(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Bax

    Bax

    Qoca dünyaya inandım, sən bu əqli-huşa bax,

    Ətrafımdan yoxa çıxan dosta, yoldaşa bax.

    Külüng çalan, dağlar yaran qəhrəmanlar hardadı,

    Fərhadları yola salan bu çərxi-gərdişə bax.

     

    Ey zəmanə, özün dedin: adımı çağır mənim.

    Köhlən kimi coşdun cütə, boynumdu yağır mənim.

    Niyə tutdun dərdi-qəmdən yükümü ağır mənim.

    Bu ilqara, etibara, sən tutduğun işə bax.

     

    Dost ki dosta hiylə qurmaz, ay səxası kəm belə.

    Qüssə, möhnət yükünü sən verdin mənə cəm belə.

    Nə insafa, nə mürvətə olmadın sən möhkəm belə,

    Aldandım sənin hiylənə məndə olan başa bax.

     

    Heç bilmədim, vəfasızsan belə hər zaman, niyə,

    Gah dolursan, boşalırsan çox olur tufan, niyə:

    Dünən gəlir, bu gün gedir bir belə insan niyə

    Ömür xəzan yarpağıdır, dörd gün keçər, beşə bax.

     

    Bir tərəfdə toy balaban, bir tərəfdə yas nədi,

    Bir yanında eyşi-eşrət bir yanda həras nədi.

    Həm yalançı, həm talançı, məqsədi-əsas nədi,

    Bir tərəfdə ilk bahardır, bir tərəfdə qışa bax.

     

    Qoltuğuma qarpız verib, yaxşı ucaltdın məni,

    Dolandırdın, ovundurdun, yordun, gicəltdin məni,

    Əldən aldın cavanlığı, niyə qocaltdın məni,

    Kövrəltdin aşıq Şəmşiri, gözlərimdə yaşa bax.

  • Bax İndi

    Bax İndi

    Bütün əməlləri, partiyamızın

    Yetir bu dövranda başa, bax indi.

    Ellər bir-birindən qalmır geridə,

    Firavan yaşayır qoşa, bax indi.

     

    Gördüm bu zamanın gözəl çağını,

    Çiçəkli dağlarda inək sağını,

    Aran çöllərində ağ pambığını,

    Görüb sevin, et tamaşa, bax indi.

     

    Eşit fərhadların külüng səsini,

    Göylərə uçmaga insan bəhsini.

    Şəmşir, xalqımızın şən həvəsini,

    Soylə, yaşa, gəlir xoşa, bax indi.

  • Baxanda

    Baxanda

    Könlümdə gül açdı, gözümdə bahar,

    Yolun düşüb bizim elə baxanda.

    Bir yanında lalə, bir yanında qar,

    Üzün gülər dönüb belə baxanda.

     

    Bizim sarı dağdı dağlar göyçəyi,

    Çaxmaqlının süsən, sünbül birçəyi.

    Dağ otuyla təzə yemlik çiçəyi,

    Dilsizi gətirir dilə, baxanda.

     

    Turş suyun bulağı bu Çayqarışan,

    Buzluğun çayıdı sellənib daşan.

    Al bəzənir Ağdabanla Yolaşan,

    Doymaz gözüm Çöplü gölə baxanda.

     

    Baxasan hər yana Kəkil meşədən,

    Ruhun ətir alar tər bənövşədən.

    Sanki zivərlənib büllur şüşədən,

    Şövqün artar çəmən, gülə baxanda.

     

    Zəmanə şəhərə döndərib kəndi,

    Çoxdandı bərkiyib bərəsi, bəndi.

    Bu ana torpaqda, itirmə zəndi,

    Çox sərvət görərsən hələ, baxanda.

     

    Seyr etmək istəsən sən bu dağları,

    Yazın son ayında səfər et barı.

    Hərdən nəzər də qıl Murova sarı,

    Şəmşir ilə Qaragölə baxanda.

    1968

  • Baxıram

    Baxıram

    Pəncərədən el yaylağı görünür,

    Ara köks ötürüb, ara baxıram.

    Laçın qaya ağ dumana bürünür,

    Könlüm düşür intizara, baxıram.

     

    Yolunu yerimir tuş ayaqlarım,

    Aparmışmı sizi huş, ayaqlarım?

    Yeriməz olbdu quş ayaqlarım,

    Yanım üstə ovlaqlara baxıram.

     

    Diləyərdim hasil ola diləyim,

    Şəmşir, qocalıqdan çoxdu gileyim.

    Əl yetişmir, ünüm yetmir neyləyim,

    Uca dağ başında qara baxıram.

  • Bayram Günləri

    Bayram Günləri

    Aşıq gərək xalqa tərif yaza bayram günləri.

    Əlində saz şirin avaz gəzə bayram günləri.

    El nəfinə yaxşı danış eşidən əhsən desin,

    Gülür yenə novbahartək üzə bayram günləri.

     

    Görürsənmi al bəzəkli bizim bu şən elləri,

    Yel əsəndə ləpələnər süsəni, sünbülləri.

    Avazla nəğmə oxuyur vətənin bülbülləri,

    Xoşbxətlik hər gündə olub bizə bayram günləri.

     

    Lalə, nərgiz, tər bənövşə bizdə açdı ilk bahar.

    Şəmşir, xoşdu səadətin, oldun əcəb bəxtiyar,

    Arzu çəkən başqa yerdə hansı bir məxluq ki var,

    Qismət olsun bizim kimi sizə bayram günləri.

    1968

     

  • Bağışla Məni

    Bağışla Məni

    Xətrinə dəymişəm, səhv eyləmişəm,

    Yanaqları lala, bağışla məni.

    Min dəfə qurbanın olum demişəm,

    Salma müşgül hala, bağışla məni.

     

     

    Əzəl gündən sevdim səni axı mən,

    Buxağı bənövşə, zülfü yasəmən.

    Indi belə ədavətli olma sən,

    Ağ üzündə xala bağışla məni.

     

    Ziyarətim var qaşına, gözünə,

    Qul kəmtərəm qulluq edim özümə.

    Ixtiyar ver üzüm sürtüm üzünə,

    Ləblərində bala bağışla məni.

     

    Qocalıqda üz döndərmə, qadası,

    Gələrmi aşığın sənsiz sədası.

    Xəstə dərmanıdı ləbin badəsi,

    Ver sən piyala, bağışla məni.

     

    Sən bu evə gəlin gələndən bəri,

    Şəmşirəm fədaya sərf etdim səri.

    Bircə kəlmə inciməkdən ötəri,

    Küsmə, gül camala bağışla məni.

  • Başına

    Başına

    Bir gün işi düzəlməsə arvadın,

    Deyər olsun kül kişinin başına.

    Dava salar, səsə gələr qonşular,

    Tez yığılar el kişinin başına.

     

    Əzəli şirindi, şəkərdi, baldı,

    Əgər biilqarsa hörmət azaldı.

    O zaman gözümün odunu aldı,

    Bir dağ çəkər zol kişinin başına.

     

    Çoxları canına eyləyir qəsdi,

    Artıq tamah insanlara əbəsdi.

    Kişiyə ismətli bir qadın bəsdi,

    Yığılmasın bol kişinin başına.

     

     

    Qəbul edin sözüm sözə yarasa,

    Şəmşiri əfv edin nöqsanı varsa.

    Bihəyadan hər kim qaçıb qurtarsa,

    Bəxtəvər o gül kişinin başına.

  • Başında

    Başında

    Payız ikən, uca Murov,

    Tez görünür qar başında.

    Yenə ildırım çaxnaşır

    Uçur dumanlar başında.

     

    Ətəyində otlar əlik,

    Daşlarında səkər kəklik.

    Qalmaqaldı həmişəlik

    Sənin baxtavar başında.

     

    Şəmşir, etmə fikir, xəyal,

    Mətləbini halaldan al.

    Qocalsan da, əqli-kamal

    Azalmayıb, var başında.

  • Beh Mənə

    Beh Mənə

    Bu gün çəmənzara qonaq gəlmişəm,

    Nərgiz verdi yarpağında şeh mənə.

    Yelpik çaldı dan yerinin qanadı,

    Sərin-sərin əsdi səhər meh mənə.

     

    Öpdüm yasəməni, sevdim lalanı,

    Göy meşəli, göy bulaqlı talanı.

    Dedim arılarım sizdən “bal” anı,

    Gülümsünüb süsən dedi “bəh” mənə.

     

    Məni yetirib elə aşiqəm,

    Dərd bilənə, əhli-dilə aşiqəm.

    Bilirsənmi niyə gülə aşiqəm,

    Bunlar çoxdan vermişdilər beh mənə.

     

    Bu səbəbdən vurrulmuşam çiçəyə,

    Torpağın qəhrini unudum niyə.

    Bağça bəsləmişəm can deyə-deyə,

    Nə lazımdı, ayaq basım, lehmənə.

     

    Təbim bülbül kimi bağa bağlıdı,

    Elin meyli yaz yaylağa bağlıdı.

    Şəmşirəm çox sözüm dağa bağlıdı,

    Kim deyər ki, bu nə sözdü, “eh” mənə.

  • Betər

    Betər

    Dostlar, bir qəm məni yaman yandırdı,

    Cəhənnməm odundan, nerandan betər.

    Isti bədənimi buza döndərdi,

    Qışdakı tufandan, borandan betər.

     

    Qarı düşmən yaman dərdi-bəladı,

    Alışdırıb cismim oda qaladı.

    Bədənimi şahmar kimi daladı

    Əqrəbdən, ilandan, çəyəndən betər.

     

    Getmir ürəyimdən bu möhnət dağı,

    Hədər yerə yaxın sandım alçağı.

    Sinəmə ox atdı oxlanmış yağı,

    Güllədən, nizədən, kamandan betər.

     

    Bir söz üstə alışıram, yanıram,

    Sirrimi deməyə mən utanıram.

    Əzam sıza çəkir, ufuldanıram,

    Yaralı maraldan, ceyrandan betər.

     

    Şəmşir istər halal, təmiz iş görə,

    Haram tikə məni tapmaz bir kərə.

    Bu məsəldi, elə oddan kül törər-

    Ara qarışdırar şeytandan betər.

  • Bil

    Bil

    Gözəl, adın nundu, yeydi

    Sonrasını demədim, bil.

    Baş hərfin əlif-beydi,

    Harasını demədim, bil.

     

    Hər kim bilsə bu adları,

    Olar mənlə dərdə yarı.

    Özün pünhan saxla barı,

    Orasını demədim, bil.

     

    Maral kimi gizli baxdın,

    Ürəyimi oda yaxdın.

    Sinəmdəki mujgan oxun,

    Yarasını demədim, bil.

     

    Şəmşiri gəz, ara-axtar-

    Səndə olsa düz etibar.

    Iki cismin bir canı var,

    Parasını demədim, bil.

    1957

  • Bilirsənmi

    Bilirsənmi

    Mən çəkdiyim bu həsrəti,

    De görüm sən bilirsənmi.

    Ağlayanda goz yaşını,

    Zülflərinlə silirsənmi.

     

    Unutdun əhdi-peymanı,

    O verdiyin ilqar hanı.

    Oda salıb şirin canı,

    Bu halıma gülürsənmi.

     

    Şəmşirəm sinədəftərəm,

    Elə sanma dəngəsərəm.

    Ha gedirəm, ha gəlirəm,

    Sən bir dəfə gəlirsənmi.

    1972

  • Bilmədin

    Bilmədin

    Cismim sənin hicranından

    Alışdı, yandı, bilmədin.

    Ahu naləm bülənd olub

    Ərşə dayandı, bilmədin.

     

    Könül çıxıb ağır yükdən,

    Dil ahu zar söyləməkdən.

    Nələr çəkib köhnəlikdən,

    O nə zamandı, bilmədin.

     

    Namərdlikdən əlini çək,

    Elimizdən istə kömək,

    Şəmşiri də ara tək-tək

    Dərdi nihandı, bilmədin.

  • Bilmərəm

    Bilmərəm

    O məni çox incitsə də,

    Mən ondan küsə bilmərəm.

    Küssəm də, bil, ümidimi,

    Bir yolluq kəsə bilmərəm.

     

    Neştər vurma yaram qanar,

    Görən-bilən səni qınar,

    Ürəyində dərdinmi var,-

    Qaragöz, nəsə, bilmərəm.

     

    Ilqarını o tərk edə,

    Şüsə könlüm tapar zədə.

    Bulaq üstə verib vədə,

    Gəlsə, gəlməsə, bilmərəm...

     

    Can möhnətə edərmi tab,

    Yanar bağrım, olar kabab.

    Ərşə çəkər bu haqq-hesab

    Özgə yol, kəsə-bilmərəm.

     

    Şirin sözü incə, zərif,

    Ismi pünhan, beşcə hərif...

    Şəmşir ona yazır tərif,

    Nə deyim pisə, bilmərəm.

    1916

  • Bilməz

    Bilməz

    Bərk ayaqda bizim eldə qayda var:

    Geridə bir gəlin, qız qala bilməz.

    Od əskilməz dəmirqara, vələsdən,

    Ardıcın külündən köz qala bilməz.

     

    Huşyarlıq lazımdı zənəndə, ərdə-

    Nəsihət eşidə saxlaya sərdə.

    Ağıl əyləşərmi boş beyinlərdə,

    Tökülər başında söz qala bilməz.

     

    Olarmı bədzatda, bicdə qanacaq,

    Hiylə işlətməkdi adəti ancaq.

    Şeytanın övladı şeytan olacaq,

    Dayanıb yerində düz qala bilməz.

     

    Bayquş şən istəməz eli, obanı,

    Xain ölkə çapar-olsa imkanı,

    Haramdı vicdanı, haramdı qanı,

    Çörəyində halal duz qala bilməz.

     

    Şəmşir sat, var isə söz müştərisi,

    Şahid olsun sənətkarın birisi.

    Görünəndə canavarın sürüsü-

    Qoyundan, davardan iz qala bilməz.

  • Bilməz

    Bilməz

    Dostun bir görüşü dəyər min aya,

    Xoş keçən bir günə il çata bilməz.

    Birləşsə bir çaydır şəffaf bulaqlar,

    Coşğun dəryalara göl çata bilməz.

     

    Neyləsən qışda qalxan tufana dumana,

    Rəhmi gəlməz nə qocaya, cavana.

    Uşub sarayından köçən karvana,

    Üzülən əllərə əl çata bilməz.

     

    Sədaqət, həqiqət ola arada,

    Onu halal saxla getməsin bada.

    Qohumu sağlıqda salasan yada,

    O gəlməz yollara yol çata bilməz.

     

    İtməz ruzigarda qaldı nişanam,

    Ellərin dilinə duşən dastanam.

    İstəkli olana şirinzəbanam,

    Şəmşirin dilinə dil çata bilməz.

    1970

  • Bir Bax

    Bir Bax

    Çəmənli, çiçəkli dağlar başında,

    Yağışlı buluda, dumana bir bax.

    Boğanaqlı külək at oynadanda-

    Yağmura, çovğuna, tufana bir bax.

     

    Kəklik nəğmə deyib, süzür laçını,

    Baxanda qorxudur qartal ovçunu.

    Darayır çaylarda söyüd saçını,

    Sonalar çalxanan ümmana bir bax.

     

    Gündü, aydı keçən ömür sanayan,

    Şəmşirəm, mən dost yolunu tanıyan.

    Əl dəyməmiş yaraları qanayan,

    O mənim sinəmdi-nişaşa bir bax.

    1916

  • Bir Cavan Qıza

    Bir Cavan Qıza

    Tərəqqi vaxtında sadə dolan, gəz

    Düşsən el gözündən dala, çətindir.

    Tərəqqidə tənəzzülü yad sal

    Düşən zaman haldan-hala çətindir.

     

    Hər insanın bir alacaq kamı var,

    Çərxin gərdişində bil ki hamı var.

    Işin öz vədəsi, öz məqamı var

    Açmaz zimistanda lala, çətindir.

     

    Dərdini bilsə də Şəmşir biləcək

    Dərd bilməzlər hədər sanıb güləcək

    Verən olsa sənə bir pay, gələcək

    Verməyəndə yüz qovala, çətindir.

  • Bir Də Gül

    Bir Də Gül

    Cavanın gülməsi qocaya xoşdu,

    Gül, ay qızım, mən qocaya bir də gül.

    Xətt ağarıb, diş tökülüb, üz batıb,

    Gülünc edib o xudaya, bir də gül!

     

    Əlimdən çıxıbdı cavanlıq dəmi,

    Qocalıq dağlayıb bütün sinəmi;

    Qoymur düz danışam əyib çənəmi,

    Salıb məni nə hay-haya, bir də gül!

     

    Bir vaxt cavan idim mən də sizin tək,

    Deyərdin açılıb çəmən, gül, çiçək.

    Sevməzdim çirkini, gəzərdim mələk,

    Etibarsız bu dünyaya bir də gül!

     

    Mənimlə qəmlərə yarı olarsız...

    Gözəlliyin intizarı olarsız...

    Siz də bir gün qoca qarı olarsız....

    Bu gərdişə, bu fənaya bir də gül!

     

    Düşgunə lazımdır verəsən quymaq,

    Axşam ballı qaymaq, səhər qayqanaq;

    Şirin camalından olarmı doymaq?

    Etdiyim bu təmənnaya bir də gül!

     

    Eşq ucundan oda yandı pərvanam,

    Zəhmətdən qaçmıram, mərd doğub anam.

    Deyirdim ov alan qoca tərlanam

    Şəmşir kimi qarçıqaya bir də gül!

    1953

  • Bir Səhər Mehi

    Bir Səhər Mehi

    Göz açdım, ayrıldım şirin yuxudan,

    Əsəndə üzünə, bir səhər mehi.

    Hər kim olsa durmalıdı yuxudan,

    Vuranda üzünə Kəlbəcər mehi.

     

    Nə bəhsə düşübdü Morov, Dəli dağ,

    Bürünüb xalata geyiniblər ağ.

    Şəfalı, dərmanlı həkimlər sayaq,

    Bədəndən ağrını tez kəsir mehi.

     

    Qoşqar, Kəpəz, Çilgəz, Qonur bir cahan

    Geytinin, Məndilin fəsli-gülüstan.

    Pay istəsək İstisudan-o dostdan,

    Eyləyər xəstəni təzə tər, mehi.

     

    Meylim aran gəzir ara dağları,

    Unutmaram getsəm hara dağları.

    Bu gözəl Qafqazın sıra dağları,

    Şəmşirə bir şəfa göndərər mehi.

  • Bir Tərəfdən

    Bir Tərəfdən

    Ey can alan, sənə deyim dərdimi,

    Oxu bir tərəfdən, yaz bir tərəfdən.

    Qıyğacı baxışın alır taqətim,

    Qəmzə bir tərəfdən, naz bir tərəfdən.

     

    Qənd əzilib, bal qatılıb dodağa,

    Xallar xətt olunub lalə yanağa,

    Nərgizi sinəyə, gülü budağa

    Bəzə bir tərəfdən, düz bir tərəfdən.

     

    Mənmlə yad olma sən indən belə,

    Bülbül sənə müştaq, sən də bülbülə;

    Bir danış, heyranam, yar, şirin dilə.

    Seyraqub dinməsin tez bir tərəfdən.

     

    Al başım qoynuna, bulanım tərə,

    Qoy batım, qərq olum müşkə, ənbərə,

    Məsləhət-məşvərət gəlsin bir yerə,

    Söhbət bir tərəfdən, söz bir tərəfdən.

     

    Ya meydi, ya şərbət ləbinin tamı,

    Doludur əlində eşqimin camı.

    Dursun pişvazında gözəllər hamı-

    Gəlin bir tərəfdən, qız bir tərəfdən.

     

    Saqilər dəstinə bir badə kimi,

    Durmuşam yolunda amadə kimi.

    Şahanə məclisdə şahzadə kimi,

    Dolan bir tərəfdən, gəz bir tərəfdən.

     

    Qoyma ki, aşiqin çöllərə düşsün,

    Uçsun əldəlibin güllərə düşsün,

    Vəsfini söyləyək, dillərə düşsün,

    Şəmşir bir tərəfdən, saz bir tərəfdən.

    1938

  • Bir də?

    Bir də?

    Xarabata gedən karvan

    Inanmıram gələ bir də.

    Sarayından keçən insan

    Çətin keçər ələ gələ bir də.

     

    Dostan uzaq ara düşdü,

    Sinəm üstə yara düşdü.

    Bülbül uçdu, hara düşdü,

    Gəlib qonmaz gülə bir də.

     

    Az qalıram oda yanam,

    Mən əzəldən mehribanam.

    Dostum, sənsiz pərişanam,

    Üzüm haçan gülə bir də?

     

    Aramızda var indi sirr,

    Kimə deyim onu bir-bir.

    Daha tapmaz səni Şəmşir.

    Gəzir bilə-bilə bir də.

  • Biri Nə?

    Biri Nə?

    Üç biçimli verim bir neçə sual,

    Biri ağız, biri dodaq, biri nə?

    Üç şey öyrən başın olsun salamat,

    Biri kamal, biri qeyrət, biri nə?

     

    Biri hey danışır əsla yox canı,

    Birisi yetirər, vara insanı.

    Biri məşşatədi, bəzər dünyanı,

    Biri kağız, biri qələm, biri nə?

     

    Biri var, haqq görsə yumar gözünü,

    Biri verməz ələ xeyir sözünü.

    Biri kimi görsə kəsər dizini,

    Biri quldur, biri alçaq, biri nə?

     

    Biri var dilinə verməz qadağa,

    Biri məhəbbətdən qaçar uzağa.

    Biri insanlıqdan düşər ayağa,

    Biri asız, biri paxıl, biri nə?

     

    Şəmşir hamı üçün xoş gün arzular,

    Həmişə arayar ilqar, etibar.

    Bu üç şey dünyada qalar yadigar,

    Biri eylik, biri süfrə, biri nə?

  • Bu Bayramda

    Bu Bayramda

    Bizim ellər səadətdən

    Alır barat bu bayramda,

    Həyatı şən, üzü gülər,

    Ürəyi şad bu bayramda.

     

    Rəhbərimiz dahi Lenin

    Qayğısına qaldı elin;

    Yaxın dostlar, şövqə gəlin,

    Tapdıq nicat bu bayramda.

     

    Bizdədir sılhün ocağı,

    Qəlbin düzü, sözün sağı;

    Bu vətənə girməz yağı-

    Olmuş isbat bu bayramda.

     

    Şəmşir deyir bizik əziz,

    Qəlbimizdi güldən təmiz;

    Plan çəkdi partiyamız-

    Kamil ustad bu bayramda.

    1949

  • Bu Dağlar

    Bu Dağlar

    Demə: tək ağlaram yarsız dünyada,

    Kövrələr ürəyim, ara bu dağlar.

    Gözlərim doluxur düşəndə yada,

    Ara bu yaylaqlar, ara bu dağlar.

     

    Gəl çəkmə yanımda bir də qan adı,

    Yanar pərvanəmin bir də qanadı.

    Yaram qanamışdı, bir də qanadı,

    Qövr elər sinəmdə ala bu dağlar.

     

    Şəmşir, sənə kimdi dərman arayan,

    Su tökən yox, ara alış, ara yan.

    Ovçu güllən ara tutdu, ara yan,

    Hürküşər marallar, ara bu dağlar.