(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Gözlər

    Gözlər

    Qaşın aydı, tel üstündə kəhkəşan,

    Nə goyçək göstərir camalı gözlər

    Olar ancaq məlakədə bu nişan,

    Geyinib qəddinə cəm alı gözlər.

     

    Sən Leyli ol sal boynuma, bu da bağ,

    Mən bülbülün, sən qızıl gül, bu da bağ.

    Istər məni ağac götür buda, bax,

    Qoyma tez canımı cəm alı gözlər.

     

    Gəl oxunu şirin cana qıyam, at

    Tərlan çəkdi, turac qaldı qıya mat.

    Şəmşir, bil ki, o gün qopar qiyamat.

    Olsa bədnəzərincə malı gözlər.

  • Gözlər

    Gözlər

    Köhlən at qabağı, igid atını,

    Mərd insan öz haqqı-sayını gözlər.

    Kamil ovçu çıxsa ov şikarına,

    Oxu nizmalayar, yayını gözlər.

     

    Dərəcək barını gül əkən bağban,

    Zəhmətin şəhrində görünməz duman,

    Şair vətənini sevər hər zaman,

    Tərlan quş yuvada tayını gözlər.

     

    Yoldaş istəməyən, yar istəməyən,

    Xeyir istəməyən, kar istəməyən.

    Var olmaz qonşunu var istəməyən

    Görməsin elə pis xaini gözlər.

     

    Sənət bir tukənməz axar-baxardır,

    Sədaqət etibar əldə açardır.

    Elim qoy var olsun-mənə də vardır,

    Şəmşir öz bəxtini payını gözlər.

  • Gözlərin

    Gözlərin

    Indi mənsiz ağlayır qan

    O gözəl, qara gözlərin.

    Murovdan aşanda duman,

    Baxar dağlara gözlərin.

     

    Istəklisən, mehribanım,

    Olan təbibi-loğmanım,

    Sağalarmı xəstə canım,

    Etməsə çarə gözlərin.

     

    Ayrılmazdı özü məndən

    Dönməz dostun üzü məndən.

    Aldı doğru sözü məndən,

    Düzdü ilqara gözlərin.

     

    Şəmşir, halal mətləb istə,

    Daha düşmə qeyri qəsdə,

    Nə zamandı sinəm üstə

    Vurub bir yara gözlərin.

  • Gözlərinə

    Gözlərinə

    Nişangaham, ay odlugöz,

    Şimşək çaxan gözlərinə.

    Güc gələrmi çarpaşıq söz,

    O çaxnaşan gözlərinə.

     

    Özgələri güldürmə gəl,

    Mən ölmüşü öldürmə gəl.

    Yoxluğumu bildirmə gəl

    Evlər yıxan gözlərinə.

     

    Məcnunu çox salma dağa,

    Utanıram ağlamağa,

    Dilim tutmur qarğamağa-

    Mənə baxan gözlərinə.

     

    Nəzərindən qaçsam uzaq,

    Şəmşiri yandırar fəraq.

    Qurban olum, a bal dodaq,

    Məni çalan gözlərinə.

  • Gözəl Qız

    Gözəl Qız

    Yüz min gözəl olsa gəlməz eynimə,

    A şirin söhbətim, sözüm, gözəl qız.

    Maral baxışına mail olmuşam,

    Doymur gözlərindən gözüm, gözəl qız.

     

    Laləyanaq, gəl başına dolanım,

    Sənə olmaz hiylə, fitnə, yalanım.

    Pərvanə tək atəşinə qalanım,

    Görünsün kulümdə közüm, gözəl qız.

     

    Camalın bir mahdı, misalı ayə,

    Kəramət sahibi salıbdı sayə.

    Xilqətinə əlbət qatıblar mayə,

    Bu işə şahidəm özüm, gözəl qız.

     

    Eşq atından düşən qalır piyada,

    Şəmşiri unutma, hərdən sal yada.

    Özgənin malısan, a mələkzada-

    Əzəldən olaydın bizim, gözəl qız.

  • Gözəl Zamandı

    Gözəl Zamandı

    Bir qız məndən belə əhval soruşdu,

    Gördüm, bir əcaib gözəl cavandı.

    Söz yazırdım əski əlifba ilə,

    Dedi o yazdiğın bəlkə Qurandı.

     

    Dedim, qızım, yox, yox deyiləm molla,

    Onun əməlinə mən demişəm la.

    Məni o məluna oxşatma, bala.

    Cadu yazan insan ləin-şeytandır.

     

    Mollalar danışdı haqqa yalanı,

    Şəmşirdən uzaqdı varsa qalanı.

    Xəyalında bu nə sözdü dolanı,

    İndiki dövrümüz gözəl zamandı.

    1948

  • Gözəldi

    Gözəldi

    Bir adam ki, xoşbəxt ola dünyada,

    Bu səadət hər insana gözəldi.

    Dizin daşa dəysə, salacaq yada,

    Əlbəttə, istəkdə ana gözəldi.

     

    Çox müşkuldu mərifəti gec anmaq,

    Lazımdı ellərin halına yanmaq.

    Çətindi özgədən düşüncə qanmaq,

    Hər kəs hesabını qana, gözəldi.

     

    Namərd olan dostluq edər var gündə,

    Igid olan dada yetər hər gündə.

    Şəmşir, səndə mərdi çağır dar gündə,

    Sığınasan mərd insana, gözəldi.

  • Gözəldi

    Gözəldi

    Bilirsən gözəlin gözəldi nəyi?

    Insanlığı, mərifəti gözəldi.

    Doğru qəlbi, pak ürəyi, düz sözü,

    Xoş sifəti, xasiyyəti gözəldi.

     

    Təsəlli söz dərd əhlinə dirəkdi,

    Uzaqdan da kağız yazmaq ürəkdi,

    Yüz günün yarağı bir gün gərəkdi,

    Mərd olanın ehtiyatı gözəldi.

     

    Ayıl, dostum, sən uyğudan, yatma, dur,

    Qeyrətini, namusunu atma, dur.

    Dərdi-qəmin dəryasına batma, dur

    Axtar haqqı, səadəti gözəldi.

     

    Olmaz ətri payız düşən xəzəlin,

    Arasan, axtarsan axır, əzəlin,

    Biqeyrət kişinin, xain gözəlin,

    Bağlasan başına çatı- gözəldi.

     

    Tapsın bu dünyada hər kəs tayını,

    Şəmşir, sən də istə halal payını.

    Əqrəb gözlərindən çala xaini

    Mərd insanın əsli, zatı gözəldi.

  • Gözəlim Sən

    Gözəlim Sən

    Bir laləyanaq hüsnü qəmərsən,

    Gözəlim, sən, gözəlim, sən.

    Sən sübhə günəş,

    Nazlı səhərsən,

    Gözəlim, sən.

    Həm qaməti əlif,

    Sərvi-səmərsən, gözəlim, sən.

    Bir sevgili dilbər,

    Əla boyu--ər-ər,

    Həm qəddi sənubər.

    Bu ləbləri şəkkər,

    Qoynun bağı cənnət:

    Olmuş kimə qismət.

    Rəhm eylə, zalım, məni öldürdü məhəbbət,

    Leyli zəncirinə Məcnun çəkərsən, gözəlim, sən.

     

    Yazda bənövşə zülfünün bağına qonmuş,

    Lalə də, nərgiz də, onun tağına qonmuş,

    Süsəni-sünbül sinə yaylağına qonmuş.

    Sən qonçada hər an,

    Bir tazə gülüstan.

    Oldum sənə heyran,

    Bir cüt qoşa püstan

    Bənzər şəmaməyə,

    Çatmaz füqərayə.

    Qurbanın olum istər apar Tuği-Minayə,

    Sədrində başım tərsə kəsərsən, gözəlim, sən.

     

     

    Ceyran kimi düzlər dolanıb çöldə gəzərsən,

    Gül kimi bağdan dərilib əldə gəzərsən,

    Dəryadakı saf ləl,

    Ey saçı müsəlsəl,

    Hər gün bizə tez gəl,         bir halımı əzəl.

    Qal ismimə sadiq,

    Ol mehrimə layiq.

    Eşqində yanan təkcə bu Şəmşir ola sabir,

    Oxu, tarixlə adım, yaxşı bilərsən, gözəlim sən.

  • Gözəlsən

    Gözəlsən

    Vurgun ana deyib Azərbaycana,

    Gözəl ölkəmizdə sən də gözəlsən.

    Layiqlisən saza, sözə, dastana

    Zərli Bakı, sən hər gündə gözəlsən.

     

    Çatırıq qoynunda çox arzumuza,

    Yetişirik neçə mətləb, muraza.

    Qurtarmaz tərifin min şair yaza,

    Sən yüz də gözəlsən, min də gözəlsən.

     

    Sərvətli, qiymətli, zərli məskanım,

    Ürəyim, istəyim, cismimdə canım,

    Ey qızıl torpaqlı Azərbaycanım,

    Gəzmərəm sinəndən gendə, gözəlsən.

     

    Koroğlu yurdusan, Nəbi yurdusan,

    Yetirmisən neçə igid növcavan.

    Ürəyimin damarından axırsan,

    Çoxdu məhəbbətin məndə, gözəlsən.

     

    Söylə hicranına dözərmi Şəmşir,

    Deyirəm vəsfini aləm eşidir.

    Bulaqların yayda barmaq üşüdür,

    Əsli cənnət, bu təmkində gözəlsən.

  • Gülbəniz

    Gülbəniz

    Nə zamandı bağda gül becərirsən,

    Bağbansan bir gözəl bağa, Gülbəniz.

    Yoxsa Leyli kimi yol gözləyirsən,

    Məcnunun düşübdür dağa, Gülbəniz.

     

    Sinən çəməngüldü, buxağın ala,

    Qaymaq dodaqların bələnib bala,

    Qonub bənövşələr üzündə xala,

    Şamamalar yatıb tağa, Gülbəniz.

     

    Bir şəfa qıl, dərman dilər bu xəstə,

    Mərizi-bitamam sədrində bəstə,

    Qocalmış aşiqəm qəlbi şikəstə,

    Mən qul oldum, sən da ağa, Gülbəniz.

     

    Ləbin əmən xəstə kama çatardı,

    O səbəb xəyalım çox intizardı.

    Sənin həsrətindən könlüm qubardı,

    Gəlsən gedək Ağbulağa, Gülbəniz.

     

    Şəmşirin qəlbinin işrət çağında,

    Bir seyrana çıxaq Murov dağında.

    Gəzək Qaragölün göy yaylağında

    Ağ yağışlar yağa-yağa, Gülbəniz.

  • Güllər İçində

    Güllər İçində

    Azərbaycan gənclərində nə gördüm,

    Gəzirlər çiçəklər, güllər içində.

    Qəlbimdən silindi, qalmadı dərdim,

    Şadam bu gün gənc nəsillər içində.

     

    Baxırsan qurğuya, hər işi incə,

    Elə bil ki, bahar açıb indicə.

    Öz ana dilimiz baldan şirincə,

    Şəkərdi, şərbətdi dillər içində.

     

     

    Ağ kağız üzünə dürr səpir qələm,

    Elmin gedişinə heyrandı aləm.

    Bu qudrəti unudan ki deyiləm,

    Yaşayıram xoş əməllər içində.

     

    Yüksəlişə gedən bu cavan ocaq,

    Dünyanın ömruylə sönməz, yanacaq.

    Artır, gündən-günə atır qol-budaq,

    Şəmşir də sevinir ellər içində.

    1971

  • Güllərin

    Güllərin

    Həmən bu yaylaqda qurduq alaçıq,

    Hüsnü gözəl idi onda Güllərin.

    Səhər tezdən o durardı baş açıq,

    Qulac saçı hər yanında Güllərin.

     

    Dəhanı şəkərdi, dişləri sədəf,

    Gözləri etmişdi aləmi hədəf.

    Hər qıya baxanda o mənə tərəf,

    Eşqi çoxalırdı canda Güllərin.

     

    Əzəldən olmuşam canan aşığı,

    Oduna alışıb yanan aşığı.

    Divanə eylədi, inan aşığı,

    Ala gözlü hər baxanda Güllərin.

     

    Yar qarşında lal da, yey də demişəm,

    Ləblərinə məzə mey də demişəm.

    Taydı hurilərə göydə demişəm

    Tərifini hər bir yanda Güllərin.

     

    O işvəli ceyran, o nəcib pəri,

    Şəmşiri eylədi dəli, sərsəri.

    Nəğməsiylə doldurmuşam dəftəri,

    Vəsfi qalsın bu cahanda Güllərin.

  • Gülər

    Gülər

    Nərvan, söyüd, ulğun desə barım var,

    Alma gülər, heyva gülər, nar gülər.

    Buzlu çillə yazı qonaq çağırsa,

    Boran gülər, tufan gülər, qar gülər.

     

    Bayquş verər viranədə səs-səsə,

    İnanma yapalaq tərlanam desə.

    Özünə bir qiymət qoymayan kəsə,

    Namus gülər, qeyrət gülər, ar gülər.

     

     

    Arif bu məzmunu bilər, arasa,

    Açar deyər ünvanını harasa.

    Əgər adın laçın qoysa yarasa,

    Sərçə gülər, qarğa gülər, sar gülər.

     

    Şəmşir, soylə sən doğrunu, gerçəyi,

    Solar şaxtalarda payız çiçəyi.

    Desə bal çəkirəm himar milçəyi,

    Qarışqalar ağlar, arlıar gülər.

    1940

  • Günlər

    Günlər

    Hanı Qurban, hanı Xəlil,

    Yada düşdü keçən günlər.

    Cəh-cəh vurub bağda bülbül,

    Daldan-dala uçan günlər.

     

    Mərd üzülməz qatarından,

    Könül düşməz vüqarından.

    Vəfalı dost ilqarından,

    Inan, olmaz qaçan günlər.

     

    Indi möhnət, qüssə azdı,

    Insan oğlu sərəfrazdı.

    Qış dolanıb, bahar, yazdı,

    Keçibdi duman-çən, günlər.

     

    Aşıq, dilək dilə haqdan,

    Şahin baxtım düşmə taxtdan.

    Olacaqmı daş bulaqdan,

    Şəmşir bir də keçən günlər.

  • Günlərim

    Günlərim

    Düşürmü yadına keçən zamanlar,

    Sən ilə söhbətli, sazlı günlərim...

    Gözlərindən gülüb, qaş oynatdığın,

    Hanı o qəmzəli, nazlı günlərim.

     

    Eşqimlə baqisən, ey canfəşanım,

    Süsənim, reyhanim, gülüm, gülşənim.

    Mirvari kəlməlim, xoş danışanım,

    Sənlə getdi o avazlı, günlərim.

     

    Nökərin olardım bacarsam əgər,

    Amansız dağları aşarsam əgər.

    Yüz illər sən ilə yaşarsam əgər,

    Yenə də deyərdim azdı günlərim.

     

    Əfsun ləyaqətin, əfsun hörmətin,

    Sənin sədaqətin, sənin ülfətin.

    Hanı məhəbbətin, sözün, söhbətin,

    Gözəl, sənsiz heç olmazdı günlərim.

     

    Şəmşir, bu etdiyin nə haqqı-saydı,

    Saniyəm bir gündü, dəqiqəm aydı.

    Mən demişdim bəxtəvərli olaydı,

    Bu tərlanlı, bu şahbazlı günlərim.

  • Gəda

    Gəda

    El içində həyalı gəz gəlindən, qızdan, gəda,

    Xislət səni çıxardacaq düz yoldan, izdən, gəda.

    Səndə taqət nə hasildi, girirsən nər çənginə,

    Qayıt, sənin payın yoxdu bahardan, yazdan, gəda.

     

    Ilqarda, qeyrətdə gərək yaxşı tanınsın kişi,

    Alçaq, nadan, nakəslərin tərsə gedəcək işi.

    Bir gün hicran tələsinə, salar çərxin gərdişi.

    Gedər əldən bir dəstəlik bağ nədi, bostan, gəda.

     

    Yaranandan elə bir ki, gəlib səylik tək sənə,

    Hərcayılıq qoşa gedər, yaşın çatsa səksənə.

    Daqqa-daqqa el içində az özünü çəksənə.

    Naşı gəmin çətin keçər daşqın Arazdan, gəda.

     

    Hər yetənə nə daş tulla, nə bir qeyri kar elə.

    Nə də alçaq hədyan danış, nə kəndi zinhar elə.

    Aralıqda çıxar canın, az yerini dar elə,

    Naşısan, şairliyə hələ tarazlan, gəda.

     

    Sızqa dağı haçan aşar, dalğa dənizdən gedər.

    Daşqın sellər dərələrdən saldığı izdən gedər.

    Zəhləkarsan, aşıqların zəhləsi səndən gedər-

    Şəmşir ilə dilləşirsən, danış astadan, gəda.

    1938

  • Gəlin

    Gəlin

    Bir əl saxla, qırma bizi

    Burax gedək, sarı gəlin.

    Sızıldaşır yaralarım

    Nə vaxt gələk sarı, gəlin.

     

    Hava soyuq, canım xəstə,

    Sən mənimlə durma qəsdə,

    Beş saatdı ayaq üştə

    Oldum hələk, sarı gəlin.

     

    Ürəyində var nə yanıq,

    Insaf elə, biz də canıq...

    Baxma mənə donuq-donuq,

    Ay daş ürək sarı gəlin.

     

    Sən özünü saldın dilə,

    Sən dinirsən niyə belə?

    Təpinirsən: dur çıx, çölə,

    Əsir külək, sarı gəlin.

     

    Şəmşir cana gəlib yenə,

    Nə dillə yalvarım sənə.

    Bir işini salsın mənə

    Çərxi-fələk, sarı gəlin.

    1917

  • Gəlin

    Gəlin

    Azərbaycan maralısan,

    A qaşları qara gəlin.

    Qol el bilsin haralısan,

    Gedərgisən hara, gəlin.

     

    Sənin cismin simu zərdi,

    Hüsnün mahi-münəvvərdi.

    Dodaqların bal, şəkərdi,

    Qaşların məhpara, gəlin.

     

    Yanıb bağrım, olub kabab,

    Dil möhnətə gətirmir tab.

    Bir busə ver elə savab,

    Məni yetir vara, gəlin.

     

    Şəmşir yanar ocağında,

    Pərvanə tək çırağında.

    Qoy can verim qucağında,

    Əlim dəysin nara, gəlin.

    1948

  • Gəlir

    Gəlir

    Kəlbəcər yaylağı, çiçəkli dağlar,

    Sizə az yağışlı dumanlar gəlir.

    Eşidib səsini bütün el-oba,

    İstisu üstünə o canlar gəlir....

     

    Mənim öz qılıncım səndən sov alar,

    Adınla fəxr edir bizim obalar,

    Təmiz axar sular, təmiz havalar,

    Xəstələr üstünə dərmanlar gəlir.

     

    Çaylarda çalxanan sonadı-qazdı,

    Bir yanda ney, kaman, bir yanda sazdı.

    Cavandı, qocadı, gəlindi, qızdı,

    Görüşünə igid oğlanlar gəlir.

     

    Qəlbim fərəhlənir qanad çalmağa,

    Ellər gəlir səndən mətləb almağa,

    Çəmənzar köksündə qonaq qalmağa,

    Ceyran bulağına mehmanlar gəlir.

     

    İndi bizim eldə qardaşdı millət,

    Nə xan var, nə sultan yoldaşdı millət,

    Şəmşir, birgə sözlü sirdaşdı millət,

    Neçə bir can kimi cavanlar gəlir.

    1955

  • Gəlmişəm

    Gəlmişəm

    Istisu muqəddəs, qədim ocaqdı,

    Dərman üçün mətahına gəlmişəm.

    Murovun köksündən uzaqlaşmışam,

    Dəli dağın pənahına gəlmişəm.

     

    Taxtadüz, Qaraxaç ağır el seçər,

    Bağban könlüm dost bağında gül becər.

    Sağlam canı Kılbəcərdə gəl becər

    Ümidvarlıq irahına gəlmişəm.

     

    Bu yerlər Şəmşirin çoxdan əzbəri

    Çeşməsi mat qoyub abi-kövsəri,

    Qoçdaşdan açılır cənnət səhəri,

    Sübhün nurlu sabahına gəlmişəm.

  • Gəlmədi

    Gəlmədi

    On beş günə vədə verdi, ay oldu,

    Telli sonam felə duşdu, gəlmədi.

    Didəmin leysanı axdı çay oldu,

    Göz yaşlarım selə düşdü, gəlmədi.

     

    Şərbətim acıdı onsuz ağıdan,

    Məni ah-naləmdi sökub-dağıdan.

    Çox qorxuram haramıdan, yağıdan.

    Yoxsa xain ələ düşdü gəlmədi?

     

    Ömür yoldaşıdı qadın kişiyə,

    O qoymazdı ürəyimi üşüyə.

    Gəlsə gec qoymaram çıxsın eşiyə,

    Qafil oldum çölə düşdü, gəlmədi.

     

    Gəlişinə ellər desin mərhaba,

    Şəmşir döşənərdi xaki-turaba.

    Xətt yazıldı neçə-neçə kitaba,

    Dastan oldu, dilə düşdü gəlmədi.

    1918

  • Gəlmədin

    Gəlmədin

    Vədə verdin on beş günə,

    Neçə ay oldu, gəlmədin.

    Gözüm yaşı rüxsarıma

    Axdı, çay oldu, gəlmədin.

     

    Eşitmirəm göftərını,

    Görmürəm nur didarını.

    Niyə pozdun ilqarını,

    Əhdin zay oldu, gəlmədin.

     

    Eşqin salıb qəlbimə iz,

    Həsrətindən dəliyik biz.

    Gözəl, sənsiz məclisimiz,

    Çox qolay oldu, gəlmədin.

     

    Yaxşımı çatmısan kana,

    Sən şam oldun, mən pərvana.

    Məcnuna, Şeyx Sənana,

    Şəmşir tay oldu, gəlmədin.

  • Gəlmədin

    Gəlmədin

    Gözüm gözlərinin intizarıdı,

    Gözəllər sultanı, niyə gəlmədin?

    Aralıqda ilqarımız varıdı,

    Pozdun o peymanı, niyə gəlmədin?

     

    De hansı fitnəyə, felə aldandın,

    Dönməz idin, nədən belə aldandın?

    Atdın məhəbbəti pula aldandın,

    Qəlbimin gülşəni, niyə gəlmədin?

     

    Eşq əhli sınarmı oxdan, hərasdan*,

    Çəkinməz qılıncdan, kəskin almazdan.

    Sevgi çətin olar kərəmsiz dostdan,

    Sən dədənin canı niyə gəlmədin?

     

    Bir od saldın bu sinəmin yağına,

    Dolumu yağdırdın könül bağına?

    Məni sən göndərdin Mina dağına,

    Kəsməyə qurbanı niyə gəlmədin?!

     

    Günəş camalına pərdə salmısan,

    Oda saldığını bir də salmısan,

    Qırx ildi aşiqi dərdə salmısan,

    Səndədi dərmanı, niyə gəlmədin?

     

    Yalandı məhəbbət, yalandı vəfa,

    Hədərdi Şəmşirin çəkdiyi cəfa.

    Əyilmədin eşqə, rəhmə, insafa,

    Etdim imtahanı, niyə gəlmədin?

  • Gəlsin

    Gəlsin

    Nakəsin gəlişi nə yaman oldu,

    Mən dedim gəlsə də, uzağa gəlsin.

    Könlümün gülşəni saraldı, soldu,

    Lənət mərdimazar “qonağa” gəlsin.

     

    Niyə gəldi bitmiş işə su qatan,

    Əfsanə söylədi, danışdı hədyan.

    Adəmi Həvvadan ayıran şeytan,

    Yansın əsli, nəsli duzağa gəlsin.

     

    Qaratikan kimi düşdü araya,

    Fil dözərmi belə ağır yaraya.

    Şəmşir yazıq hara getsin çaraya

    Bilsin qohum, qardaş sorağa gəlsin.