(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Yapışır

    Yapışır

    Bəzən üz çevirib gül qucur xarı,

    Bülbül vəfalıdı güldən yapışır.

    Namərd tapdalayır yıxılanları,

    Mərd də durğuzur, əldən yapişır.

     

    Adam var dünyanın dərdini çəkir,

    Xalqın varlığına eləyir şükür.

    Əğniyalar yer üzündə qan tökür,

    Fitnəyə yol verir, feldən yapışır.

     

    Adam var bəd gündə çox gəlir kara,

    Dostuna can qıyır düşəndə dara.

    Adam var düz yoldan çıxır kənara,

    Ətəyi tikanlı koldan yapışır.

     

     

     

    Adam var özünü edir oyuncaq,

    Tamahla qazanır yemir doyunca.

    Göz çəkmir özgədən ömür boyunca,

    Lutfəsi şeytandır, qaldan yapışır.

     

    Adam var ki, böhtan yardır adına,

    Cəsarətdə dəyməz bivec qadına.

    Şagird var ustadı salmır yadına,

    Ilqarı unudub, puldan yapışır.

     

    Aşıq xeyli gün keçirdi, qocaldı,

    Sözlərim, qədrini bilənə qaldı.

    Uzun kösöv əl yandırmaz, misaldı,

    Nakəs başa düşmür küldən yapışır.

     

    Şəmşir yar qaşına vurulmadımı,

    Axıb çaylar kimi durulmadımı.

    Ha yazdı, yaratdı yorulmadımı,

    Obadan ayrılmır, eldən yapışır!

  • Yara Yaz

    Yara Yaz

    Gəlib təzə, xəbər verin yara, yaz,

    Bəzənsin yaşıla, tez ala gözəl.

    Mən danışım, sən dərdimi yara yaz,

    Götür, əl qələmi tez ələ, gözəl.

     

    Təbiət veribdi gözələ baxtı,

    Hökm etdi, buyurdu göz ələ baxtı.

    Ürək dedi, gözüm gözələ baxtı,

    Yenə məni çəkdi tez ala gözəl.

     

    Şəmşir, de bir sözün yara məndə var,

    Fəryadın dağları yara, məndə var.

    Dərmanı səndədir, yara məndə var,

    Qoyma dərd canımı tez ala, gözəl.

  • Yaralanmamış

    Yaralanmamış

    Dolanıb dünyanı gəzsən ayaq, baş

    Bir ürək tapmazsan yaralanmamış.

    Ana-oğul deyir, bacılar-qardaş,

    Kim qalıb ciyəri paralanmamış.

     

    İnsan varmı hicran qəddin əyməyə?

    Bir bağ varmı xəzan, dolu döyməyə?

    Hanı, kimdi fələk əli dəyməyə

    Sevgili yarından aralanmamış?

     

    Şəmşir, bu dunyada əzəldən bəri

    Dünya bəndə salıb çox hünərvəri.

    Elə baxt varmi ki, olsun dəftəri

    Hicran qələmiylə qaralanmamış.

    1916

  • Yaralı Dağlar

    Yaralı Dağlar

    Yaxşı saxla qaçıb ovu əlindən,

    Sənə bir maralım, yaralı, dağlar.

    Təbib hanı, gəlsin eləsin dərman,

    Sızıldar, ah çəkər yaralı dağlar.

     

    Güllə dəyib bir kohnədən bir indi

    Bayquş kimi salıb dağa bir ündü.

    Ox keçdi sinədən qara büründü,

    Qəlbini çal-çarpaz yaralı dağlar.

     

    Şəmşir ağlar, hanı desin can, ana,

    Yaxşı canı gərək şirin can ana.

    Mən getsəm də vətən qalsın canana,

    Geyinib sallansın yar alı, dağlar.

  • Yaraşmaz

    Yaraşmaz

    Soyuq külək zimistana layiqdir

    Lalə, nərgiz boran, qara yaraşmaz.

    Tutmaz yoldaşlığı qış ilə yazın,

    Qışın fəsli novbahara yaraşmaz.

     

    Insanın insana payı gərəkdi,

    Bir hörməti, haqqı-sayı gərəkdi.

    Igidin münasib tayı gərəkdi,

    Bel bağlamaq qeyri yara, yaraşmaz.

     

    Zatı qırıq nə ad gözlər, nə də san,

    Istəməz ki, uca ola bir insan.

    Sar-yapalaq ola, qarğa-sağsağan,

    Bir yuvada tərlan sara yaraşmaz.

     

    Bihəyanın tutub gözün oyasan,

    Dəmirçinin kürəsində qoyasan.

    Danışanda dodaqların soyasan,

    Düz danışmaq bu yasara yaraşmaz.

     

    Ağıldan kəm, o acıdil, o çirkin,

    Heyif ki, sahibi qalmamış tərkin.

    Şəmşir də əlindən düşər didərgin,

    Belə dərdi deyim hara, yaraşmaz.

  • Yaraşmır

    Yaraşmır

    (xəstəxanada)

    Həkim qardaş, bu xalatı neyləyim,

    Mən dolsam da ətə-qana, yaraşmır.

    Eə bil ki, məndən küsüb köynəyim,

    Boyum yaxşı, nə yamana yaraşmır.

     

    Ömür salıb Mərdəkana yolumu,

    Yaxşı yerə yaman demək olumu.

    Zalım qızı gündə deşir qolumu.

    Iti iynə zərif cana yaraşmır.

     

    Yaz dağın üstünə yaşıl, al çəkər,

    Barama tut yarpağından xal çəkər.

    Cökə çiçəyindən arı bal çəkər,

    Necə deyim zənbur şana yaraşmır.

     

    Ağrı vurur gah başıma, belimə,

    Gündə biri dərman verir əlimə.

    Xalqa tərif deyən şirin dilimə,

    Acı dərman mərdi yana yaraşmır.

     

    Təmiz ad insana şövkət, şan alı,

    Bu qaragöz ha baxdıqca can alı.

    Ağlımı apardı teli xınalı,

    Qoca könül növcavana yaraşmır.

     

    Şəmşir, səni bir də zaman gətirməz,

    Halal xilqət öz əslini itirməz.

    Zalım ovçu şikardan əl götürməz,

    Güllə atmaq o ceyrana, yaraşmır.

  • Yaraşır

    Yaraşır

    Ismi nə gözəldi altı herflə,

    Qara gözlər qələm qaşa yaraşır.

    Yerindədi mərifəti kamalı,

    Güllü kalağayı başa yaraşır.

     

    Nəsli, nəcabəti huridi bəlkə,

    Var olsun belə can yetirən ölkə.

    Göruşünə gəlir göydən məleykə,

    Qamətdə huriyə qoşa yaraşır.

     

    Mən istərəm gülə, göz-qaş oynada,

    Qara xallar nöqtə kimi, boy nida.

    Bulaq ustə samavarı qaynada,

    Ağ barmağa qızıl maşa yaraşır.

     

    Can qurban edəsən bu şirin dilə,

    Şəmşir gərək, gözəl, qədrini bilə.

    Çəmənə, çiçəyə, gülə bükülə,

    Büllur bədən ağ qumaşa yaraşır.

    1972

  • Yaraşır

    Yaraşır

    Azərbaycanımın igid oğluna,
    Qızıl ulduz qoşa-qoşa yaraşır.
    Alqış kamalına,alqış ağlına,
    Zərli tac kamallı başa yaraşır.

    Qəhrəmanlar beşiyidir bu diyar,
    Hələ belə olmayıbdı bəxtiyar
    Su içib səhralar hər yan verir bar
    Bürünübdür al qumaşa, yaraşır.

    İlanlı səhralar verir ağ üzüm, 
    Mədənlər axıdır ləl düzüm –düzüm.
    Qarabağ xörəyim, Naxçıvan duzum,
    Nemət olub başdan-başa yaraşır.

    Şəmşirəm,bu ada oldum minnətdar,
    Vətəni hünərlə edir gülüzar.
    Azərbaycanımızın 60 yaşı var,
    Oğlu çatsın qoy 100 yaşa,yaraşır.

  • Yaxşıdı

    Yaxşıdı

    Köçüb payız, düşəndə qış,

    Gəzməyə aran yaxşıdı.

    Qayaları üşütməsə-

    Dağda qar, boran yaxşıdı.

     

    Sənətkarın dinər tarı,

    Halal bağın uçmaz barı.

    Doğru yolu, düz ilqarı,

    Düzəldib quran yaxşıdı.

     

    Yaşadacaq xoş adəti

    Səadətin səltənəti.

    Hər peşəni, hər sənəti

    Kamil bacaran yaxşıdı.

     

    Şəmşir, dostla ucalıbsan,

    Babalardan guc alıbsan,

    Saç ağarıb-qocalıbsan-

    Bəs indi haran yaxşıdı.

  • Yaxşıdı

    Yaxşıdı

    Bu dostun gəlişi bir bahar oldu,

    Gözəl qarşıladı bizi, yaxşıdı.

    Birgə tutur nəzərində hamını,

    Kəskin fəhmi, görən gözü yaxşıdı.

     

    Ellər dolandırıb çox ildən bəri,

    Yayılıb aləmə şadlıq xəbəri.

    Mərd nəsilin əksik olmaz hünəri,

    Süd verən ananın özü yaxşıdı.

     

    Xalqın gözü onu görub tanıdı,

    Bizim zəmanənin qəhrəmanıdı.

    Elimizin əziz mehribanıdı,

    Söhbəti şirindi, sözü yaxşıdı.

     

    Istəmir bir işi ola kəsir, kəm,

    Dağıstan oğludu, ilqarı möhkəm.

    Hər xeyirxahlığa qoyduğu qədəm,

    Yolu həqiqətdi, izi yaxşıdı.

     

    Şəmşirin qəlbində ucalır həvəs,

    Salıb Kəlbəcərə nə gözəl bir səs.

    Arif, aqil, kamil, alim olan kəs,

    Igidin doğrusu, düzü yaxşıdı.

  • Yaxşımı

    Yaxşımı

    Üç yaşını yetirəsən yüzə sən,

    Anam, bacım, körpə qızım, yaxşımı.

    Qoy bu nəğmə məndən qalsın yadigar,

    Şəninə bir tərif yazım, yaxşımı.

     

    Sən elə gözəlsən, qızım Əludə,

    Sənin tək balanı çox sevər dədə.

    Atanla gəl bizə yaz gələn vədə,

    Bu ilqarı gözlər gözüm, yaxşımı.

     

    Arılar şan üstə bal anı gəzər,

    Yaz olanda dağlar lalanı gəzər.

    Ananın ürəyi balanı gəzər,

    Qaydamız belədi bizim, yaxşımı?

     

    Atadan alqış al, yarı anadan,

    Körpə laçın uçmalıdı yuvadan.

    Qəşəngsən tovuzdan, bir də sonadan,

    Gəl telinə inci düzüm, yaxşımı.

     

    Yoxdu bərabərin eldə, obada,

    Böyüyüb çatasan şöhrətə, ada

    Şəmşir babanı da salarsan yada,

    Düşəndə söhbətim, sözüm, yaxşımı.

  • Yaylaq

    Yaylaq

    Rövnəq aldın bu bahardan,

    Açıbsan gül, lala, yaylaq.

    Tərif aldın sənətkardan,

    Bir yadigar qala, yaylaq.

     

    Çəmənlərin müşki-ənbər,

    Cənnətin ətrinə bənzər.

    Nə Qurban var, nə Ələsgər

    Baxır həsrət yola yaylaq.

     

    Qara duman umar yagış,

    Süzər qatar-qatar yağış.

    Bulud kişnər, yağar yağış,

    Səpər sağa-sola yaylaq.

     

    Tərlan ovun aldı Sardan,

    Xalqın qəlbi çıxdı dardan.

    Azad oldun mülkədardan,

    Çatdın bizim elə yaylaq.

     

    Eyşə baxmaq gözə qaldı,

    Haya, ismət üzə qaldı.

    Seyrangahın bizə qaldı,

    Əbədililk ola, yaylaq.

     

    Ətəklərin göy meşəlik,

    Xalqın oldun həmişəlik.

    Şəmşir sevir bənövşəlik,

    Kim qıyar pis ola yaylaq.

  • Yaylaq

    Yaylaq

    Çarğatın çisəkdi, köynəyin duman,

    Gör halın necəd ibil indi, yaylaq.

    Yaxan qurtarıbdı qışın qarından,

    Açıbsan ellərə yol indi, yaylaq.

     

    Deyirlər dünyada gözəllik ondu,

    Onun da hamısı hüsnünə qondu.

    Yaz gəlib elə bil bu gün toyndu,

    Şadlıq sazım səndə çalındı, yaylaq.

     

    Çoxalır sinəndə yenə səs-səmir,

    Lalələr səhərin şehindən əmir.

    Bənəvşə, qərənfil şəfəqdə çimir,

    Bülbülə gəl deyir gül indi, yaylaq.

     

    Çıxır buz altından qaynar bulaqlar,

    Hər qoyun arxacı min sürü saxlar.

    Çəmən, çiçək bir-birini qucaqlar,

    Yaylanır köksündə el indi, yaylaq.

     

    Qüdrətdən verilib sənə yaraşıq,

    Istəyin qəlbimə olub sarmaşıq.

    Şəmşiri hüsnünə elədin aşıq,

    Unutma yadına sal indi, yaylaq.

  • Yaylaqların

    Yaylaqların

    Qış dolanır, olur bahar,

    Açır gülü yaylaqların.

    Yaz olanda qaydası var,

    Gəlir eli yaylaqların.

     

    Ətəyində göy meşəsi,

    Yoxdu qəmi, əndişəsi.

    Açır nərgiz, bənövşəsi,

    Çəməngülü yaylaqların.

     

    Bulaqları baldan şirin,

    Sinəsində güneylərin.

    Asta-asta əsir sərin,

    Səhər yeli yaylaqların.

     

    Yazın, yayın oğlan vaxtı,

    Can dərmanı buz bulaqdı.

    Taxtadüzdü, Xaçbulaqdı,

    Ən gözəli yaylaqların.

     

    Çiçəyində sızlar arı,

    Şəmşir, vəsfin soylə barı.

    Yağış yağar, olar carı

    Axar seli yaylaqların.

  • Yaz Kimi

    Yaz Kimi

    Öz gölündən uçan yaşılbaş sona,

    Gəl çalxan gölünə quba qaz kimi.

    Bahar yanagında lalə görünsün,

    Qoynunda gül açsın təzə yaz kimi.

     

    Canana şirin can deməlisən sən,

    Baxtımın səadət əməlisən sən.

    Eşqimin ilkisən, təməlisən sən,

    Coşdurdun təbimi Kür, Araz kimi.

     

    Şəmşir sənə nisar eyləmiş sərin,

    Şəminə yandırır səməndər pərin.

    Nəfəsin cismimdə səs verir sərin,

    Qəlbimdə sızılda telli saz kimi.

  • Yazıq Canım

    Yazıq Canım

    Növrəstələr sənə dayı deyəndə,

    Ağlaya-ağlaya qal, yazıq canım.

    Səndən nəzərini çəkdi gözəllər,

    Oldu dilin necə lal, yazıq canım.

     

     

    Qızlar baba deyir, gəlinlər əmi,

    Mən çəkə bilmərəm bu qədər qəmiş.

    Kim olar mənimlə könül həmdəmi,

    Qalmamış canımda hal, yazıq canım.

     

    Şəmşir, qorxma, dərdə dərman tapılar,

    Bu sınıq könlündə qala yapılar.

    Görünür iqbalda açıq qapılar,

    Sən də mətləbini al, yazıq canım.

  • Yazığım Gəlir

    Yazığım Gəlir

    Həmdəmsiz aşığam-qəlbi şikəstə,

    Özümün özümə yazığım gəlir.

    Dərdi-qəm üz verib yatıram xəstə,

    Baxan yox üzümə, yazığım gəlir.

     

    Nakəs saxlar zəhər, ağı evində,

    Qalan olur qəm dustağı evində.

    Namərd kölgəsində, yağı evində,

    Qanayan dizimə yazığım gəlir.

     

    Dərdə giriftaram mən bəxti qara,

    Alıcı tərlanım tay oldu sara.

    Yorulmaz təbimlə ağ varaqlara,

    Yazılan sözümə yazığım gəlir.

     

    Şəmşir niyə qəm mohnəti bol çəkir,

    Nədən ötrü xan qəhrini qul çəkir.

    Yaxşı günə hələ gözüm yol çəkir,

    Yol çəkən gözümə yazığım gəlir.

    1916

  • Yenə Sərindi

    Yenə Sərindi

    Baharın çağında bəzənər bağlar,

    Yazın sərin yeli yenə sərindi.

    Payız olcaq bar yetirər budaqlar,

    Əyilər ayağa yenə sər indi.

     

    Qış bəd olsa, tab gətirməz il qara,

    Heç gəlməyə aylar, günlər, il qara.

    Dost odur ki, möhkəm olsun ilqara,

    Demərəm, məhəbbət yenə sərindi.

     

     

    Xəstə Şəmşir, arzularsan ya narmı,

    Bəxt oyansa, çıraq yağsız yanarmı.

    Dərdə dözməz fil, gərgədan, ya nərmi,

    Nadana eyləməz yenə əsər indi.

  • Yetişdim

    Yetişdim

    Ellər aşiqiyəm mən əzəl gündən,

    El içində bu hörmətə yetişdim.

    O qədər razıyam bu gözəl gündən,

    Xalqı sevdim, məhəbbətə yetişdim.

     

    Səsimi qatmışam elin səsinə,

    Indicə düşmüşəm şadlıq bəhsinə.

    Şadam mıtləbimin düzəlməsinə,

    Arzu, kama, səadətə yetişdim.

     

    Getdi, o qaranlıq dumanlar keçdi,

    Dünyanı qərq edən tufanlar keçdi.

    Şəmşir nə dövranlar, zamanlar keçdi,

    Indi doğru həqiqətə yetişdim.

    1972

  • Yox, Yox

    Yox, Yox

    Bir kəsə qalmayan dünyanın malı,

    Şahi-Suleymana qaldımı, yox, yox.

    Dağ Yunisin zəngin qızıl anbarı,

    Axır bir insana qaldımı, yox, yox.

     

    Eşitmişəm İsgəndərin səddini,

    Kəsmiş bu dağlardan quşlar rəddini.

    Fələk əyib səfər üstə qəddini

    Yetişməyə kama qaldımı, yox, yox.

     

    Sən niyə düşmüsən bu bəd niyyətə,

    Deyəllər: baglıdır hörmət hörmətə.

    İblis azdı, düçar oldu lənətə,

    Yamanlıq şeytana qaldımı, yox, yox.

     

    Yaxşılıq dalınca etmə məzəmmət,

    Yaddan çıxmaz eylik, çörək, məhəbbət.

    Şəmşir, söylə yaxşılara irəhmət,

    Bu alqış yamana qaldımı, yox, yox.

    1917

  • Yoxdu ki...

    Yoxdu ki...

    Dostum, danış mənə sözün düzünü,

    Həqiqət sevənəm lafım yoxdu ki.

    Nəcib əllərinlə namə yaz mənə,

    Çəkinmə kimsədən, xofum yoxdu ki.

     

    Sənə bal nə lazım, sən özün balsan,

    Ruhum da inciməz canımı alsan.

    Dərin duşuncəli, sahibkamalsan,

    Səndən qeyri bir sərrafım yoxdu ki.

     

    Dünyanın yaşı yox, hüsnü cavandı,

    Tərlan qocalsa da yenə tərlandı.

    Niyə meylin məndən yana dolandı,

    Zəhərli şahmarım, əfim yoxdu ki.

     

    Bezə astar vurmaq olmaz ipəkdən,

    Mərifət qanana naziyəm tükdən.

    Yaz yağı tək süzülmüşəm çiçəkdən,

    Qatımda ayranım, kəfim yoxdu ki.

     

    Şəmşirəm söhbətim, sözüm səndədi,

    Etibar səndədi, dözüm səndədi.

    Hələ də yol çəkir gözüm səndədi,

    Başqa bir ziyanım, nəfim yoxdu ki.

  • Yoxdur

    Yoxdur

    Çəmənli-çiçəkli bahar könlümün,

    Açıqdı, çiskini-dumanı yoxdur.

    Çəkilib qəlbimdən qara buludlar,

    Tufanı, yağmuru, boranı yoxdur.

     

    Ağlasam, təsəlli gözüm üçündür,

    Mətləbin mənası sözüm üçündür.

    Çəkdiyim cəfalar özüm üçündür,

    Bir başqa kimsəyə ziyanı yoxdur.

     

    Dərman gərək müşkül işdən qurtarım,

    Ola bir köməyim, bir xilaskarım.

    Gen günümdə çox olsa da dostlarım,

    Dar gündə halımı soranım yoxdur.

     

    İnsanın taleyi pul ilə vardı,

    Pulum olsa gəlib dada çatardı,

    Qohumum-qardaşım qatar-qatardı,

    Hanı, heç havadar duranım yoxdur.

     

    Şəmşir kimin kəməndində boğulmuş,

    Könlüm dəyirmandı suyu soğulmuş,

    Varmı mərd əkilmiş, igid doğulmuş,

    Ha gəzirəm dağı-aranı, yoxdur.

    1915

  • Zinyət

    Zinyət

    Gözəl dövranımız tutub əlini,

    Yetişibsən əqli-kamala, Zinyət.

    Mərifət əhlisən nəcib, nəcibə,

    Düşübdü tərifin mahala, Zinyət.

     

    Bir təhrin tərlandı, bir təhrin laçın,

    Telinə yaraşır zərdən araqçın.

    Dağların kəkliyi ağca göyərçin,

    Bənzəyir oxşarın marala, Zinyət.

     

    Sən həmi gözəlsən, həmi kamallı,

    Dərin duşüncəli, arif camallı.

    Yusif şucaətli, loğman kamallı,

    Əhsən, bu təmkinə, cəlala, Zinyət.

     

    Mujdə olsun sizin elə, mahala,

    O yerdə çatıbsan sən bu cəlala.

    Qaşların qələmdi, yanağın lala,

    Gözlərin yaranıb piyala, Zinyət.

     

    Xəstə şəfasıdı təbib əllərin,

    Bülbülü mat edir şirin dillərin.

    Pərilər əliylə siyah tellərin

    Nə göyçək verilib sığala, Zinyət.

     

    Əmrini yerinə yetirdi Şəmşir,

    Zatı, pak, təmizəm pir oğluyam, pir.

    Şəninə layiqdi dediyim şeir,

    Düşən olmaz xain xəyala, Zinyət.

    1969

  • Zərərdimi

    Zərərdimi

    Qoca baxsa gül camala

    Xeyirdimi, zərərdimi.

    Məni saldın sən nə hala,

    O da böyük hünərdimi.

     

    Üzün aydı-salır işıq,

    Hüsnünə heyran qalmışıq.

    Sənə məftun olan aşıq,

    Bir dəli, dəngəsərdimi.

     

    Kiprikılərin çaxır tək-tək,

    Mən yazığı etdin hələk.

    Özgə yarı tərifləmək,

    Qoca Şəmşir, hədərdimi.

     

  • Çiçəklər

    Çiçəklər

    Namərdə dost demə, zimistana yaz,

    Üç ay qalıb novbahara, çiçəklər.

    Dərdim artır sizi solmuş görəndə,

    Qövr edir sinəmdə yara, çiçəklər.

     

    Bu nainsaf qışın insafına bax,

    Fayda vermir nərə çəkib ağlamaq.

    Mənim ürəyimdə var çarpazlı dağ,

    Sizdəmi yandınız nara, çiçəklər?!

     

    Bu gərdiş belədi əzəl binadan,

    Odur neştər vurub qəlbi qanadan.

    Bəzən də ayrılır ana baladan,

    Kimdi doğru etibara, çiçəklər.

     

    İnsafa, mürvətə, işə bax, işə,

    Borana qərq olub nərgiz, bənövşə.

    Niyə aldandınız çərxi-gərdişə,

    Sizi saldı boran, qara, çiçəklər.

     

    Çox agladım, ağlamıram ta bəsdi,

    Bu möhnət, bu hicran səbrimi kəsdi.

    Qış günündə bilməm bu nə həvəsdi,

    Şəmşir gəlir qəmdən zara, çiçəklər.

    1916