-
Dəyməmiş
Dəyməmiş
Şövqə gəlib necə desin dərdini
Aşıgın əlləri saza dəyməmiş.
İnsafdırmı ayrı salmaq gülündən
Bülbül dəsti bahar, yaza dəyməmiş.
Məlali-möhlətdən olmuşam zinhar,
Mənim üçün haradandır bu qərar.
Ha dedim qəzadan dolanım kənar,
Kipriyə toxunub, gözə dəyməmiş.
Seyraqub əl çəkmir fitnədən, şərdən,
Yaralı qəlbimi yandırır hərdən.
Nadandan, qanmazdan, hər bihünərdən,
Söz qaldımı daha bizə dəyməmiş?!
Qızıl gülü bağban kimi dərməyən,
Uçmuş, viran könülləri əyməyən,
Naşı olub şikarda ov görməyən,
Vurdum deyir, gullə izə dəyməmiş.
Şəmşir, bir mərama gəlmək yaxşıdır,
Xeyrini, şərini bilmək yaxşıdır.
Avara gəzməkdən ölmək yaxşıdır.
Nakəsin silləsi üzə dəyməmiş.
1915
-
Dəyməz
Dəyməz
Etibarsız kişi, ilqarsız arvad,
Qiymətdə bir quru qayığa dəyməz.
Xeyrə, şərə yaramayan bir insan
Bostana taxılan oyuğa dəyməz.
Qovğa günü solar namərdin rəngi,
Atammaz, olsa da oxu, xədəngi.
Qorxağın qılıncı, topu, tüfəngi,
İldızı qırılmış qıyığa dəyməz.
Döşünə doysə də sar elə sardır,
Qartalı görəndə göz yaşı cardır.
Laçının döyüşə hünəri vardır,
Qafili parçalar, ayığa dəyməz.
Şəmşirəm görmüşəm şirin-acını,
Yaxşı tanıyıram ana-bacını.
Müftəxorlar yeyər el qazancını,
Əlləri istidən, soyuğa dəyməz.
1920
-
Dəysin
Dəysin
Canan, sənə gələn dərdi-bəlalar,
Mənim dövlətimə, malıma dəysin.
Qəzanın, qədərin atdığı güllə,
Qoy sənə dəyməsin, zalıma dəysin.
Müntəzirin gözü yolda qalmasın,
Budaqdan üzməsin könlüm almasın.
Fələk səni məndən ayrı salmasın,
Mübarək əllərin əlimə dəysin.
Yaqutum, yəmənim, gövhərim, zərim,
Şəmşirə vəfalı, əfsun dilbərim.
Süsənim, sünbülüm, gülbərgitərim,
Ləbinin şirəsi dilimə dəysin.
-
Elə Belə
Elə Belə
Mən neyləyim, ala qanqal,
Qoxuyanda elə belə.
Arif sözdən mətləb duysun
Oxuyanda elə belə.
Yanıb şişdə olduq kabab,
Can bu zülmə eləməz tab,
Sualıma yoxdu cavab,
Soruşanda elə, belə.
Işlərimiz tamam oyun,
Nə mal qaldı, nə də qoyun,
Qurdlar yeyib, tutar toyun
Bax bu yanda elə belə.
Mən sizi inandırıram,
Dağı, daşı yandırıram,
Sözü gizli qandırıram
Balabanda elə belə.
Varlı yeyir, fağır baxır,
Hər kim dinsə, oda yaxır,
Son nəfəsə çatdıq axır
Çıxmır can da elə belə.
Gəl sözümü salma lafa,
Zalım gəlməz heç insafa,
Görünməyib belə cəfa,
Haqq divanda elə belə...
1916
-
Elərsən
Elərsən
İldə bir yol olur Mina qurbanı,
Sən məni gündəlik qurban elərsən.
Atarsan sinəmə mujqan oxunu,
Dələrsən bağrımı şan-şan elərsən.
Bəsdi, az qəm ilə doyursan məni,
Yol alım hayana buyursan məni.
Ala gözlərindən ayırsan məni
Elə bl ki, nahaq min qan edərsən.
Şəmşirin adını “haralı” qoyma,
Gözəl gözlərindən aralı qoyma.
Həsrətindən məni yaralı qoyma,
Nə zaman dərdmə dərman elərsən?
1970
-
Etibarsız
Etibarsız
Bəs nədən unutdun əhdi, vəfanı,
Yoxdumu vicdanın, ay etibarsız.
Əvvəlki məhəbbət görunmür, hanı,
Soyuqlaşıb qanın, ay etibarsız.
O verdiyin ilqar hayanda qadı,
Qəza vurub əldən yerəmi saldı.
Ürəkdən istəyin nə tez azaldı,
Kəsilib gümanın, ay etibarsız.
Səndən ayrı hər dəqiqəm il oldu,
Gözüm yaşı yanağımda sel oldu,
Götürdüm əlimə, mənə gül oldu,
Sənin cod tikanın, ay etibarsız.
Çəkirsən özünü, satırsan baha,
Batırsan günaha, baxmırsan aha,
Uzaq dur, gözümə görünmə daha,
Ağ olub yalanın, ay etibarsız.
Şəmşiri sən saldın əzəldən dərdə,
Bir ünü göydədi, bir ünü yerdə,
Cavanlıq, gözəllik görməzsən birdə,
Gedər adın sanın, ay etibarsız.
-
Eyləmə
Eyləmə
Elminə əl apardım, çox cəhdi-say eyləmə,
Bica yerə çəkmə zəhmət, əməyim zay eyləmə.
Aqibət fikir etməmiş dəm vurma göftara hey,
Nəfsini ziyana salıb, sonra ey-vay eyləmə.
Öz sözünlə fəxr eyləyib durma yerindən yenə,
Yanşaq bəylərini seçmə, həmçin, seyidlər yenə.
Əvvəl və axır dediyin, aç oxu dəftər yenə,
Doğduğunu al maydança, təzə haray eyləmə.
Həsənə Qasan demə sən, gözünə yaş endirər,
Pəncəsi tiği-tizdi, demə, yavaş endirər,
Böyükdü şah dəftərində, qubernat baş endirər,
Dəyirmançı dağarcığın anbara tay eyləmə.
Sözlərin arif yanında nə qədər yaz, işləməz,
Gəşti-geşti eylər dərya, olsa dayaz, işləməz.
Naz olur ünas əhlində, meydanda naz işləməz,
Naz ilə vermə cavab zəhlənkar-nay eyləmə.
Cəhənnəmə istəməsən - yanmağa günah üçün,
Nəqlidir zəmanədə: şah güldü bir şah üçün,
Artıq söz açmaq nə lazım, dedim: bil, agah üçün,
Bir də dindirsən açacam söz, qaçıb bacay eyləmə.
Balu-pərsiz uçmaq olar, bəs dağdan-dağa necə?
Kim dərdi bar gətirdi, bostansız tağdan necə?!
Ustadan dərs almayıb kim olur ağdan necə?
Nabələd yol bacarmaz, özün rüsvay eyləmə.
Çüridə meydan içində - ola pürhünər gərək,
Şövq ilə keçə candan, ala-verə sər gərək.
Aslanla aslan cəng edə, nərə qızmış nər gərək,
Rübasan, get öz karına çox haqqı-say eyləmə.
Bir qədər lovğalanma, hərbədən əl çək, danış,
Laf edib xilafı demə, sözlərin gerçək danış.
Özgə kəsləə nədir karın, Qurban ilə tək danış,
Seyidə, Nəcəf əmiyə gəlin, haray eyləmə.
-
Eylər
Eylər
Dörd aydı çıxmısan evdən-eşikdən,
Məni bu firqətin dərdəcər eylər.
Aparıb başımda olan ağlımı,
Bir dəli, divanə, dəngəsər eylər.
Ağ üzünün qoşa xalı necədi,
Ləblərinin şəhdi, balı necədi.
Nə demirsən görəm halı necədi,
Nə qasidin gəlib şad xəbər eylər.
Gecələr yuxumdan olmursan iraq,
Qəlbimdə şöləsən, gözümdə çıraq.
Çəkmə bu cahanda nə qəm, nə fəraq,
Səadət üstündə xoş nəzər eylər.
Sənsiz mən neynirəm evi, eşiyi.
Olubdu məskənim qəmlər beşiyi,
Bir sən idin çəkən mənə keşiyi,
Bu möhnət canima çox əsər eylər.
Nifrət etdim əfəndinin işinə,
Şəmşiri qəm çəkir dəmir dişinə.
Gecə-gündüz naləm gələr guşinə,
Səni öz kuyindən dərbədər eylər.
1915
-
Fələk
Fələk
Şikəstə könlüm kimi, uçsun sarayın, fələk!
Çatmasın bir tərəfə əlin, harayın fələk!
Bivəfa, fani dünyada olmadı bir kam alan,
Aqibət köç eylədi, kim oldu hayın, fələk?
Dedim: Allah, bu səfərdən saqi-salamat gedim,
Dərdi-möhnət üzdü canım, qalmadı taqət, gedim.
De görüm sənin əlindən kimə şikayət edim,
Nə qədər fikr edirəm, heç yoxdur tayın, fələk!
Bivəfa, fani dünyada, gəldi insan qalmadı,
Padişahlar taxtdan düşdü, Şah Süleyman qalmadı.
Torpağa yeksar elədin, növrəst cavan qalmadı,
Bilinmir sirri-xəfiyyən, nədir irayın fələk?
Ya Əhəd, xalq buyurdun, əvvəli Quran sənin,
Din sənin, məslək sənin, yol sənin, ərkan sənin.
Yüz iyirmi dörd min Nəbini, neynədi dünyan sənin?
Aləmi çəkdin kamına, azdımı payın fələk?
Hər kəsə bir nəzər saldın, səngini ləl eylədin,
Hər kəsə qəhrnən baxdın, dərdini bol eylədin.
Bekara yazıq Qurbanı yandırdın, kül eylədin,
Üzülsün əlin əldən, kəsilsin vayın fələk!
-
Gedirəm
Gedirəm
Bilirsənmi yaxşı səfər üstəyəm,
Bəzənmişəm yaşıl-allı gedirəm.
Nələr gətirəcəm Bakıdan sənə,
Baxta ümid var, xəyallı gedirəm.
Səadət başıma qoyubdu tacı,
Deyiləm zər, gümüş, ləl mohtacı.
Cəm olsa dünyanin baci-xəracı,
Ondan artıq varlı, hallı gedirəm.
Mən gəlincə çox darıxsan yola bax,
Sərhesab ol, ev-eşiyə, mala bax.
Ayna götür ağ üzündə xala bax,
A ləbləri şirin ballı, gedirəm.
Sən evimdə salamat qal, salamat,
Yuxun şirin olsun, yat, Güllərim, yat.
Şəmşiri unuta, vəfalı arvad,
Bəxtəvərsən xoş iqballı, gedirəm.
1971
-
Gedər
Gedər
Koroğlutək qırat minən,
Dağa-daşa çapar gedər.
Iskəndər kimi zülmətdən
Axtardığın tapar gedər.
Igid olan dözər dərdə,
Qorxmaz, susmaz göydə-yerdə.
Qoçaq oğul cəbhələrdə
Peykan oxdan sapar gedər.
Daş atanlar qaranlığa,
Doğru çıxmaz bir anlığa.
Çay bağlasan şoranlığa,
Gün vuranda hopar gedər.
Mötəbər ol etibarda,
Qaçma yoldaş qalsa darda.
Xalqı çağır olsan harda,
Köməyinə apar, gedər.
Düzdü əhli-düzün sözü,
Şəmşir sevir bilin sözü.
Bir olarsa elin sözü,
Uca dağlar qopar gedər.
1943
-
Getdi
Getdi
Bir gülyanaq, bir qələmqaş,
Yanımızdan gəldi, getdi.
Ürəyimə saldı atəş,
Gözlərindən güldü, getdi.
O ki mələkdi, qanıram,
Söz desəm də utanıram.
Gördü alışıb yanıram
Yanmağımı bildi getdi.
Hüsnü lalə, sinəsi qar,
Qoynu cənnət, məməsi nar.
Qucağında şamama var
Ətri canım aldı getdi.
Şəmşirəm, demə çaşbaşam,
Içməmişəm, nə sərxoşam.
Baxışından tanımışam
Nazik, incə beldi, getdi.
1972
-
Getdi
Getdi
Qurtara bilmirəm dərdü bəladan,
Üzümün isməti qalmadı, getdi.
Çoxdan əlim üzülübdü anadan,
Demirəm yadına salmadı getdi.
Qatma cavanlıga, qoca dərdimi,
Ha çəkirəm gündüz, gecə dərdimi,
Təbiblər bilmədi necə dərdimi,
Axtarıb baş tapan olmadı, getdi.
Bu möhnəti mənlə kim bölər yarı,
Qıymaram bir kimsə çəkməsin barı,
Anadan olandan ağladım zarı,
Üzüm qəm əlindən gülmədi, getdi.
Canım dözmür bu şiddətli zədəyə,
Bəs necə yalvarım, de, hər gədəyə,
Ürək dostum düz çıxmadı vədəyə
Yolunu gözlədim, gəlmədi getdi.
Bilmirəm o niyə biilqar oldu,
Onu tərlan sandım, dönüb sar oldu,
Şəmşirəm, göz yaşım axdı, car oldu,
Gəlib göz yaşımı silmədi getdi.
1915
-
Getdi
Getdi
Heyif, hədər yerə çürüyən ömrüm
İlqarsız yolunda üzüldü getdi.
Canımın qədrini niyə bilmədim,
Yağ kimi əriyib süzüldü getdi.
Mən oda alışdım, o suya çimdi,
Atəşində yanan bilmədi kimdi.
Bədənim sızlaşır elə bil simdi,
İncəlib sap kimi nəzildi getdi.
O şad gəzdi, möhnət çəkən mən oldum,
Qüssələndim, azadlıqdan gen oldum.
O dəyirman oldu, mənsə dən oldum,
Cismim una döndü, əzildi getdi.
Adını hər gündə andım, anmadı,
Eşqinin oduna yandım, yanmadı.
Dərd çəkdim, qəm yedim qandım, qanmadı,
Fikrim qəm yoluna düzüldü getdi.
Şəmşirəm qocaltdı intizar məni,
Eşidən, görməsin günahkar məni.
Bir gün axtararsan, nazlı yar, məni;
Deyərlər: karvanı pozuldu getdi.
1916
-
Getdi
Getdi
Daşı çox ağırdı bizim vətənin
Dəydi, çox kəllələr əzildi getdi.
Çingizxan, Napalyon, bir neçələri,
Haqqına yetişib düzüldü getdi.
Ömür-gün cəlladı zülmkarların-
Arzusu puç oldu o xunxarların.
Tərlan yuvasına uçan sarların
Qan yaşı bu yerdə süzüldü getdi.
Ölkəmiz çox çıxıb hər imtahandan,
Hələ pərsinməmiş xandan, xaqandan.
Dəfələrlə qisas aldıq düşmandan
Xainlərin əli üzüldü getdi.
Libasdan-libasa girdi bu dünya,
Tanıdı namərdi, mərdi bu dünya.
Şəmşir, son hökmünü verdi bu dünya
Hitlerin də qəbri qazıldı getdi.
1945
-
Göllər
Göllər
Bədirbəy dağının qucağındasan,
Məftunam seyrinə çıxalı göllər.
Təbim dəryalar tək qaynadı, daşdı,
Gözüm camalına baxalı, göllər.
Laləli, yaylaqlı, çəmənli, düzlü,
Qonaqlı-qaralı, novbahar üzlü,
Yastı güneyləri güllü nərgizli,
Qərənfil bəzəkli yaxalı göllər.
Qayaları qartal, laçın yuvası,
Xoşdu İstisuyun abi-havası.
Şəmşirin dərdinin olur dəvası,
Sizdən ayrı qəlbim yuxalı, göllər.
1968
-
Görmüşəm
Görmüşəm
Oğul, indi ədalət var, divan var,
Mən də xeyli dövranları görmüşəm.
Dövlət qeydə alır, gəzir, axtarır.
Azad olan insanları görmüşəm.
Başa döyüb ellərə qan içirdən,
Obaları talan edib köçurdən.
Əlinə ling alıb evlər uçurdan,
Qaçanları, qovanları görmuşəm.
Qaranlıq gecələr tez səhər oldu,
Zülümkarın balı dərd, zəhər oldu,
Quldurun axırı bu təhər oldu
Xərabəni, viranları görmüşəm.
Nainsaf, kərəmsiz, mürvətsiz ağa,
Pis adamın adı düşdü uzağa.
Şəmşir, çox qoçular düşdü ayağa,
Xalqa kötək vuranları görmuşəm.
1929
-
Görünmür
Görünmür
Gözlərim axtarır Dəllər Kərəmi,
Ha baxıram solu, sağı görünmür.
Şer silahdaşım, könül həmdəmi
Yoxdu, sanki Murov dağı görünmür.
Sidq ilə gəlmişik ğorüşünə biz,
Ürəyi aynadır, xəyalı təmiz.
İşrətli keçərdi toy məclisimiz,
Mərəkəsi, yığıncağı görünmür.
Şəmşir itirməmiş huşi-sərini,
Aradım dayazı, gəzdim dərini.
Verən yoxdu Dəllərlinin yerini,
Yola salan bol qonağı, görünmür.
1972
-
Görünsün
Görünsün
Murov, Kəpəz baxışıma yol verin,
Qoy gözümə gözəl Gəncə görunsun.
Nizaminin yurdu-o qədim şəhər,
İstərəm gözümə gencə görünsün;
Buludlar çəkilsin, açılsın duman,
Yadıma düşübdü şirin danışan.
Mənim mehribanım gəzməsin punhan,
Qısılmasın xəlvət kuncə, görünsün.
Ayrılığı bizə yaman od olub,
Demirəm ki, onsuz qəlbim şad olub.
Yoxsa küsüb, meyli məndən yad olub,
Divanəsi tək mənəmcə, görünsün.
Nə vaxtı ayrıldım yaz nəfəsindən,
Məhbub gülüşündən, bülbül səsindən.
Hicranın, həsrətin məngənəsindən
Çıxarsın könlümü dincə, görünsün.
Şəmşir, ona toxunmasın dərd əli,
O Gəncəni əlvan edib mərd əli.
Mirvarili, əbrişimli, pərdəli,
Küçələri gözəl, incə görünsün.
1925
-
Görünür
Görünür
Var günümdə çoxlu dostum,
Dar günümdə az görünür.
Asan işdə deyir mənəm,
Çətin işdə vaz görünür.
Hanı o halal süd əmən,
Sorağında Məcnunam mən.
Axtardığım odu həmən,
Əhdinə taraz görünür.
Zatı qırıq keçir üzdən,
Uzaqlaşır xeyli bizdən.
Yaman gündə itir gözdən,
Qışda qaçır, yaz görünür.
Şəmşir, sözün varmı birdə,
Məhəbbətin göydə, yerdə.
Mənim canım yaxşı mərdə,
Olub cannügaz görünür.
-
Görüşür
Görüşür
Loğmanlar anası olan İstisu,
Səndə dostlar, mehribanlar görüşür .
Bizə qonaq gəlir eldən, obadan,
Tanış olur, nə insanlar göruşür...
Xınalı çəkliklər çıxanda daşa,
Öpüşür, əl verir qardaş-qardaşa,
Əmək cəbhəsində çəkilmiş başa
Mərd oğlanlar, qəhrəmanlar görüşür...
Qara gözlü, lalə yanaq, qələm qaş,
Sona tək sallanıb gəl yavaş-yavaş!
Hörmətli, ismətli, Şəmşirə yoldaş
Əziz dostlar bu zamanlar görüşür.
1955
-
Görəndə
Görəndə
Nədənsə ağrıyır baxanda gözüm,
Nəkəs də, namərd də, nəs də görəndə...
Mən necə dayanım, mən necə dözüm,
Bu sifəti hər bir kəsdə görəndə.
Biqeyrət tanımaz qohumu, yadı,
Getdikcə alçalar, ucalmaz adı,
Küçə iti quyruq bular-qaydadı,
Düşmən də görəndə, dost da görəndə.
Şəmşir, düşüb qəm çayında axma, keç,
Xəbis üçün canın oda yaxma, keç,
Yum gözünü, öt kənardan, baxma, keç,
Bədnəzər də, pis nəfəs də görəndə.
1942
-
Görəydim
Görəydim
Yenə at çapaydım çoplü dağında,
Düz yurd lalasını bir də görəydim.
Könlümün intizar, həsrət çağında,
Qara qayasını bir də görəydim.
Gün ana qoynundan təzə çıxanda
Şüası aləmə nurlar yaxanda,
Taladan o taya sarı baxanda,
Dağlar hənasını bir də görəydim.
Çıxaydım Turşsudan Quş yuvasına,
Baxaydım Buzluğun tamaşasına,
Könlüm yetişərmi təmənnasına,
Təmiz havasını bir də görəydim.
Sarıdağ, Dovudlu, Qurğan yalını,
Həmzə çəməninin yaşıl-alını,
Soruşub qohumun, dostun halını,
Eli, obasını bir də görəydim.
Şəmşir, nə arzudur, düşübsən dərin,
Daha qocalmısan, varmı xəbərin,
Ağdaban kəndində bizim yerlərin,
Qurğu-binasını bir də görəydim.
-
Göyçək
Göyçək
Nə afətdir gördüm bu gün,
Qaşı qələm, gözü göyçək.
Bir şəkildir, canlanıbdı,
Dili şirin, sözü göyçək.
Ellərinə yolum düşdü,
Dünya, səndə bu nə işdi...
Elə qəşəng bəzənmişdi-
Libasından özü göyçək.
Teli haqdan daranıbdı,
Yar söyləyib, yar anıbdı.
Necə nəcib yaranıbdı
Bu zalımın qızı göyçək.
Cənnət ətri nəfəsində,
Şəmşir bunun həvəsində,
Açılıbdı sinəsində
Fəsillərin yazı göyçək.
-
Gözlədi
Gözlədi
Əzəl gündən Qeysi Leyli aldatdı,
Günə vədə verdi, ili gözlədi.
Məcnun həsrət-həsrət baxdı yollara,
On iki ay tamam yolu gözlədi.
Durub qərib kimi intizar çəkdi,
Güllər yarpağını üstünə tökdü.
Hayana baxdısa gördü ki, təkdi
Haraya gəlmədi, eli gözlədi.
Leyli köçu qayıdınca yaylaqdan,
Yazıq Məcnun ayrılmadı bulaqdan.
Ətrini almağa elə uzaqdan,
Yaralı ov kimi çölü gözlədi.
Sitəmlər Şəmşirə oxunu taxdı,
Yandırıb canını odlara yaxdı.
Xəstə maral kimi hər yana baxdı,
Yoruldu qanadı, qolu gözlədi.