(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Gərəkdi

    Gərəkdi

    Istəmirəm özgə bağın barını,

    Mənə öz bağımın barı gərəkdi.

    Gəzmirəm xərabə bayquşlarını,

    Bülbülümün xoş göftarı gərəkdi.

     

    Söz batmaz beyninə hər ağlı azın,

    Inanma sözünə sən kələkbazın.

    Istəsən taledən çatar murazın,

    Igidin bir halal yarı gərəkdi.

     

    Insan gərək qəm yuxusu yatmaya,

    Mayasına zərrə haram qatmaya.

    Ölənədək həmdəmini satmaya,

    Pak ürəyi, etibarı gərəkdi.

     

    Qaydadı bürc olur qala başında,

    Şəmşir, namərdin od qala başında.

    Oxuya şerimi, qala başında,

    Sözün, şerin xiridarı gərəkdi.

  • Gətirdim

    Gətirdim

    Sidq ürəklə ellərimin dilincə,

    Elin salamını sizə gətirdim.

    Gözümdəki, könlümdəki vüsalı,

    Hicranına dözə-dözə gətirdim.

     

    Taleyin, iqbalın sənə yar olsun,

    Bu təbib əllərin daim var olsun.

    Qoy yazım dünyada yadigar olsun,

    Vəsfinizi şirin sözə gətirdim.

     

    Könlümün tərlanı hey çalır pəri,

    Şəfalı əlini görəndən bəri,

    Açılıb sinəmin şeir dəftəri

    Nəğməmi təbibə təzə gətirdim

     

    Gülməzdi üzümə həmişə dərdim,

    Dağılıb qəm, qüssə, əndişə, dərdim.

    Dağların döşündən bənövşə dərdim,

    Piltan qatıb gül, nərgizə gətirdim.

     

    Mın şəfa dilədim baxtı kəskindən,

    Azadam, çıxmışam keçən pis gündən.

    Şairlik nurunu babam Miskindən,

    Qurbandan yadigar üzə gətirdim.

     

    Şəmşirin gur təbi Vətənsiz dinməz,

    Hansı ata balasına can deməz.

    Bir az bundan qabaq Kəpəzdən enməz

    Murov ceyranını düzə gətirdim.

  • Hanı

    Hanı

    Soyuqdan, istidən saxlanan canın,

    Quru yerdi axır bir gün məkanı.

    Əzəldən qaydası budur dünyanın,

    Gah yazı çağırır, gah zimistanı.

     

    Nə vaxtdan bəridi məsəldir elə,

    Fələyin sirrini bilən yox hələ.

    Biri hammal olur götürür şələ,

    Biri bol qazanır ruzunu, nanı.

     

    Çox olur səxasız nainsafda var,

    Dövləti artdıqca olar tamahkar.

    Məətələm qərarına, ruzigar,

    Ucaldırsan, alçaldırsan insanı.

     

    Yarpaq ki saraldı, yetişib vaxtı,

    Şəmşir çox da demə ölüm uzaqdı.

    Tarac oldu necə şahların taxtı,

    Hanı yer üzünün xanı, xaqanı?

  • Hanı?

    Hanı?

    Sualıma bir cavab ver, dünya, səndə kar hanı,

    Gizlin işin olsun aydın söylə aşikar, hanı.

    Neçə-neçə arifləri incidib saldın yola,

    Əhdi-peyman bağlamışdıq, verdiyin ilqar hanı?

     

    Nə Firdovsi, nə Xaqani, nə də Cami qalmadı,

    Nə Nizami, nə Füzuli-söndü şamı qalmadı.

    Yoxsa ömür düşdü tamdan-ağız tamı qalmadı,

    Dövranını tutub duran insabi-əhrar hanı?

     

    Bir tərəfdən boşalanda bir tərəfdən doldurur,

    Bir tətəfdən lalə açır, bir tərəfdən soldurur,

    Bir tərəfdən hey yaradır, bir tərəfdən öldürür,

    Çərxi-dövran, sənin kimi könlü, gözü dar hanı.

     

    Axır səndə kim qalacaq, səxavətin kəm belə,

    Ayırıb dostu-dostundan eylədin sitəm belə.

    Şəmşir də tapa bilmədi dərdinə əncam belə

    Öz sevgilim gəzər məni-deyər sənətkar hanı?

    1915

  • Havasındadı

    Havasındadı

    Məcnun kimi Leyli deyib səslərəm,

    Qoca könül eşqin havasındadı.

    Dövranını saf, firavan istərəm,

    Ana balasının yuvasındadı.

     

    Ovsunçuyam qoy əlimə mar alım,

    Zənbur kimi ləblərindən mar alım.

    Bir alagöz sərxoş baxış maralım,

    Qaçıb, Kəlbəcərin obasındadı.

     

    Şəmşir, bəsdi az sinənə odu düz,

    Odu dağlar, odu səhra, odu düz.

    Budu doğru, odu halal, odu düz,

    Bu doğruluq ata-babasındadı.

    1972

  • Heydərin

    Heydərin

    Möhürlə yazılıb xalqın qəlbinə,
    Silinməz tarixdən adı Heydərin.
    Qəhrəman ellərdən alıb dərsini,
    Belə böyük var ustadı Heydərin.

    Sədarət daşını bu yerdən atıb,
    Nurla məhəbbəti bir-birə qatıb.
    Ötüb beş milyonu,altıya çatıb,
    Oğlu-qızı—öz övladı Heydərin.

    Edir naxələfin ömrünü təbah,
    Gülür xalqın üzü, daha çəkmir ah.
    Qaranlıq gecəni eyləyib sabah,
    Şəmşir, bizə var imdadı Heydərin.

  • Heyif

    Heyif

    Anadan olanda açıldı gözüm,

    Ağladım, gülmədim cahana, heyif.

    Arifə nə yazım, qurtardı sözüm,

    Mənə cəfa çəkib bir ana, heyif.

     

    Dünyanın dövləti, varı, əmlakı,

    Onlardan qəlbimin yoxdu heç pakı.

    Hökm dünyanındı məndə nə var ki,

    Yaxşılar yetişir yamana heyif.

     

    Bəhlul qarğı minib, Koroğlu Qırat,

    Rüstəmi-Zala da halaldı barat.

    Şirinin yolunda fədakar Fərhad,

    Əzib öz başını əfsana, heyif.

     

    Qəm sıxır qəlbimi nədir günahım,

    Göylərə ucalıb, bil, yerdən ahım.

    Mənim bu serim, qalan mətahım,

    Qanana halaldı, nadana heyif.

     

    Yasəmən demişəm yemşan çöpünə,

    Ətəyə ilişən tikan çöpünə.

    Dəryada əl atdım saman çöpünə,

    Məni qərq elədi ümmana, heyif.

     

    Xəzan vuran bülbül güldən ayrılar,

    Şirin söhbət şirin dildən ayrılar.

    Şəmşir bir gün evdən, eldən ayrılar,

    Yola salar çərxi-zamana heyif.

    1941

  • Hələ

    Hələ

    Zalım əcəl gəlib döymə qapımı,

    Mətləbim, muradım dolmamış hələ.

    Cismi-canı mənə verən kimsənə,

    Əlimdən əlacım almamış hələ.

     

    Ağ günümü qaralama təzədən,

    Məni dostdan aralama təzədən.

    Yaralıyam, yaralama təzədən,

    Təbiblər bir əlac qılmamış hələ.

     

     

    Bədənim titrəyir, yaman haldadı,

    İndi əğniyalar şad xəyaldadı,

    Kəsmə nəfəsimi gözüm yoldadı,

    İstəkli qəmbərim gəlməmiş hələ.

     

    Şəmşirəm dost üçün bir candı varım,

    Cananım ağlayar, yoxdu qərarım,

    Körpə Şəhriyarım, Hacım, Vüqarım,

    İlqarım üzümə gəlməmiş hələ.

    1960

  • Həyat Yoldaşıma

    Həyat Yoldaşıma

    Sən ey güldən gözəl, alagöz pərim,

    Gözlərin cənnəti-rizvana dəyər,

    Mənim fikrim, zikrim, dildə əzbərim,

    Bir tərifin neçə dastana dəyər.

     

    Yanağın günəşdi, hilaldı qaşın,

    Şad olsun, sevinsin qohum-qardaşın.

    Oynasın iqbalın, ucalsın başın,

    Bu səddi-sorağın asmana bənzər.

     

    Xilqətin səadət, vücudun bir nur,

    Qəddi-qamətində tapılmaz qüsur.

    Sənəmlər içində hamıdan məğrur,

    Hüsnünün ziyası cahana dəyər.

     

    Mənim ürəyimdə yuva salıbsan,

    Xəyalımda təzə, qonça qalıbsan.

    Şəmşirə sən demə çox qocalıbsan,

    Bu mərd qoca əlli cavana dəyər.

  • Keçdi

    Keçdi

    Candan artıq istəyirdim

    Xatirimə dəydi keçdi.

    Mənim o şümşad qəddimi

    Yaylar kimi əydi keçdi.

     

    Bir tərlandı bu həyatda,

    Yandırdı cismimi odda,

    Bir söz dedi zarafatda,

    Elə bildim söydü keçdi.

     

    Ta Şəmşirdən dönüb üzü,

    Baş tapmadım ondan, düzü,

    Qəlbimizi, səbrimizi,

    Kəsdi, naçar qoydu getdi.

  • Kimi

    Kimi

    Namərd sənin qulluğunda qul olar,

    Öz işi düzəlib-bitənə kimi;

    Irişə-irişə üzünə gülər

    Əli bir nəfərə çatana kimi.

     

    Dostunu tanımaz nadan, sərsəri,

    Bu, elin sözüdür nə vaxtdan bəri.

    Qoy sellər aparsın nanəcibləri

    Bax dalınca gözdən itənə kimi.

     

    Xoryatın ox sözü qəlbimə dəydi,

    Büküb qamətimi, qəddimi əydi;

    Bildirçin də bir ay payızda bəydi-

    Darı sünbülündən yetənə kimi.

     

    Şəmşir gərək mərd ocağın qalasın,

    Hər kəs çəkər öz dilinin bəlasın.

    Qoy səni şir yesin, şir parçalasın-

    Tulkü kölgəsində yatana kimi.

  • Kimi

    Kimi

    Kamallısan, yetişibsən kamala,

    Tuti ləhcə, şirin suxəndən kimi.

    Yaraşıqsan el, obaya, mahala,

    Yaxşı dünya kimi, bu cahan kimi.

     

    Bir barıtdı namənizin gəlməsi,

    Nəcib xəttinizin üzə gülməsi

    Gövhərdi imlası, ləldi kəlməsi,

    Arı xanəsində ballı şan kimi.

     

    Səndə müqəddəsdi ilqar, məhəbbət,

    İlqar sayəsində tapıbsan şöhrət.

    Varmə bir-birinə istəkli xilqət

    Azərbaycan kimi, Naxçıvan kimi.

     

    Dürlü, zərif o sözlərdən bir də yaz,

    Bizim üçün olsun təzə bir də yaz.

    Şəmşir səni ölməyincə unutmaz,

    Atadan, anadan mehriban kimi.

    1971

  • Kimi

    Kimi

    Gözlərin süzülüb danışanda sən,

    Deyirsən gözümə bal, şəkər kimi.

    Yəqin təbiətin təbi coşanda,

    Hüsnünü yaradıb mahqəmər kimi.

     

    Xubların xubusan, ey sahibcamal

    Sənə bəxş olunub fərasət, kamal.

    Əbcəd* tək düzülüb yanağına xal,

    Bəzəklisən təzə abi-tər kimi.

     

    Əslini-nəslini nişan ver bilək,

    Simada sərvsən, duruşda mələk.

    Hansı məkan can yetirib sənin tək,

    Behiştə oxşayan Kəlbəcər kimi.

     

    Istərəm xətrinə sözüm dəyməsin,

    Cavansan üzünə üzüm dəyməsin.

    Ellər gözəlisən gözüm dəyməsin,

    Bədniyyət deyiləm bədnəzər kimi.

     

    Qoca ovçu ovun marıqda qaldı,

    Şəmşir, sözün “ümidvarıq” da qaldı.

    Adın dastan oldu tarixdə qaldı,

    Düşdü xoş dillərə bir əzbər kimi.

     

    _____________________________

     

    * Qədim ərəb əlifbasşnda ilk dörd hərf

  • Köməyim

    Köməyim

    Ürək dostum, məndən küsmə, incimə,

    Mənim də əzəllər vardı köməyim.

    Kimdən gileylənim, ərk edim kimə,

    Könlümdəki dövlət, vardı köməyim.

     

    Deyim sənə əhvalımı ağ olsun,

    Istəyən dostların dəmi çağ olsun.

    Oğlanlarım öz işində sağ olsun,

    Üç yaşında Şəhriyardı köməyim.

     

    Şəmşirin ilhami gurdu, nəzilmir,

    Bollanır dövlətim, varım kəsilmir.

    Maral balası tək yaxına gəlmir,

    Mənim qələm qaşlı yardı köməyim.

  • Könül

    Könül

    Nədən susdun, nə sakitsən

    Dərya kimi daşan könül.

    Yoxsa daha qocalıbsan

    Qarlı dağlar aşan könül.

     

    Səmaları sən gəzirdin,

    Behiştlərdən gül üzürdün.

    Ulduzlardan xal düzürdün,

    Olurdun kahkəşan, könül.

     

    Çox qaynadın dolmadınmı,

    Mətləbini almadınmı?

    Şəmşirlə sən olmadınmı

    Elə şeir qoşan, könül.

    1942

  • Köynələkmişdi

    Köynələkmişdi

    Bu qoca təbiət uca dağları,

    Ağ qara bürüyüb, köynəkləmişdi.

    Baharı, payızı, bu qış ayları.

    Çixardıb aradan dirsəkləmişdi.

     

    Bulaqlar buz tutub, çaylar qarqara,

    Külək gədikləri bağladıb tara.

    Yer donub, bərkiyib, dönüb mismara,

    Zimistan qəhrini gerçəkləmişdi.

     

    Qımışanda ilk baharın dodağı,

    Behiştə döndərdi aranı, dağı.

    Şeh tutanda bənövşəni, yarpağı,

    Qərənfil, nərgiz də çiçəkləmişdi.

     

    Dumandan ağ yağış yerə çiləndi,

    Tamam göy yaylaqlar nura bələndi.

    Buludlar kişnədi, yer silkələndi,

    Suların aynası çiliklənmişdi.

     

    Dağların qucağı ana misalı,

    Arif gərək bilə, qana misalı.

    Kalağay təhəri, cuna misalı,

    Çən yatıb çölləri gərdəkləmişdi.

     

    Taxtdaduzə süfrəsini el açdı,

    Bağlar bara çatdı, bağça gül açdı.

    Bağbanlar şad oldu, bülbül dil açdı.

    Lalənin yanağı göyçəkləmişdi.

     

    Işıqlısan üfüqlərdən çıxan gün,

    Güneylərdən şəlalələr axan gün.

    Güləş gözlə tale mənə baxan gün,

    Şəmşir öz baxtını ətəkləmişdi.

  • Küsərəm Mən

    Küsərəm Mən

    Sənsən mənim can ciyərim,

    Niyə səndən küsərəm mən.

    Istəkli vəfalı yardan.

    Haçan ümid kəsərəm mən.

     

    Çağrılırsan sən adıma,

    Əzəldən yandın oduma.

    Düşəndə hərdən yadıma,

    Yarpaq kimi əsərəm mən.

     

    Şəmşir mətləbdən aldı kam,

    Halal maya olmaz haram.

    Yanağında xətt olmuşam,

    Bir yazılı əsərəm mən.

  • Kəkliyin

    Kəkliyin

    Şeir ocağıdır Şamaxı, Şirvan,

    Şairlər məskəni-eli Kəkliyin.

    Tuti kimi nəcib şirin danışan,

    Şəkərdən şirindi dili Kəkliyin.

     

    Yusif-Zuleyxaya taydı camalı,

    Deyirsən: bahardı, yaydı camalı.

    Bədirlənmiş gözəl aydı camalı,

    Nə əcəb düzülüb xalı Kəkliyin.

     

    Cənnəti-rizvanın müşkü ənbəri,

    Behiştdənmi gəlib o gözəl pəri.

    Görən Məcnun kimi olur sərsəri,

    Əqli, huşu, var kamalı Kəkliyin.

     

    Şəmşir, söylə tərif ona yaraşır,

    Tər bənövşə yanağına yanaşır.

    Qızıl güllər buxağına yaraşır,

    Bərq vurur üzündə xalı Kəkliyin.

    1964

  • Kəlbəcər

    Kəlbəcər

    Xəstələrə dərman olan,

    Təbib bulaqlı Kəlbəcər.

    Istisuyu səda salan,

    Sədli-soraqlı Kəlbəcər.

     

    Qədir bilən, yol saxlayan,

    Dostlar üçün gül saxlayan.

    Yayda ağır el saxlayan,

    Sərin yaylaqlı Kəlbəcər.

     

    Gözündə var əhdi-vəfa,

    Eşqi-işrət, zövqü səfa.

    Gələn burda tapar şəfa,

    Böyük sınaqlı Kəlbəcər.

     

    Yaxşı keçir hər əhvalı,

    Yadındadı dost xəyalı.

    Çaylar kimi axır balı,

    Sarı qaymaqlı Kəlbəcər.

     

    Murov, Qonur, Dəli dağa,

    Xəstə gələn çıxır sağa.

    Tamam beş ay yaylanmağa,

    Olur qonaqlı Kəlbəcər.

     

    Şəmşir üçün yandırdı şəm,

    Qoymadı ki, haldan düşəm...

    Döşlərindən süd əmmişəm,

    Ana qucaqlı Kəlbəcər.

  • Kəlbəcər

    Kəlbəcər

    Şəms olub günəş kimi səddin, sorağın Kəlbəcər,

    Nihandan, aşkara çıxır, sərvət, yatağın, Kəlbəcər.

    Baği-gülstanə dönüb indiki çağın, Kəlbəcər,

    Təzə, gözəl, əndazədə var ağ otağın, Kəlbəcər,

    Sayrışır ulduz təhər şəmin, çırağın, Kəlbəcər.

     

    Kəlbəcərdi adın sənin sahibi-dəftər bəyənib,

    Səni yaradan təbiət demirəm hədər bəyənib.

    Abi-həyat səndə imiş gəlib İskəndər bəyənib,

    Torpağını, gözəlini aşıq Ələsgər bəyənib.

    Igidlərin təriflənib dastansayağı, Kəlbəcər.

     

    Sənin loğman əllərindi hər dərdə dərman yetirən,

    Duyğulu qartal böyüdən, alıcı tərlan yetirən,

    Kəlməsi dürr xəzinəsi kamallı qurban yetirən,

    Piranəyə qədir olan, təzə növcavan yetirən.

    Günbəgün pardaqlanır şeir ocağın, Kəlbəcər.

     

    Hərəsi bir Tərtər olur köksündəki bulaqların,

    Gül, çəmən, nərgiz ilə al bəzənir ovlaqların.

    Ruhuma ətir saçır bənövşəli yaylaqların.

    Oxşarın Zöhrə ulduzu, aydı, gündu dodaqların,

    Günəşdən zinət alıb gülgəz yanağın, Kəlbəcər.

     

    Bədirbəy, Murov, Qonur, Sultanheydər sənikidir,

    Taxtadüz, Qaraarxac elə nəzər, səninkidir.

    Temuruçan, Sarıbulaq bala bənzər, səninkidir.

    Dastanlı Ceyran bulağı təmi şəkər səninkidir.

    Dərdlərə dərman olar kovsər bulağın, Kəlbəcər.

     

    Yazıram, yaradıram, vəsfin siğışmır kitaba,

    Başlıbel, Ağcaqızın tərifi gəlmir hesaba.

    Ağcakənd yeniləşib sədafərinlər, mərhəba.

    Kəndlərimiz şəhər olub bəxtəvərdi bu el, oba,

    Dağları çıraqban edib İliç mayağın, Kəlbəcər.

     

    Əzəl gündən ovlağısan hurilərin, mələklərin,

    Xeyirxahı, səbəbkarı arzuların, diləklərin.

    Suyu sərin, iqlimi xoş dərmanısan ürəklərin,

    Məməsinə covhər verən gözəl, qızıl inəklərin,

    Çaylar kimi aşıb-daşır bol balın, yağın, Kəlbəcər.

     

    Zərif yarpaqlı meşələr düzülüb dağ sinəsinə,

    Bənövşə kollar köksünə, lalə yaylaq sinəsinə,

    Xınalı şiş qayaların həvəslə bax sinəsinə,

    Rəssam əli zivər vurub ana torpaq sinəsinə,

    Eşidəndə bu sözləri artar maraqın, Kəlbəcər.

     

    Qırxbuğum, kığ, baldırğan, cincilim, yarpız, əvəlik,

    Moruq, qarağat, çiyələk bunları dedim hələlik.

    Kəkliklər də nəğmə deyib özlərini edir ləlik,

    Çağırır yaz gecəsi balasını çöldə əlik.

    Keçir, eyşi-işrət ilə kefin, damağın, Kəlbəcər.

     

    Ət otu, qılınc otu, bulaq üstə lilparı var,

    Yel gətirən, qaya çayı, piltənin müşkəmbəri var,

    Boyxaç, nərgiz, saf qaptəpər süsənlərin şeşpəri var,

    Qərənfil, bahar gülünün, sünbülün əcəb səri var,

    Yemlik, qulançar, sündürük, xatınbarmağın, Kəlbəcər.

     

    Şəkli-şəbahətin sənin düşər gözümdən demirəm,

    Ellərin, obaların doyar sözümdən demirəm,

    Şagirdlərim ayağını kəsər izimdən demirəm,

    Elə çoxdu təb əhlilər tək mən özümdən demirəm.

    Şeirli, sözlü, nəğməli mindi varağın, Kəlbəcər.

     

    Şəmşiri bağışlayın sözlərinin varsa səfi*,

    Insan gərək öz xalqına cəhd eləsin versin nəfi.

    Başa varsın olkəmizin bu şövkəti, şan, şərəfi.

    Batır yaşıla sərbəsər, bax, Qoşdaşın üst tərəfi.

    Könüldən yaxın görünür, daha uzağın, Kəlbəcər.

    1972

  • Kəlbəcərin

    Kəlbəcərin

    Əsəl çəkir çiçəyindən,

    Yazda arı-Kəlbəcərin.

    Yüz bir çeşmə car eyləyib,

    Yaylaqları Kəlbəcərin.

     

    Qaraxaçı, Dəli dağı,

    Al bəzənir bahar çağı.

    Beçə balı, sarı yağı;

    Boldu varı Kəlbəcərin.

     

    Bənövşəsi, dağ laləsi,

    Südə bənzər şəlaləsi,

    Sanki şərbət piyaləsi-

    Bulaqları Kəlbəcərin.

     

    Qız qatarı yollar boyu,

    Əksik olmaz ellər toyu,

    Loğman kimi İstisuyu-

    Can mədarı Kəlbəcərin.

     

    Hava təmiz, yeri cənnət,

    Yaranandan bəri cənnət.

    Gülü abi-təri cənnət-

    Çəmənzarı Kəlbəcərin.

     

    Var hüsnündə nurdan niqab,

    Şəmşir yazıb bağla kitab,

    Min suala verib cavab-

    Dilavarı Kəlbəcərin.

  • Kəndlinin

    Kəndlinin

    Bir nəzər et xoş halına gözəldi çağı kəndlinin,

    Çiyələkli güneyləri, çiçəkli dağı kəndlinin,

    Ağır el, oba saxlayır, geniş yaylağı kəndlinin,

    Xəstələrə şəfa verir, soyuq bulağı kəndlinin,

    Səhər işə yerişi var tərlansəyağı kəndlinin.

     

    O zaman ki, bahar gəlir al bəzənir göy meşələr.

    Novbahara səcdə qılır boynun əyir bənövşələr.

    Yağış yağmaq, şimşək çaxmaq buludlarda var peşələr.

    Gedir zimistanın qəhri, bitir daha əndişələr.

    Gözəl gəlir gündən-günə əcəb növrağı kəndlinin.

     

    Ana torpaq gəlir cana, yaşıllanır dərə, təpə.

    Gəzir havada əbrilər*, əlində su səpə-səpə.

    Çaylar daşır, köpüklənir burulğanda vurur ləpə.

    Ağ dumanlar çarğat salır, dağ başına, öpə-öpə.

    Görəndə eyşi-işrəti, artır marağı kəndlinin,

     

    Cəm olur süfrə üstünə beçə balı, əmlik əti,

    Göy çəməndə kabab yeyir, görməmişdi bu ləzzəti.

    Var elinə, obasına sədaqəti, məhəbbəti.

    Mehmanı olsan bir gecə artırar hər an hörməti.

    Gülə-gülə yola düşər, gələn qonağı kəndlinin.

     

    Öz işini özü bilir azaddır qaldan, qovğadan,

    Onun polad əlləriylə ucalır, qalxır dağ, aran,

    O özünə bir ağadır, minnəti yoxdur ağadan,

    Saz götür, de tərifini, Şəmşir, kəm olma səxadan,

    Sarı buğda zəmisindən gəlir sorağı kəndlinin.

  • Kəpəzin

    Kəpəzin

    Bir tikə ürəyim döndü bir dağa,

    Gözümə goründü gözü Kəpəzin.

    Məhəbbətli ana kimi görkəmi,

    Bir ata oxşarlı özü Kəpəzin.

     

    Çarğata bürünüb qayası, daşı,

    Səf çəkib ucalıb Murov qardaşı.

    Buludla fövcünə yetişir başı,

    Ağ gümüş yetirir daşı Kəpəzin.

     

    Sənə baxır Qoşqar, Qonur, Çalbayır,

    Köksünə bəxş olub min çəmən, çayır.

    Yazıb tərifini nə qədər şair,

    Qurtarmaz dastanı, sözü Kəpəzin.

     

    Bu daşların şövkəti var, şanı var,

    Qüdrət səngərlidi adı, sanı var.

    Göy gölü, şəfalı Naftalanı var,

    Şəfa tapır oğul, qızı Kəpəzin.

     

    Saysız gözəlliyi durubdu sanda,

    Qəlbi bahar olur insan baxanda,

    Qayası səslənir xan oxuyanda,

    Çalınır kamanı, sazı Kəpəzin.

     

    Baxanda Murova, Çilgəzə sarı,

    Şəmşirin çoxalır eşqi, vüqarı,

    Qoy qalsın sözlərim yadigar barı,

    Yazılsın köksünə yazı, Kəpəzin.

  • Kəsildi

    Kəsildi

    O qədər ləbinə bal dedim sənin,

    Qurtardı, arının balı kəsildi.

    Başına dolanım, dönüm deməkdən

    Bu yorğun canımın halı kəsildi.

     

    Buludlar nə yağış, qar gətirmədi,

    Sənin zülmün mənə var gətirmədi.

    Bağçalar qurudu bar gətirmədi,

    Dəymişi olmadı, kalı kəsildi.

     

    Çox yalvardım nainsafa, dilsizə,

    Neynəyim, lütfünü qılmadı bizə.

    Qocalıq pərdəsi çəkilib üzə,

    Görünmür sözümün dalı, kəsildi.

     

    Çox dedim, ay mələk, cəfadan əl çək,

    Şəmşiri eləmə bəsdi qan ürək.

    Yanaqları şaxta vurmuş alma tək,

    Bürüşdü, üstünün xalı kəsildi.

    1958

  • Lalası

    Lalası

    Şən nə gözəl yaranıbsan,

    Yanaqların dağ lalası.

    Buxaqların qırmızı gül,

    Yaylaqların ağ lalası.

     

    Camalın büllur, şüşədi.

    Tehrandakı Dilguşədi.

    Dodaqların bənövşədi,

    Təzə bağça-bağ lalası.

     

    Sevgi axır-əzəl olur,

    Məhəbbətsiz xəzəl olur.

    Niyə goyçək, gözəl olur.

    Bəzəkli bulaq lalası.

     

    Bağlanıb ilqar behinə,

    Dəyib səhərin mehinə,

    Bələnib bahar şehinə,

    Ürəyimin, bax, lalası.

     

    Şəmşir, ağlama ahastə,

    Məcnun oldun-Leyli səsdə.

    Açılıbdı sinən üstə,

    Qəlbimin ancaq lalası.