəryanın adasıyam mən.

    Onun şeri bənzər daşqın bir çaya,

    Payıma nə düşsə dadasıyam mən.

     

    Necəki gecənin olur sabahı,

    Mən də bu varlığa ümidəm dahı.

    Atmışam möhnəti, çəkmirəm ahı,

    Qeyrətli oğul, qız atasıyam mən.

     

    Şəmşirəm, gözlədim adı, sanımı,

    Haram olan pak saxladım canımı.

    El qanından ayırmaram qanımı,

    Axsa, el qanına qatasıyam mən.

    1943

  • Mən Oldum

    Mən Oldum

    Oduna yandığım otuz beş ildir,

    Dərdindən didəsi giryan mən oldum.

    Məcnun kimi qəm zənciri boynunda,

    Gəzən səhralarda üryan mən oldum.

     

    Fərhad verdi canın şirin adına

    Yar yarını belə salar yadına?

    Kərəm necə yandı Əsli oduna,

    Sənin də oduna yanan mən oldum.

     

    Meylimin sazını çala bilmədin,

    Yalvardım, yanımda qala bilmədin.

    Görən deyər sevdin, ala bilmədin,

    Xalq içində rüsva, inan, mən oldum.

     

    Günüm ildir, hər dəqiqəm ay mənim,

    Firqətindən ömrüm oldu zay mənim.

    Şəmşir deyir: gəl dərdimi say mənim,

    Eşqində çox çəkən ziyan mən oldum.

  • Mən də

    Mən də

    Ölməmiş olsaydı babamız Adəm,

    Ömrümə bir kağız alardım mən də.

    Qırx il xilqətimə yağmasaydı qəm,

    Özümə min yuva salardım mən də.

     

    Deyirlər zülməti gəzib İskəndər,

    Qayıdıb çatmayıb mülkünə qədər.

    Dirilik suyundan içsəydim əgər,

    Xızr kimi cavan qalardım mən də.

     

    Ovçu gərək xədəngini mərd ata,

    Şəmşir, səni halal əkib mərd ata.

    Görsəydim ki, suvar olub mərd ata,

    Qapısında nökər olardım mən də.

  • Məndil

    Məndil

    Bahar sənə gəldi qonaq,

    Əridir buz, qarı Məndil.

    Al geyinib üzü yenə,

    Gülür bizə sarı Məndil.

     

    Doymam çoban tütəyindən,

    Göy meşəli ətəyindən.

    Yay olanda çiçəyindən

    Şirə çəkir arı, Məndil.

     

    Səndən almasa qüvvəti,

    Coşmaz könül məhəbbəti.

    Saxlayarsan mal-dövləti,

    Çox cəlalı, varı, Məndil.

     

    Nərgizində var yaraşıq,

    Aç qolunu biz sirdaşıq,

    Səndən ayrı düşən aşıq

    Çəkər ahu zarı, Məndil.

     

    Yağış yağıb sel gələndə,

    Dost əlində gül gələndə,

    Şəmşiri sən el gələndə

    Bir yada sal barı, Məndil.

  • Məndən

    Məndən

    Dərdbilən, möhtərəm, istəkli qardaş,

    Gəlirmi guşinə naralar* məndən?

    Qəmli sənətkaram, divanəsərəm,

    Nədən qurtarmadı yaralar məndən?

     

    Bad ilə keçərmi yanan bir çıraq,

    Faydasızdı bitməz işə ağlamaq.

    Geşt eləyir xəyalımda aran-dağ,

    Danışır meylimdə haralar məndən...

     

    Şəmşir sözü dosta qalır yadigar,

    Dərdimi arifə eylədim nisar,

    Yoxdu ömrə, ya dövrana etibar

    Qorxuram sizi də alalar məndən.

     

    1915

    *naralar-nərələr mənasında

  • Məni

    Məni

    Olmadı qismətim ata-anadan,

    Gəzmədi ya bibi ya xala məni.

    Ürəyimi yaralama, a nadan,

    Az yapış sinəmdən, yaxala məni.

     

    Qoy işləsin, nə çərximi dayandır,

    Əlin saxla, insaf elə, dayan, dur,

    Ya rəhmə gəl, yandırırsan da yandır,

    Alışdır odlara, yax ala məni.

     

    Nə gözəldi bu dağlarda mənzərə,

    Ver naməni sizin mələk Mənzərə.

    Sərrafısan, müştəri ol, mən zərə,

    Sal qızıl teştinə, yaxala məni.

     

    Yollarında var uçurum, yarğanım,

    Söylə nədir sənin meyli, yar, qanım.

    Müjkanınla az axıtsan, yar, qanım,

    Həna et ya ələ, ya xala, məni.

     

    Şəmşirəm, sevirəm mərdi, mən əri,

    Gözləyirəm namus, qeyrət, mən arı,

    Sən çiçəkdə şirin əsəl, mən arı,

    Qondur yanağına, ya xala məni.

  • Məni

    Məni

    Usanmışam öz canımdan,

    Qəm veribdi, bada məni.

    Yaralandım ayağımdan,

    Saldı yanar oda məni.

     

    Tez qocaldır qəm insanı,

    Çağırma həkim, loğmanı.

    Çatdırdı çərxin dövranı,

    Bir pak, təmiz ada məni.

     

    Şəmşir çəkir nə cəfadır,

    Bir gorüşmək min səfadır.

    O yar necə bivəfadır

    Daha salmır yada məni.

    1963

  • Məni

    Məni

    Cəfakeşəm səkkiz aydı,

    Yorub uzaq yollar məni.

    Qış dolanıb, indi yaydı,

    Xəstə salma illər, məni.

     

    Bahar gəlib işrət çağlı,

    Güllər açıb yaşıl, ağlı.

    Qarabağlı, istər dağlı

    Unutmasın ellər məni...

     

    Dağlar, sənsən etibarlı,

    Döşü çiçək, başı qarlı.

    Yaylaqları çəmənzarlı

    Heyran edib xallar məni.

     

    Buludları şimşək çaxır,

    Buz bulaqlar daşqın axır.

    Gözüm ona heyran baxır,

    Ağladır bu hallar məni.

     

    Murov, Qızılarxacında,

    Nəğmə gördüm turacında.

    Çox gəzdim yal-yamacında,

    Qonaq dilər çöllər məni.

     

    Şəmşir gəlib bir gün gedər,

    Həyat baqi, insan hədər.

    Öz sevgilim fəğan edər,

    Yada salar güllər məni.

  • Məni

    Məni

    Anasız balanın kim çəkər nazın,

    Vaxtsız yetim qoydu bu xalıq məni.

    Soruşursan: aşıq, nədən qocaldın,

    Uşaqkən qocaltdı analıq məni.

     

    Çox giley eşitdim qapı dalından,

    Kim xəbər tutardı yetim halından.

    Bəlalar üzündən, qəm zavalından,

    Həmin gün tapdı qocalıq məni.

     

    Şəmşirəm, neçə il qoyun otardım,

    Bacardıqça yaxşı işlər tutardım.

    Qıysam, özüm dəryalara atardım,

    Kamına çəkərdi bir balıq məni.

    1917

  • Məni

    Məni

    Yayın ortasında, ləinin sözü

    Qışın buzu kimi dondurur məni.

    Sanki tufan kimi, doğrusu, düzü,

    Acı nəfəsilə söndürür məni.

     

    Saqın, bivəfanın üzündən, haşa,

    Mərdlərin oxunu yönəltdi daşa.

    Danışır, fikrini düşmürəm başa,

    Ya indi tərsinə qandırır məni.

     

    Çətindən çətindir bülbülə qəfəs,

    Şair nəfəsidi ondakı nəfəs.

    Zər qədrini bilər arif olan kəs.

    Sözüm düşən yerdə andırır məni.

     

    Lütfündən rəncidə olsa bir xilqət,

    O necə qazanar məhəbbət, hörmət.

    Şeytana, xəbisə, xainə lənət,

    Mən haqq aşiqiyəm dandırır məni.

     

    Şəmşir, biilqarda mürüvvət hanı,

    Unudur insafı, atır vicdanı.

    Naşının əlinə verib baltanı

    Şana, kürək edib yondurur məni.

    1919

  • Məni

    Məni

    Sən kəskin nəfəsli bir duaxansan,

    Qoyma hicran əli yıxanda məni.

    Aramızdan azalmasın istəklik,

    Tut, qəmlər selində axanda məni.

     

    Anam yox, ölsəm də sən demə layla,

    Yaylaq sənin olsun çəməndə yayla.

    Mərdləri imdada səslə, harayla,

    Bu möhnət yandırıb yaxanda məni.

     

    Atadan, anadan olubsan halal,

    Eyninə gəlmədi nə cah, nə cəlal.

    Vəfalı yar, barı hərdən yada sal,

    Səfalı dağlara çıxanda məni.

     

    Baharın çağında açanda lalə,

    Gözəlim, qıymaram çəkəsən nalə.

    Nəzər sal Buzluğa, gətir xəyalə,

    Çiçəkli boyuna baxanda məni.

     

    Şəmşir, nainsafda etibar hanı,

    Karvan keçdi, yoldaş hanı, yar hanı.

    Murovdan xəbər al; sənətkar hanı,

    Döşünə bənövşə taxanda məni.

    1970

  • Məni

    Məni

    Səksəni keçirəm doxsana sarı,

    Çox üşüdür boran məni, buz məni.

    Sizin kimi qanadlanıb uçardım,

    Quşlar, əgər götürsəniz siz məni.

     

    Gəzdim Qarabağı can deyə-deyə

    Gün keçirdim, axır yetdim ərsəyə,

    Ziyanım dəyməyib heç bir kimsəyə,

    Hamı bilir etibara düz məni.

     

    Xilqətim düzgündü, düzlə də varam,

    Halal süd əmmişəm deyiləm haram.

    Elin aşığıyam-pak sənətkaram,

    Çəkibdilər imtahana yüz məni.

     

    Sınıq qəlbi tikib-quran yaxşıdı,

    Yaman gündə kömək duran yaxşıdı.

    Zimistanda dağdan aran yaxşıdı,

    Vəfalısan, axtar, ara, gəz məni.

     

    Günüm keçir, nurlu gəlib sabahım,

    Bu torpaqdı elim, günüm, pənahım.

    Bu sən, bu mən, nədir axı günahım,

    Namərd, bəsdi, az qıyğacı süz məni.

     

    Şəmşirəm dağlarda ucalıb səsim,

    Qocalıq arana saldı həvəsim.

    Xalqımın alqışı bəsimdir bəsim,

    Heyif ki, qocalıq tapdı tez məni.

  • Məni

    Məni

    Səxavət, məhəbbət, rəhmi-mürüvvət,

    Sizin tək dünyaya yayalar məni.

    Deyirlər o qədər gözəldi “cənnət”,

    Kənardan baxmağa qoyalar məni.

     

    Düşər anaların bala yadına,

    Yaylaqların çəmən, lala yadına

    Mən öləndə keşkə* sala yadına,

    Vurğunu olduğum mayalar məni.

     

    Yazda çiçəklənən meyvəli bağlar,

    Desən Şəmşir hanı, bülbüllər ağlar,

    Moruqlu quzeylər, səfalı dağlar,

    Unutmaz səs verən qayalar məni.

     

    _________________________

    * Kaş ki mənasındadır.

  • Mənim

    Mənim

    Məni dərdə salan ruhi-rəanım,

    Gözəlim, goyçəyim, mələyim mənim.

    Sevgili dildarım, canım, cananım,

    Qüdrətim, quvvətim, biləyim mənim.

     

    Ey şanım, şövkətim, cahım, cəlalım,

    Taleyim, xoş günüm, baxtım, iqbalım.

    Ulusum, əqrəbam, elim, mahalım,

    Köməyim, kürəyim, gərəyim mənim.

     

    Şəmşirəm istəyim, arzum, murazım,

    Külli saədətim, baharım, yazım.

    Eşqim məhəbbətim, gözəl Şahbazım,

    Cəsədim, bədənim, ürəyim mənim.

  • Mənim

    Mənim

    Gəl başına dönüm, gəlin,

    Halım yaman haldı, mənim.

    Dörd-beş ayı keçdi ilin,

    Gözüm yolda qaldı mənim.

    Didarımdan sellər axar,

    Ürəyimi oda yaxar,

    Ağ üzünə kimlər baxar

    Canımı dərd aldı mənim.

     

    Yanılmışam oxuşumu,

    Çıxammıram yoxuşumu,

    Gözlərinə baxışımı,

    Fələk ayrı saldı mənim.

     

    Sirr sözümü sənə açım,

    Hicr əlindən hara qaçım,

    Həsrətindən üzüm, başım,

    Qara saçım çaldı, mənim.

     

    Şəmşirə istəkli gülüm,

    Əhvalını desən bilim.

    Bülbül kimi ötən dilim

    Elə bil ki, qaldı mənim.

    1972

  • Mənim

    Mənim

    Dostum Paşa, deyim sənə,

    Belə keçdi işim mənim.

    Yolum düşsə Salahlıya,

    Olarsan yoldaşım mənim.

     

    Bu nə səfər, bu nə yoldu,

    Xəzan əsdi, gülüm soldu.

    Getdi Vurğun, gəlməz oldu,

    Çaşdı əqlim, huşum mənim.

     

    Yol gözlədim: şair gələ,

    Gözlərindən gülə-gülə,

    Vədə verdi bizim elə,

    Gəlmədi qardaşım mənim.

     

    Özü getdi, adı sağdı,

    Dərdi-qəmi mənə dağdı.

    Hava ayaz, dolu yağdı,

    Yaya düşdü qışım mənim.

     

    Sən arifsən sözüm ara,

    Müşkül işə hanı çara.

    Şəmşir, əldən uçdu hara

    Tulək-tərlan  quşum mənim.

  • Mənim

    Mənim

    Min səkkiz yüz doxsan üçdə anadan

    Olmuşam, bu qədər yaşım var mənim.

    Murov, Qoşqar, Kəpəz, Çilgəz, Dəli dağ,

    Məskənim olubdu bu dağlar mənim.

     

    Yaylaqda yayladım çobanlarınan,

    Gün keçirdim namus, qeyrət, arınan.

    Dolandım ellərdə etibarınan,

    Dedilər adıma baxtavar mənim.

     

    Sinəmdə köhnədən yara qalıbdı,

    Sözüm, şeirim bu dağlara qalıbdı.

    Ayağım dəyməmiş hara qalbdı,

    Itirməz izimi bu diyar mənim.

     

    Şəmşir qocalsa da sözü təzədi,

    Bahar gəldi dünyamızı bəzədi.

    Dövranım eyş ilə meydi, məzədi,

    Qəlbimdə qalmamış intizar mənim.

    1955

  • Mənim

    Mənim

    Qaşları qələmim, şirin kəlamım,

    Sənsən bir sevgili gözəlim mənim.

    Həm canım, cahanım, güllü aləmim,

    Olaydın axırım, əzəlim mənim.

     

    Qayada kəkliyim, düzdə ceyranım,

    Murovum, Qoşqarım, dağım, aranım.

    Şonqarım, şahbazım, tülək tərlanım,

    Qəlbimdə növrəstə təzəlim mənim.

     

    Şərəfim, izzətim, gülbərgitərim,

    Kövkəbim, mehrabım, mahım, ülkərim,

    Ağzı beçə ballı, dili şəkərim,

    Ləbləri şirinim, təzəlim mənim.

     

    Eşqim, məhəbbətim, arzum, diləyim,

    Behiştim, cənnətim, huri-mələyim.

    Məqsədim, məramım, ruhum, ürəyim,

    Öz cismim, öz canım, öz əlim mənim.

     

    Taleyim, dövranım, eyşim, ləzzətim,

    Şəmşirəm, səndədir xətir, hörmətim.

    Dilimdə əzbərim, sozüm, sohbətim,

    Saf təbim, pak şeirim, qəzəlim mənim.

  • Mənim Dərdim

    Mənim Dərdim

    Qoy dəyməsin bir insana,

    Mənim dərdim, mənim dərdim.

    Yetiribdi məni cana,

    Mənim dərdim, mənim dərdim.

     

    Hədər gəldim bu dünyaya,

    Hicran çəkdim günə, aya,

    Həddən aşıb, gəlmir saya,

    Mənim dərdim, mənim dərdim.

     

    Getdi əldən ata, ana,

    Dolandım, gəzdim əfsana.

    Niyə çatmır bir dərmana,

    Mənim dərdim, mənim dərdim.

     

    Dil tərpətdim qəmli dindi,

    Yaralarım çoxdu indi.

    Gəl soruşma yüzdü, mindi,

    Mənim dərdim, mənim dərdim.

     

    Çox çətindi bala dağı,

    Nə tez soldu könlüm bağı.

    Bilin budu sözün sağı,

    Mənim dərdim, mənim dərdim.

     

    Şəmşir, sənin qəlbin təmiz,

    Haram yola salmadın iz.

    Söylədim nədi, bildiniz,

    Mənim dərdim, mənim dərdim.

  • Mənim Kimi

    Mənim Kimi

    Səksən yaşa çatmış hanı bir aşıq,

    Deyirmi özündən söz mənim kimi.

    Sualçıya cavab versə adaşıq,

    Hazırmı suala tez mənim kimi.

     

     

     

    Aşığın lazımdı düz məhəbbəti,

    Hər eldə, obada ola hörməti.

    Sərvi-sənubər tək qəddi, qaməti,

    Varmı bir siması düz mənim kimi.

     

    Əsir Dağıstanın yeli Qoşqara,

    Yolum çox düşübdü, bəli, Qoşqara,

    Kəpəzə, Murova, Dəli Qoşqara,

    Salar şagirdlərim iz mənim kimi.

     

    Şəmşir bu dövrandan olmadı küskün,

    Ustadım Qurbandı-babası Miskin.

    Qolum qüvvətlidir, qılıncım kəskin,

    Siz də olun tiği-tiz mənim kimi.

  • Mənim Tək

    Mənim Tək

    Leyli deyin dağı dolandı Məcnun,

    Yazıq Kərəm yandı oda mənim tək.

    Olur Şahbazımın möhnəti əfsun,

    Hicran çəkir indi o da mənim tək.

     

    Şair, sən görəndə de qələm-qaşa,

    Hər gizli sirrimi o düşər başa.

    Pərvanələr təki yanan atəşə,

    Görən varmı bu dünyada mənim tək.

     

    Rəvadırmı həsrətindən bükülüm,

    Xəzan vuran yarpaq kimi tökülüm.

    Şəmşir deyir sən də məni, a gülüm,

    Salırsanmı gündə yada mənim tək.

    1972

  • Mənə Nişanə

    Mənə Nişanə

    Babamdan nəsihət

     

    Yüz qırx bir yaşında ölən babamdan

    Bu söz yadigardı mənə, nişana.

    Onun nəsihəti çıxmaz yadımdan

    Gəzir xəyalımda getsəm hayana.

     

    O kamallı babam belə demişdi,

    Bel bağla, arxa ol elə demişdi.

    Yaranmışa qurma tələ, demişdi,

    Tələ quran duşməlidir zindana

     

    Xəbərsiz ovlamaz şir səs verməmiş,

    Sən də şir kimi ol atalar demiş.

    Halal süd əmənlər görməz naqis iş,

    Zərəri, ziyanı dəyməz insana.

     

    Mərdimazar ucalmaz heç ölkədə,

    Xəsislikdi sonrası da, ilki də.

    Toyuq turmaq bir qaydadır tülküdə,

    Lənət nanəcibə, bicə, şeytana.

     

    Əmək sevən zəhmət çəkər, qol açar,

    Xain, kəzzab günü gündən alçalar.

    Qurbağalar "yaz toyunu" bol çalar,

    Qış düşəndə düşüb ölər borana.

     

     

    Övlad getməlidir ata dalınca,

    Cəsədində damla qanı qalınca.

    Şəmşir inanmışdı öz kamalınca,

    Şən ölkəmiz gərək nura boyana.

    1941

  • Mərd

    Mərd

    Mənim bu müşkül dərdimə kim dözüb dayana mərd,

    Qəvvas kimi qərq olmuşam

    dəryayi-ümmana mərd,

    Bir kimsənəm yoxdu desin, ərzimi cananıma,

    Birbəbir bu dərdimi söyləsin loğmana, mərd.

     

    Yar gərək yardan ötrü ah çəkib, dad eyləsin,

    Mərd gərək meydan içində özüçün ad eyləsin,

    Saillərə bəxşiş edib, qəmgini şad eyləsin,

    Dost gərəkdi dost yolunda baş verə mərdana-mərd.

     

    Firqətindən mən olmuşam bir dəli-divanı tək,

    Həsrətindən didələrim yaş tökür leysanı, tək.

    Qəbul eylə bu gün məni, İsmayıl qurbanı tək,

    Hazıram yüz şövqilə olmağa qurbana mərd.

     

    Mərdi səndən ayrı salmam, razısan niyaz ilə,

    Durmuşam qulluğunda ehtiram, avaz ilə,

    Mən sənə qurban gəlmişəm,

    kəs başım almaz ilə,

    Qoy desinlər: barı verdim: canımı canana mərd.

     

    Qüvvətinə əhsən olsun, sən böləndə əntəri,

    Zülfüqara bəlgə oldu Cəbrayılın şahpəri,

    Sıtqı-dildən çağırıram şiri-yəzdən Heydəri,

    Düldülü mərd, Qənbəri mərd-

    girəndə meydana mərd.

     

    Qurban deyir: yandı ürək, qalmayıbdı taqətim,

    Sevgilim, çıx aşikara, eyləyim ziyarətim,

    Sən veribsən təbi mənə, halal paydan qismətim,

    Tarixlərdə söylənəcək - qalacaq nişana mərd.