-
Bu Dərdi
Bu Dərdi
Aşiqinə can deyərdin əzəldən,
Üzün dönüb necə çəkim bu dərdi.
Gileyliyəm o ilqarsız gözəldən,
Bağ bəslədim güllərini, bu dərdi.
Say dərdini, əlli azdı, gəl yüzə,
Qəvvas könül, çıx dəryadan, gəl uzə.
Aman, təbib, mənlə qarşı, gəl üzə,
Söylə: xəstə, sənə dərman bu dərdi.
Şəmşir, eşqin kitabını, aç, ara,
Sadaqətdən mətləb dilə, a çara,
Mərd qapısı möhtac olmaz açara,
Mənə barat etdiyiniz bu dərdi.
-
Bu Gözlər
Bu Gözlər
Min bəzək vurubdur hilal qaşına,
Nurdan vuqarını alan bu gözlər.
Əgər əmr eləsə minnətdarıyam,
Deyir, dur başıma dolan bu gözlər.
Rəhmin əfsunudu eləməz xətər,
Əl tutar dar gündə imdada yetər.
Qul olum qapında, qoy olum nökər,
Olacaq qeydimə qalan bu gözlər.
Gövhər sən olarsan, dürr sən olarsan,
Saxlayan ürəkdə sirr sən olarsan.
Ilqarına doğru bir sən olarsan,
Şəmşiri yadına salan bu gözlər.
-
Bu Gözəlgilə
Bu Gözəlgilə
Zimistan dolandı, gəldi novbahar,
Bülbül aşiq olub bu gözəl gülə.
Dünyadan bimurad getrmərəm, əgər,
Bu gözəl danışa, bu gözəl gülə.
Söz deməyə çox utanır bir üzüm,
Sən izin ver, qoy gölündə bir üzüm.
Xəstə üçün qıysan bir nar, bir üzüm,
Qoynunda əzilər bu gözəl gilə.
Çətin uca, bir ürəyə qona qəm,
Şəmşirə de: gəl, ləbimi, qonaq, əm.
Ey dost, bu gün bir mələyə qonağam,
Gəl gedək mənimlə bu gözəlgilə.
-
Bu Yerlərə
Bu Yerlərə
İnsanın ömrünün vəfası yoxdu,
Doluxan gözlərim, bax bu yerlərə.
Qocalıq əl verib, arzum nə çoxdu,
Ürək pərvazlanır, çıx bu yerlərə.
Qışda qışlamışam, mayda gəzmişəm,
Yazda yaylağımdı, yayda gəzmişəm.
Cənnət olan səkkiz ayda gəzmişəm,
Güzarım düşübdü çox bu yerlərə.
Kəskin taleyimə gətirdim pənah,
Heç kimsə çəkməsin bir də fəryad, ah.
Hamının üzünə açılsın sabah,
Atılmasın qəmli ox bu yerlərə.
Qalmasın xaraba yaylaqlar elsiz,
Ne bağlar çiçəksiz, nə bağça gülsüz.
Tarlalar olmasın sarı sünbülsüz,
Dağlar çəkilməsin, yox, bu yerlərə.
Şəmşir, hicran dərdi yazmasın qələm,
Ağzı xeyir sözlü, duakar diləm.
Bir nurlu şəfəqə bələnsin aləm,
Nəsib olsun gözəl vaxt bu yerlərə.
1943
-
Buludlar
Buludlar
Mənim fəryadımdı dağın çiskini,
Nəfəsimin çıxarıdı buludlar.
Uşaqkən ağladım çəkdim pis günü,
Göz yaşımın axarıdı buludlar.
Nökər-naib oldum zülümkara mən,
Mənsur kimi çəkilmişəm dara mən.
Alovlanib ha yanmışam nara mən,
Atəşimin buxarıdı buludlar.
Sənələr dolandı keçdi yaşımdan,
Şəmşirəm, o günlər çıxmır huşumdan,
Tüstüm duman kimi qalxır başımdan,
Məndən xeyli yuxarıdı buludlar.
1916
-
Buzluğun
Buzluğun
Kəsibsən aranı, Bəzirgan dağı,
Bilmirəm necədi halı Buzluğun.
Qoy görünsün Həmzəçəmən, Qaragöl
Daş arası, çilik yağı Buzluğun.
O çəkir kamana qışın qarını,
Doldurur çox dərin kahalarını.
Heç əksik eləmir buz anbarını,
Buzu yaydan yaya qalı Buzluğun.
Bir yanı Qanlıgöl, üstü Taqqıldaq,
Ana vətənimdi o gözəl torpaq.
Şiş dağ, Çöplü, qardaşı var-Sarı dağ,
Bir də Yəhəryurddu qolu Buzluğun.
Sərt eniş, Şırransu, ayağı Şaban,
Qoşa turşbulaqlı o Çayqarışan,
Döyüşlərdən çıxan köhnə Ağdaban,
Olmuş əzəllərdən eli Buzluğun.
Şahin, şahbaz, qızılquş gəlir ona,
Kəkliyin nəğməsi xoş gəlir ona.
Səhərin küləyi tuş gəlir ona,
Əksik olmaz sərin yeli Buzluğun.
Baharda bəzənir gül bənövşəyə,
Bənzəyir göy otu məxmər döşəyə.
Baxır Carcarlığa, Kəkil meşəyə,
Uzanır hər yana əli Buzluğun.
Şəmşir ayrı düşüb qələmqaşından,
Bir keçəydim Çaxmaqlının qaşından.
Mirzə çəpərindən, Sandıq daşından,
Gedir kəndimizə yolu Buzluğun.
1967
-
Bülbül
Bülbül
Belə həzin-həzin, qəmli oxuma,
Yaralı sinəmi dağlama, bulbül.
Dərdin qəmli ürəyimə toxuma,
Aflayan yanında aglama, bulbül.
Bir sözdü dünyada qalan yadigar,
Bu gərdişin at işləməz yolu var,
Bifəfa ömürə etmə etibar,
Nə də fələyə bel bağlama, bulbül.
Şəmşir, görmə bir də hicran dağını,
Külək keçirməsin şam, çırağını.
Könül dəftərinin ağ varağını,
Sən də qara rəngə zağlama, bulbül.
1915
-
Bəli Hey
Bəli Hey
Cavan aşıq, bizim ellər bəyəndi,
Sidq ürəklə o tutduğun yolu hey.
Pürvüqar eylədin obanı, kəndi,
Qüddrətinə hamı dedi bəli, hey.
Bağ salmışam çiçəklidi hər yanı,
Hədiyyədir sizin üçün bir yanı,
Dağ küləyi silkələyir dəryanı,
Dənizlərin əksik olmaz yeli hey.
Deyirlər oğuldu hər ana doğmuş,
Məlum oldu səni nər ana doğmuş.
Bəlkə ikimizi bir ana doğmuş,
Öyrənmişik anamızdan dili hey.
Qiymət verdin Ələsgərə, Qurbana,
Tufarqan Abbası gətirdin cana.
Şerini bənzətdin baği-gülşana,
Sanki açdı ilk baharın gülü hey.
Yaz lalalı dağlar, qışda ağ ətək
Mahalı çox dolandıran ağa tək.
Şəmşir bir gün bürünəndə ağa tək,
Bağlı gedər bellərinə beli hey.
1968
-
Bəlkə
Bəlkə
Ləbinin şirəsi, güllərin xası,
Arılar ağzından süzülüb bəlkə.
Dəhanında olar bal müsəffası,
Qaymaq dodağında əzilib bəlkə.
Zəbərcət yazılıb qaşa xalların,
Gözəl, sənin o tamaşa xalların.
Büllur buxağında qoşa xaların,
Dağlar çiçəyindən süzülüb bəlkə...
Şəmşirəm, var çox məlalı canımın,
Harda qaldı el, mahalı canımın.
Ay cavan qız, xəstə halı canımın,
Biilqar yolunda üzülüb bəlkə.
-
Bənövşə
Bənövşə
Yaranmışın anasıdı bu torpaq,
Sənə də süd verir ana, bənövşə.
Bir bu təbiətin qüdrətinə bax,
Baharda gəlirsən cana, bənövşə.
Cənnətdən alıbsan hüsnü,camalı,
Behiştdən gəlibsən teli xınalı.
Bircə bu dərdindən olmadım halı,
Boynunu bükürsən yana, bənövşə.
Baharda boyanır atlaz yarpağın,
Torpaqdan yaranıb rəngin, boyağın.
Günəş boylananda pörtür yanağın,
Girirsən al-yaşıl dona, bənövşə.
Şəmşir sığalını başına çəkdi,
Sənin tək tez solan hansı çiçəkdi.
Bilmirəm ömrünüz niyə gödəkdi,
Kim qərar veribdi buna, bənövşə.
-
Bənövşə
Bənövşə
Yaz olanda bizim uca dağlarda,
Öpüşür gül, çiçək, lala, bənövşə.
Maralların, cüyürlərin gözündən,
Utanıb, qısılır kola bənövşə.
Səndəki nə işvə, nə ərki-nazdı,
Boynunu bükməsən məgər olmazdı?
Belə gödək ömrü kim sənə yazdı,
Kim qıyardı açıb, sola bənövşə.
Nolar yuxarı tut, barı, boynunu,
Üşütməz dağların qarı qoynunu.
Sən əyəndə yelə sarı boynunu,
Mən çəkirəm ahu nalə, bənövşə.
Çağırdım səsimə hay verdi bahar,
Sözdən ürəyimə çay verdi bahar.
Səni gözəllərə pay verdi bahar,
Bəzəksən buxaqda xala, bənövşə.
Şehdən çəmənlərə ətir səpir yaz,
Durmaz köynəyindən çıxar telli saz.
Şəmşir qocalıqdan inciyib bir az,
Gəlib ki, könlünü ala bənövşə.
1971
-
Bənövşəni
Bənövşəni
Novbahar yuxudan gözün açanda,
Yetirir bu çəmən, bağ bənövşəni.
Taxır buxağına qızlar, gəlinlər,
Sarı bənövşəni, ağ bənövşəni.
Hər aşiq axtarır sevdiyi yarı,
Çiçək həsrətini çox çəkir arı.
Əriyib axanda dağların qarı,
Düzür sinəsinə dağ bənövşəni.
Sən də qəmin çadrasını atıbsan,
Dərdi-sərsiz kol dibində yatıbsan,
Şəmşir kimi mətləbinə çatıbsan,
Gördum indi kefi çağ bənövşəni.
-
Bəri
Bəri
Nə söz qaldı mən deməmiş sənə, yar,
Qəlbimin sirrini açandan bəri.
Divanələr kimi düşdüm dağlara,
Sinəm eşq odunu saçandan bəri.
Çox aşiqlər çəkdi getdi karvanı,
Kərəmi, Sənanı deyim gör hanı.
Geşti-güzar olub gəzdim dünyanı,
Əlimdən tərlanım uçandan bəri.
Dərd əlindən çox adamlar saz aldı,
Biri geri düşdü, biri tez aldı,
Hey dolandı aylar, illər azaldı,
Ömrümün sanından keçəndən bəri.
Fərhad külüng çalıb daşa, saldı səs,
Qaldı qiyamətə almadı qisas,
İstəkli bir dostum oldu muxənnəs,
Bildim ilqarından qaçandan bəri.
Şəmşir, səni yetişdirib bu diyar,
At dərdi, qüssəni, çəkmə intizar.
Bu dünyanın şadlıgı var, yası var,
Nizami, Füzuli keçəndən bəri.
1929
-
Bəsimdi
Bəsimdi
Inan, meylim yoxdu özgə bağında,
Öz bağçamın boldu narı, bəsimdi.
Qailəm qəlbimin qoca çağında,
Alması, heyvası, narı bəsimdi.
Govhər sərrafıyam bez axtarmıram,
Hər alçaq baxışlı göz axtarmıram.
Sənin kimi gəlin, qız axtarmıram,
Var evimdə gözəl qarı, bəsimdi.
Yapalaq, yarasa bəyənmir günü,
Getməz viranədən bayquşun ünü.
Deşər ürəyini dəvənin kini,
Göz yumuram sənə sarı, bəsimdi.
Məni el tanıyır, sən tanımırsan,
Səndə yoxdu iman, din tanımırsan.
Gəl dolan Şəmşirdən gen, tanımırsan,
Çoxdu taleyimin varı, bəsimdi.
-
Can Deyək
Can Deyək
Mirzə İbrahimova
Al sazını gəl meydana, ay aşıq,
Bu sərrafa, xiridara can deyək.
Təmiz qəlbin sədaqətin eşqinə,
Onda olan düz ilqara can deyək.
Qələmi kəskindi, sözü şirindi,
Onu alqışlayır göy Xəzər indi.
Qaynar təbi dəryalardan dərindi,
Borcumuzdu sənətkara can deyək.
Alovlu ocaqda o qalacaqdır,
Mərd ata övladı şad qalacaqdır.
Bu dünyada təmiz ad qalacaqdır,
Biz də təmiz insanlara can deyək.
Xalqın alqışıdı axır, əzəlim,
Təmizdir sənətim, xoşdur əməlim.
Şəmşirin dostusan, Mirzə müəllim,
Vurğun qoyan etibara can deyək.
-
Canım
Canım
Gəl dərdini eləmə faş,
Döz möhnətə dayan, canım.
Gözlərindən axıtma yaş,
Qəm oduna yanan canım.
Ağrıyanda bədən, kürək,
Sıxılmazmı onda ürək.
Belə hicri çəkən gərək,
Var nə atan, anan, canım.
Məclislərdə düşür bəsin,
Istəyirsən hər bir kəsin.
Dağa yaylım salan səsin,
Niyə olub yalan, canım.
Başımda huş hələ cəmdi,
Gur nəfəsim nədən kəmdi.
Bais kimdi, dərdi-qəmdi
Sənin fikrin, inan, canım.
Payız olcaq, düşür yarpaq,
Əcəl qoymaz bir göz qırpaq.
Bir gün sənə qara torpaq,
Olmalıdı məkan, canım.
Vermə meylin müsibətə,
Salma sözün əziyyətə.
Peyvənd kimi zəlalətə,
Demədim ha calan, canım.
Şəmşir dayan, sən ki dağsan.
Dost yanında üzü ağsan.
Nə qədər ki indi sağsan
Ye, iç kef çək dolan, canım.
-
Ceyrana Bənzər
Ceyrana Bənzər
Ceyran bulağında bir canan gordüm,
Doğrudan özü də ceyrana bənzər.
Bu qoca vaxtımda çoxaldı dərdim,
Sandım ki, irəngim xəzana bənzər.
Dedim, gözəl, bir nəzər sal bəri sən,
Bütün aşıqların dil əzbərisən.
De mələksən, hurisən, ya pərisən,
Hüsnün məlahətdə qılmana bənzər.
Bədənin mərmərdir, ipəkdən gözəl,
Gözü Bulqeyisdən, Göyçəkdən gözəl.
Lalədən, nərgizdən, çiçəkdən gözəl,
Tovuzlarda olan nişana bənzər.
Qaşına gizlicə yazılıb bir xətt
Dəhanda dişlərin düzülüb əbcət.
Sinəsində behişt salıbdır sərhəd,
Qoynu o cənnəti-rizvana bənzər.
Bir tülək tərlandır ovlağında sar,
Mənim o gözələ məsləhətim var.
Qoy deməsin qocalıbdı sənətkar,
Şəmşir eşq oduna yanana bənzər.
-
Danışaq
Danışaq
Göydən dəm vurursan dayanıb yerdə,
Burda tutduğumuz işdən danışaq.
Zəhmətin gücilə tokülən tərdən,
Bu hünərdən-əzəl başdan danışaq.
Dövrümüz azadə olduğu ildə,
Nə şöhrət qazandı obada, eldə.
Sübutun, dəlilin nəyin var əldə,
Yalan yerə niyə beşdən danışaq.
Bizim Fərhadımız dağı yaranda,
Yanında oldunmu dağda, aranda
Soyuqda, yağmurda, qışda, boranda
Yaza nə çıxardın qışdan, danışaq.
Çalışdı, qazandı ellər bu varı,
Xalqıma baratdı öz kəsbi-karı,
Qopdu mərd əlində yerin damarı,
Torpaq sökən kotan, xışdan danışaq.
Sadə danış, coşma belə nər kimi,
Xam olma dünyadan bixəbər kimi.
Vətənin yolunda bir əsgər kimi,
Heç çıxdınmı bərkdən-boşdan, danışaq.
Görürəm xəbərin yoxdu o haldan,
Ov keçib, təzədən ox atma daldan,
Indi obalardan yığdığın puldan,
Həm yediyin yağlı aşdan danışaq.
Aşiq olan sözü yazsın özündən,
Şübhəliyəm sohbətindən, sözündən.
Şəmşir şeiri tanınanda izindən,
Dava nə lazımdı, xoşdan danışaq.
-
Dağa
Dağa
Uşaq ikən vurulmuşam,
Qoşqar, Murov, Dəli dağa.
Istisuyu ana sandım,
Ata dedim, bəli, dağa.
Dağın daşı, düzü qüdrət,
Bulaqların gözü qüdrət
Barat verib özü qüdrət,
Çəmən, çiçək, gülü dağa.
Şəmşir, sən bu gözəl çağda,
Bəxtəvərsən aran, dağda.
Çox gəzmisən Qarabağda,
Bağlamısan beli dağa.
-
Dağarcığı
Dağarcığı
Eləsi var dəyirmana atılır,
Olur bir məzəli toz dağarcığı.
Eləsi var bir quruşa satılır-
Bir qotur keçinin toz dağarcığı.
Aşıq var ki, haram dəymir dilinə,
Aşıq var ki, cannisardı elinə.
Aşıq var göz vurur qıza, gəlinə,
Dolmur, yarımçıqdı göz dağarcığı.
Aşıq var ki, hər nə desən varıdı,
Aşıq var ki, xalqın sənətkarıdı.
Aşıq var kamalda ləl, mirvarıdı,
Doludu xaralı söz dağarcığı.
Aşıq var ki, bir damcıdı, çay olmaz,
Usta var ki, haramxordu bay olmaz.
Aşıq var ki, bir torbaya tay olmaz,
Ay Şəmşir, boşalar tez dağarcığı.
-
Dağlar
Dağlar
Dönürsən cənnətə, baği-behiştə
Bahar sənə qonaq gələndə, dağlar.
Şad olur gərdişə belə göruşdə
Sənin gözəl üzün güləndə, dağlar.
Elə səxalısan qəlbin gen olur,
Hər gəzən xilqətə yaxşı gün olur.
Yurdun, yuvan, oylaqların şən olur,
Ele gəlib yaylağın dolanda, dağlar.
Göz vuranda nər utanar mayadan,
Ağ dumana bürünürsən hayadan.
Qartal, kəklik qulaq asır qayadan,
Aşıqlar sazını çalanda, dağlar.
Indi bildim əğniyamı, yadımı,
Taledən istədim bir imdadımı.
Şagirdlərim qoy çəksinlər adımı,
Hər toy, məclisi olanda, dağlar.
Məni düşmən danar, yenə dost anar,
Səxası kəm olan dolanar kənar.
Arif hayfsınar, ürəkdən yanar
Sözlərim yadigar qalanda, dağlar.
Dünyadan doymazsan yüz il yaşasan,
Dağlar vəfalıdı-vəfasız insan.
Əyilib baş-başa dəyəcək inan,
Şəmşirin dərdini biləndə dağlar.
-
Dağlar
Dağlar
Süsənli, sunbüllü, al-əlvan rəngli,
Çiyələkli, yaşıl meşə ətəkli,
Nərgiz kalağaylı, lalə gərdəkli,
Al bəzəkli, təzə gəlindi, dağlar.
Bütün ərz üzündə gözəllik ondu,
Cənnətin zəvvarı hüsnünə qondu.
Dilsiz qayaların maqnitafondu,
Şadlığın sazını çal indi, dağlar.
Atlanır novbahar olanda əmir,
Yaylaqlardan nə xoş gəlir səs səmir,
Könül bənövşəsi şeirində çimir,
Bülbülə gəl deyir gül indi, dağlar.
Buz altından çıxır qaynar bulaqlar,
Al yaşıl bəzənir yollar-yolaqlar,
Çəmən-çiçək bir-birini qucaqlar,
Ləzzətin obanın, elindi, dağlar.
Qüdrətdən verilib sənə yaraşıq,
Istəyin qəlbimə olur sarmaşıq.
Şəmşiri əzəldən sən etdin aşıq
Unutma, yadına sal indi, dağlar.
-
Dağlar
Dağlar
Boyu uca, hüsnü qəşəng,
Mənə söz ver, söz al, dağlar.
Aşıq kimi gəl deyişək,
Sən də ələ saz al, dağlar.
Sıx meşəlik-ətəklərin,
Sarı sünbül-birçəklərin.
Solmasın gül çiçəklərin,
Qoy olmasın xəzəl, dağlar.
Sona yalqız üzə bilməz,
Ceyran yarsız gəzə bilməz.
Şəmşir sənsiz dözə bilməz
Ana yurdum-gözəl dağlar.
-
Dağlar
Dağlar
Gəldim Göyçə mahalına,
Gördüm bir çox təzə dağlar
Heyran qaldım ağ xalına,
Ay hüsnü mey, məzə dağlar.
Duman çöküb dağa-daşa,
Buludlar su səpir başa.
Qucaqlaşa-qucaqlaşa
Sel axıdır düzə dağlar.
Xəbər aldım: o ha yandı,
Başı qarlı ağ dumandı?
Dedilər: o Dağıstandı,
Niqab çəkib üzə dağlar.
Şəmşir, səndə söz yaşadı,
Murov, Qoşqar yanaşıdı.
Qızılarxaca oxşadı,
Görünəndə gözə dağlar.
-
Dağlar
Dağlar
Qüdrətdən binəli, səngər qalalı,
Sayılmaz qapılı, bacalı dağlar.
Səndəki qurğunu cahi-cəlalı
Görən hər bir insan ucalı, dağlar.
Başın dumanlıdı, köksün meşəli,
Yaylağın laləli, gül bənövşəli,
İnsan bivəfadır, siz həmişəlik,
Borc olur insanın əcəli dağlar.
Sənin qəmin yoxdu qardan, küləkdən,
Kam alırsan hər arzudan, diləkdən.
Təmənna eyləsək qoca fələkdən-
Verərmi möhləti, macalı, dağlar.
Mən səni görməsəm canım üzülər,
Çiçəyindən yazda şəbnəm süzülər,
Yay olanda körpə əmzik quzular,
Yatar sinən üstə, dincəli, dağlar.
Təmiz havan ərmağandı, sovqatdı,
Həmi səadətdi, barlı-baratdı,
Sərin bulaqların abi-həyatdı
Şəmşir səndə niyə qocalı, dağlar.
1962