(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Dağlara

    Dağlara

    Əlim qələm tutub şer yazandan,

    İbtida demişəm söz bu dağlara.

    Hörmətli tutmuşam ata-anadan,

    Olub məhəbbətim yüz bu dağlara.

     

    Zimistan bürüyür ağ libaslara-

    Xalis xam gümüşdü-baxırsan hara.

    Bulaq donur, çay bağlayır qarqara,

    Onda köynək olur buz bu dağlara.

     

    Beş ay qucağında qış qalır qonaq,

    Qartal küskün olur, kəklik bidamaq,

    Boran yağır, aman vermir boğanaq,

    Maral sala bilmir iz bu dağlara.

     

    Mayda qanadlanır arı, kəpənək,

    Çəməngül bənövşə-neçə cür irəng.

    Bəzəyir dağları al-əlvan çiçək,

    Nərgiz naz gətirir yaz bu dağlara.

     

    Çoban mənlə çörək kəsdi təpədə,

    Laləzarlı düzün üstə təpədə,

    Quzu mələşəndə yastı təpədə

    Qəlbimdə çalınır saz bu dağlara.

     

    Şəmşir usanmadı sən kimi pirdən

    Heyif ki, dizlərim düşübü girdən

    Əl verib qocalıq-baxdım ki, birdən,

    Doluxub tuturam üz bu dağlara.

    1968

  • Dağları

    Dağları

    Dəllərdən baxırdım xəstə çağımda,

    Gözümə göründü Gəncə dağları.

    Murovu, Kəpəzi, Dəli qoşqarı,

    Görən şəfalanar, məncə, dağları.

     

    Kəkliklər daşında gəzir balalı,

    Köksü sıx meşəli, çiçək talalı.

    Sinəsi sünbüllü, güllü, lalalı,

    Var bizim yerlərin incə dağları.

     

    Nə ola, o yerə güzarın düşə,

    Şəmşir, əlin bulaqlara yetişə.

    Qərənfill, ərğaban, nərgiz, bənövşə,

    Al yaşıl bəzəyir qonça dağları.

    1925

  • Dedim

    Dedim

    Sızqa olub məni aparan suya

    Daşqın Araz dedim, sel, ümman dedim.

    Gözəldim bəxtimi xatalı quldan,

    Bu səbəbdən çor deyənə can dedim.

     

    Ağladım gözümdə yaş dolandırdım,

    Bağrıma bağladım daş, dolandırdım.

    Elimdə düz gəzdim, "baş dolandırdım"

    Nə hədyan danışdım, nə böhtan dedim.

     

    Meyl etmədim nanəcibin aşına,

    Sirrini demədim bir yoldaşına.

    Gördüm hər kim qanın alıb başına

    Mən ona cavabı mehriban dedim.

     

    Şəmşir mətləbinə yetişib daha,

    İncidib bir qəlbi batmaz günaha,

    Bu günə nə var ki, göz qoy sabaha

    Qail olanları anla, qan dedim.

    1942

  • Dedimmi?

    Dedimmi?

    Dunyaya etibar, gərdişə dostluq

    Sən eyləmə aşikara, dedimmi?

    Çoxlarını yola saldı bu fələk,

    Onu tutdu səngi-sara, dedimmi?

     

    Bizlərə nə qohum, nə qardaş qalır,

    Fələk vergisini əldən tez alır,

    Hər igid başına bir düsər çalır,

    Qəfil vurar sənə yara, dedimmi?

     

    Baxar aşnasına necə ki, bir yad,

    Dar gündə çığırsan eyləməz imdad.

    Əgər inanmasan eyləyim, isbat,

    Sözlərimi axtar, ara, dedimmi?

     

    Saxlamaq çətindi ömür keçəndə,

    Əcəl şərbətini insan içəndə,

    Qohumdan-qonşudan səni seçəndə,

    Yolun düşər uzaqlara, dedimmi?

     

    Yatmışdın, yuxundan nagah oyandın,

    Qəflətdə ləngidin, nə çox dayandın?

    Bu çərxin andına niyə inandın?

    Şəmşir kimi, ay fuqara, dedimmi?

    1919

  • Demə, Demə

    Demə, Demə

    Sirrə möhkəm olur xilqəti halal

    Nakəsə, namərdə söz demə, demə.

    Sirrini faş edər, eşidər aləm,

    Xainə dərdini tez demə, demə.

     

    Əsli-nəslini gəz, zatını yoxla,

    Lütfü təmizdirsə nə desə haqla.

    Xəbisdən sözünü örtülü saxla,

    Salmasın elminə iz demə, demə.

     

    Hədər uçub yüngül etmə pərini,

    Hərcayı sözlərə vermə sərini.

    Ürəyin atlansa açma sirrini,

    Heç vaxt yaxşıya da pis demə, demə.

  • Demədim Mən

    Demədim Mən

    Nar izində qalan yağış suyuna,

    Olarsan ümmana tay, demədim mən.

    Gecə işildayan göy böcəklərə

    Ulduz demədim mən, ay demədim mən.

     

    Söz gizlidi istəmədim uzana,

    Əyri tüfəng çətin gələr mizana.

    Daş qatından damcı-damcı sızana,

    Bulaq demədim mən, çay demədim mən.

     

    Danadan yapışib, atmadım nəri,

    Sən özün bilirsən haçandan bəri.

    Elin də bu sözdən vardı xəbəri,

    Qafil olmadım mən, ray demədim mən.

     

    Qarğanı tərlana qata bilmərəm,

    Vəfalı dostları sata bilmərəm.

    İlqarı əlimdən ata bilmərəm,

    Qarlı zimistana yay demədim mən.

     

    Dəli dağ alçalıb olmaz təpəçə,

    Sən də bu cümlədən halisən necə.

    Şəmşir, sənlə həmənkidi indicə

    Olub əqlim, huşum zay, demədim mən.

    1967

  • Deyərlər

    Deyərlər

    Bir insan ki, qalsa yalqız arada,

    İtirib əqlini çaşar deyərlər.

    İşin düşsə mərd igidin əlinə,

    Necə çətin olsa, aşar deyərlər.

     

    Naşı hər bəlaya olacaq düçar,

    Ədavət axtaran qalacaq naçar,

    Kim qəza-qədərdən, davadan qaçar,

    Azad öz elində yaşar, deyərlər.

     

    Şəmşir, gəl bax bu sözün müəmmasına,

    Yetir sözlərini öz bahasına.

    Oğul dayısına, qız anasına

    Adətdə, xislətdə oxşar deyərlər.

    1916

  • Dolanmışam

    Dolanmışam

    Nə zamandı Məcnun olub,

    Ellərinə dolanmışam.

    Boynuma bir zəncir salıb

    Illərinə dolanmışam.

     

    Tərlan boylu mələkzadam,

    Belə zalım olmaz adam.

    Elə bil ki ənkəbutam.

    Tellərinə dolanmışam.

     

    Şəmşiri üzdü firqətin,

    Gözəl eşqin, məhəbbətin.

    Çəkə bilməzdim həsrətin,

    Yollarına dolanmışam.

    1971

  • Dolanır

    Dolanır

    Hamını bir kimsə yaradıb yoxdan,

    İndi əl-ayağı yolan dolanır.

    Xilqəti bir şeydən xəlq edən insan,

    Biri yoxsul, biri kalan dolanır.

     

    Birisi ayranın olur möhtacı,

    İmdadı az çatır qardaş, ya bacı.

    Dilənçi neyləsin, yoxdu əlacı,

    O da tapıb belə pünhan, dolanır.

     

    Namərd tutmaz naəlacın əlini,

    Yoxsulun ürəyi şan-şan dəlini.

    Nainsaf, zülmkar çapır elini,

    Eyləyir obanı talan, dolanır.

     

    Ağanın evində pul yığın-yığın,

    Toplayıb ellərin yağın, qaymağın.

    Yağlı kəbab yeyib, eşir də bığın,

    Nə vecinə ölüb-qalan, dolanır.

     

    Kasıb-qonşu verən paya göz tikir,

    Qocaldır yazığı hicran, qəm, fikir.

    Nə olur, dirilir, quru can çəkir,

    Baxanlar da deyir filan dolanır.

     

    Can şirindi, oda qalana bilmir,

    Satılıb, saçılıb talana bilmir.

    Adam var çalışıb dolana bilmir,

    Füqaradan daşbaş alan dolanır.

     

    Çoxdu gün keçirən bal, qaymağınan,

    Eyşi-işrətinən, təmtərağınan.

    Kimi ömür sürür kef-damağınan

    Danışır yetənə yalan, dolanır.

     

    Şəmşir, məzlumları bir-bir yada sal,

    Dövran belə qalmaz deyib el, mahal.

    Bir qarın çörəyə şələkeş hammal,

    Göturub belinə palan dolanır.

    1916

  • Dolaşma

    Dolaşma

    Işıqlı yolumu qaraldan naşı,

    Ayaqda gəz, sən də başa dolaşma.

    Gövdənə ağırlıq etməsin başın,

    Çiləkənə keçmə, daşa dolaşma.

     

    Sözlərimə bir qulaq as gəl indi,

    Mənə olan qiymət, hörmət elindi.

    Nərlə düşmə, hünərini bil indi,

    Düşməyibsən bərkə-boşa, dolaşma.

     

    Nizamsız kotanın olmaz əkəri,

    Öküz yorulubsa olmaz çəkəri.

    Doymə fuqaranı, vurma nökəri,

    Yanar cismin nar-ataşa, dolaşma.

     

    Şəmşir, işinə bax çərxi-ruzgarın,

    Nələr gördün, hara düşdü güzarın.

    Yuva laçınındı yumurta sarın,

    Sar balası, tərlan quşa dolaşma.

  • Dostuna

    Dostuna

    Iqbalı çağıran daməndə qalmaz,

    Müşküldən qurtarar bəli, dostunu.

    Mərd olanın saxəvəti az olmaz,

    Qoymaz büdrəməyə əli, dostunu.

     

    Ot qurtarıb canım dərdə düşübdü,

    Yaz ayında şaxta bir də düşübdü.

    Kürdün işi bu il kürdə düşübdü,

    Unutmasın Həsənəli dostunu.

     

    Şəmşir, yaz naməni nə olur gərək,

    Havalar bəd keçir sıxılır ürək.

    Qarabağlı dostlar axtarsın gərək,

    Sözü şirin bu məzəli dostunu.

    1972

  • Durnalar

    Durnalar

    Yazda səfər edin Murov dağına,

    Batarsız çiçəyə-gülə durnalar.

    Qoyun köç vaxtını bahar çağına,

    Onda gəlin bizim elə, durnalar.

     

    Heyran edərsiniz sular qızını,

    Qatar nəğmənizə xoş avazını.

    Şəkər dilinizdə şadlıq sazını,

    Gedərsiniz, çala-çala durnalar.

     

    Laçın caynağına keçməyin birdə,

    Siz də azad olun, düşməyin dərdə.

    Nəğmənizi hər kim eşitsə yerdə,

    Müştaq olur şirin dilə, durnalar.

     

    Bir vaxt yolunuza çıxanda Qoşqar,

    Şəmşir sizə göy çəmənlər arzular.

    Başcıl vurulmasın, pozular qatar,

    Verməyin fürsəti ələ, durnalar.

  • Durulmadı Heç

    Durulmadı Heç

    Bulanıb möhnətdən qəlbim dəryası,

    Nədənsə bir axıb durulmadı heç.

    Mən usandım dərdi-möhnət çəkməkdən,

    Məhəbbət usanıb yorulmadı heç.

     

    Mahmud qoydu Gəncə mulkunu qaçdı,

    Əsli, Kərəm məzarında gül açdı.

    Qara Keşiş tikan oldu dolaşdı,

    Güllər bir-birinə sarılmadı heç.

     

    Məcnun qaldı qəmli hicran oynunda,

    Sinəsi yaralı, əli qoynunda.

    Leyli deyib gəzdi zəncir boynunda,

    Eşqinin qandalı qırılmadı heç.

     

    Nəsimi də bir nigarım var dedi,

    Çərxin gərdişində bu sitəm nədi.

    Nalə çəkdi, qan ağladı, qəm yedi,

    Pərişan əhvalı sorulmadı heç.

     

    Şəmşir yaralıdı zalım gözəldən,

    Kim oldu işini qurub, düzəldən.

    Bilirsənmi, dünya, səndə əzəldən,

    İnsaf ilə bir iş görülmədi heç.

    1918

  • Döndərib

    Döndərib

    Dost deyib inandiğım, aşikar üz döndərib,

    Aramızda heç bilmirəm bəs nə var, üz döndərib.

    Məhəbbəti buza dönüb, qaynar ürəyin niyə,

    Unudubdu sədaqəti, biilqar üz döndərib.

     

    Xoşdur yerdən göyə qədər bir qəlbi şad eyləmək,

    Yoxsula əl uzadıb kömək, imdad eyləmək.

    Kəbə evin tikmiş olur, qulu azad eyləmək?

    Səd heyf ki, doğru yoldan günahkar üz döndərib.

     

    Bu gərdişin ələyindən hər zaman insan keçir,

    Gün keçir, il dolanır, gərdişi-dövran keçir.

    Gen günündə mənəm deyən dar günümdə yan keçir,

    Mən o günü can dediyim cannisar üz döndərib.

     

    Şəmşirəm, demədim ha şeiri hədər mən sənə,

    Kəc baxırsan, neyləmişəm, gülməşəkər, mən sənə?

    Cəfa çəkdim, can çürütdüm, gör nə qədər mən sənə,

    Qocalmışam, niyə məndən nazlı yar üz döndərib?

  • Dözərmi

    Dözərmi

    Alışmasa səməndərin qanadı,

    Pərvanə yanmasa oda, dözərmi.

    Etməsə mərizə təbib imdadı,

    Olan dərdi çox ziyada, dözərmi.

     

    Gül kimi saralan, solan məni gör,

    Camalına aşiq olan məni gör.

    Gözlərinə həsrət qalan məni gör,

    Müntəzir ay mələkzada, dözərmi.

     

    Məhəbbət daşqındı Kürdən, Arazdan,

    Əndəlib meylini kəsərmi yazdan.

    Kami-dil almadım şahin, şahbazdan,

    Çatmır könlüm bir murada, dözərmi.

     

    Şəmşir tanınmışdı adı-sanından,

    Çıxıb ustadların imtahanından.

    Sevən aşiq keçməlidi canından,

    Verməsə ömrünü bada, dözərmi.

  • Dünyada

    Dünyada

    Səadətdə kəskin oldu kimin baxtı dünyada,

    Kani-saxa nəzər etdi, ya xoşbaxtdı dünyada,

    İbadətdən olma qafil, səxavətdən, həmçinin,

    Əgər olsa əldə varın olan vaxtı dünyada.

     

    Al qəhərin qüdrətini, unutma eylə həras,

    Fəxrlənib olma məğrur, geyinib əlvan libas,

    Həm söhbətdi, həm nəsihət, həm əldə bir əsas,

    Tarac oldu neçələrin tacı-taxtı dünyada.

     

    Hanı Nəmrud, hanı Şəddat,

    hanı Firon – zülümkar?

    Hanı loğmanı-Ərəstun, qoymaz qala ruzigar,

    Hanı İskəndər, Süleyman olan sahib-ixtiyar,

    Kim gəlsə beş gün qonaqdı,

    ölüm haqdı dünyada.

     

    Fəhlə-kəndli muzdurları, füqaranı dağlayan,

    Nərdivan var: enər-qalxar,

    gülər bir gün ağlayan,

    Nakəslərə qardaş deyib, namərdə bel bağlayan,

    Əqli-kamil demək olmaz,

    bir axmaqdı dünyada.

     

    Bişumari lənət şeytana, sədhazari-sədhazar,

    Xalqın malın alma əldən qoçu-quldur, ol kənar,

    Bir misal var: xain artmaz, ədalət açar bazar,

    Küllü-aləm şükür eliyər:- Xoş gün çıxdı dünyada!

     

    Məhəngsən - seç simu-zəri, sərrafısan - bax sözə,

    Kəlmələri şəhdi-şəkər, gah nəsihət, gah məzə,

    Qurbana haqdan mərhəmət, sizdən də rəhmət bizə,

    Dastan deyib, dəftər yazan hanı? - Yoxdu dünyada.

  • Düşdü, Nə Düşdü

    Düşdü, Nə Düşdü

    Könlüm arzuladı eli uzaqdan

    Oylaqlar yadıma düşdü, nə düşdü...

    Kəpəz, Murov, Ağdaş, Qonur, Taxtadüz.

    O dağlar yadıma düşdü, nə düşdü...

     

    Yelligəzin o al-yaşıl sinəsi,

    Çobanın mahnısı, quzunun səsi,

    Həmzə çəməninn tər bənövşəsi,

    Yaylaqlar yadıma düşdü, nə düşdü...

     

    Qaragölün təmiz, sərin havası,

    Qızılarxac-tülək tərlan yuvası,

    Şəkər keşmələri dərdin davası,

    Bulaqlar yadıma düşdü, nə düşdü...

     

    Şəmşir necə dözər belə möhnətə,

    Faraqa, firqətə, dərdə, həsrətə!?

    Gəlib qulaq asan saza, söhbətə,

    Qonaqlar yadıma düşdü, nə düşdü...

    1919

  • Düşmüşəm

    Düşmüşəm

    Olmaz belə oyun, kələk

    Mən nə azara düşmüşəm.

    Bir nakəsin qovğasından,

    Çox ahu zara düşmüşəm.

     

    Olmaz bundan qədir bilən,

    Bir fasıqdı-üzə gülən.

    Nə gedən var, nə də gələn,

    Niyə avara düşmüşəm.

     

    Vicdanına yoxdu güman,

    Insaf, mürvət bilməz, inan.

    Heç tanımaz ilqar, iman,

    Gör gəlib hara düşmüşəm.

     

    Fitnələr yağır gözündən,

    Şəmşir, onun qaç üzündən,

    Üşüyürəm hər sözündən,

    Sanki mağara düşmüşəm.

  • Düşə Bilməz

    Düşə Bilməz

    Bir ocaq qalasan palıddan qala,

    Samandan heç zaman köz düşə bilməz.

    Namusa deyiblər alınmaz qala,

    Qorusan səmtinə iz düşə bilməz.

     

    Ləkə düşə biıməz günəşə, aya,

    Işıq salar yerə ərşi-əlaya.

    Xilqətən yaraşır gəlinə haya,

    Öz şahlıq taxtından qız düşə bilməz.

     

    Mayasına haram qatmayan insan,

    Kəsalət yuxusu yatmayan insan.

    Məsləkini pula satmayan insan,

    Elin nəzərindən tez düşə bilməz.

     

    Qarşıya dağ gəlsə, bacar aşasan,

    Yer var ki susasan, yer var coşasan.

    Şəmşir, sən nə qədər ömür yaşasan,

    Daha pis günlərdən söz düşə bilməz.

  • Düşən Yerdə

    Düşən Yerdə

    Yaltaqlanma-çəkəcəkdi mərd olan,

    Dostun təsivini söz düşən yerdə.

    Bir bacaran insan, yüz sualçının,

    Verər cavabını tez düşən yerdə.

     

    Tələsmə baxtının qabı dolunca,

    Əl atla bir paya sənin olunca.

    Tək düşmə əjdaha, pələng dalınca,

    Şirin pəncəsindən iz düşən yerdə.

     

    Cığırsız su kimi azma kənara,

    Ustadan əl üzüb baxma kənara.

    Yeri öz xəttinlə, çıxma kənara,

    Yolun bir mənzilə düz düşən yerdə.

     

    Şəmşir, bu söhbətin, sazın vaxtı var,

    Işvənin, qəmzənin, nazın vaxtı var.

    Hər fəslin, zamanın, yazın vaxtı var,

    Bahar gülmü açar buz düşən yerdə.

  • Düşəndə Yar

    Düşəndə Yar

    Ahım ərşə bülənd olur,

    Yadıma sən düşəndə, yar.

    Qızıl gülün rəngi solur,

    Alov vurub bişəndə yar.

     

    Tollarında sinə gərdim,

    Dərmansızdı sənsiz dərdim.

    Camalın şöləsin gördüm,

    Səmada, kəhkəşanda, yar.

     

    Çəkiləndə Şahbaz adı,

    Canım cismimdə oynadı.

    Şirin deyib qan ağladı,

    Fərhad dağı deşəndə, yar.

     

    Qüdrət sənə verib bəzək,

    Həsrətinə necə dözək.

    Şəmşirəm, gəl qoşa gəzək,

    Bahar çağı gülşəndə yar.

    1972

  • Düşəndən Bəri

    Düşəndən Bəri

    Məni atəşlərə, oda qaladın,

    Sevgilim, eşqinə düşəndən bəri.

    Əlbət rəhmi-mürüvvətin yox imiş,

    Mən olmuşam bir divanə sərsəri.

     

    Göz-gözə baxmasa mehriban olmaz,

    Sevib-sevilməyən bir insan olmaz.

    Sən kənar keçməsən bağrım qan olmaz,

    Eşq ilə yazılmaz sinəm dəftəri.

     

    Saldın canim bu fərağa baxmadın,

    Mən nökərəm, sənsən ağa, baxmadın,

    Yoncumağa, yalvarmağa baxmadın,

    Yanında sözümün yoxdu kəsəri.

     

    Şəmşir bəs dərdini hayana desin,

    Hansı atəşlərdə yanana desin.

    Soruş əhvalımı pərvana desin,

    Müsibət çəkmişəm, bil, müxtəsəri.

  • Düşər

    Düşər

    Payız olcaq soyuqlaşar havalar,

    Duman çəkər, dağ başına qar düşər.

    Nə gözəl demişdi ulu babalar,

    Hər işi tez başa insanlar düşər.

     

    Əldən uçan tərlan quşa dönübsən,

    Demirəm ki, məndən haşa dönübsən.

    Soyumuş tufanlı qışa dönübsən,

    Yollarına tüpü, boranlar düşər.

     

    Arif işarədən mətləb duyardı,

    Ellərə aydındı, aləmə cardı.

    Mənim pak ürəyim yazdı, bahardı,

    Qohum gəlsə, bağçamıza bar düşər.

     

    Şəmşir qocalıqda olmamış sərsəm,

    Əhdi-ilqarına müqəddəs kəsəm.

    İnanma, yalandı etsələr qəsəm:

    Laçın yuvasına qarğa, sar düşər.

  • Düşərmi

    Düşərmi

    Ağıldan, kamaldan kəm olmayan kəs,

    Divanə olarmı, çölə düşərmi.

    Yolundan çıxmayan qala yetişməz,

    Bədnam olub dildən-dilə düşərmi.

     

    Qəza kəməndindən qurtarmış bayaq,

    Bu çətin ağrını unudur ancaq.

    Haram cığır ilə getməyan ayaq,

    Görən, sənə nahaq tələ düşərmi.

     

    Sən qəlbi ipək ol, daş, dəmir olma,

    Qonuya-qonşuya bəd fikir olma.

    Yaxşı gün görəndə naşükür olma.

    Gözəl gün hər zaman ələ düşərmi.

     

    Girmə döyüşünə danasan, nərin,

    Anla hünərini bir düşün dərin.

    Felinə aldanma hər dərbədərin,

    Körpünü axtaran selə düşərmi.

     

    Şəmşir doğru yoldan qafil olmamış,

    İlqar şərabını eyləmişəm nuş.

    Şeytan tədbirinə yetirməyən guş,

    Qəzaya uğrayıb felə düşərmi.

    1969

  • Dərin Gəz

    Dərin Gəz

    Sən geşt eylə, dəryalardan al ləli,

    Dərin axtar, dərin ara, dərin gəz.

    Dilək dilə, rizqin istə, al, ləli,

    Səxalıdı, nər igidin dərin gəz.

     

    Nakəs eli dərd oduna qaladı,

    Insan getsə dəhr içində qala adı,

    Sənə yaxşılığın səngər qaladı,

    Sərt qayalar, dərin dağlar, dərin gəz.

     

    Gəl Şəmşirin yaz adını saya sal,

    Çətin işin asan eylə, saya sal,

    Təbibimsən aç yaramı, saya sal,

    Xəstələrin tez sağalsa, tərin gəz.