-
Sənindi
Sənindi
Qəlbimizdə qoşa vuran ürəyin,
Birisi mənimdi, biri sənindi.
Könlümdə açılan çəmən, çiçəyin,
Cənnət ətri, gözəl pəri, sənindi.
Düşüncən dərindi, kamalın ümman,
Züleyxa camallı, Yusifi-Kənan.
Məhəbbət oduna alışıb yanan,
Bu pərvanə müxtəsəri sənindi.
Gül üstə xar qonub, bax bu gərdişə,
Bülbülün bağrını çəkdirir şişə.
Şəmşirin könlündə açan bənövşə,
Yol sal, sinəm üstə yeri, sənindi.
1957
-
Sənsiz
Sənsiz
Dünyanı ləl edib versələr mənə,
Aldanıb eynimə almaram sənsiz.
Cahan mülküm ola, aləm xəzinəm,
Yadıma zər-ziba salmaram sənsiz.
Ürəyi pak olan həyalı mələk,
Nə fitnə bilmədin, nə hiylə, kələk.
Gəl ayrı düşməyək bir gündə ölək,
Əcəl vaxtsız gəlsə ölmərəm sənsiz.
Payız gecəsində şöləli ülkər,
Lalə yanağında xalına bənzər.
Qailəm yanında olam qul, nökər,
Nə sultan, nə də şah olmaram, sənsiz.
Sənlə el işinə qarışıb əlim,
Zəhmət bəhrəsidir xeyir əməlim.
Ömrümün yoldaşı, axır əzəlim,
Ağlamaram sənsiz, gülmərəm sənsiz.
Olsa cənnət evi mənzil otağım,
Hüsnünə baxmasam yanmaz çırağım.
Hər yerdə səninlə gəlsin sorağım,
Behiştə getmərəm, gəlmərəm sənsiz.
Şəmşiri yetirdin sən halal paya,
Ləkəsiz yaşayıb çıxdın ortaya.
Qar kimi əriyib gedərəm çaya,
Dəhrdə bircə gün qalmaram sənsiz.
-
Sənə
Sənə
Uzun ömür, can sağlığı dünyada,
Qismət olsun deyir əhli-hal sənə.
Yetişmisən hər mətləbə, murada
Tale verib bu tohvəni, al sənə.
Buz bulaqlı, göy çəmənli talada,
Bax işrətli, tamaşalı hala da.
Çəmən də, çiçək də, gül də, lala da
Ətir versin bu dağlarda qal, sənə.
Müştaq oldum kəlamına, sözünə,
Bənövşələr gülümsədi üzünə.
Ceyran bulağına, Taxtadüzünə
Gəl, istisu olsun şərbət, bal sənə.
Dəlidağın başı hələ qarlıdı,
Keyti dağı bənövşəli, varlıdı.
Kəlbəcər yaylağı etibarlıdı,
Açılıbdı sinəsindən yol sənə.
Şəmşirin ovlağı, Murova da gəl,
Güllərin üstündə yenə gəzdir əl.
Həmzə çəməngahı cənnətdən gözəl,
Bilirəm xoş gələr bu cəlal sənə.
-
Səsim
Səsim
Zəncir kimi dalğa-dalğa yüksələn,
Hanı cavanlıqda ucalan səsim.
Mən demışdim qocalınca əyilmə,
Səadət əlindən guc alan səsim.
Xəstəlikmi durub sənin qəsdinə,
Qocalıqmı hücum edib üstünə,
Zil kökündə sim dözmürdü məstinə,
Qudrətdən, quvvədən bac alan səsim.
Şəmşiri gedilməz yollara salma,
Zərli mətahını əlindən alma.
Aşıqlar dəsindən geridə qalma,
Yorulma, dayanma qocalan səsim.
1971
-
Tapşırdı
Tapşırdı
Keçdi doxsan günü gözəl baharın,
Dağları bəzədi, yaya tapşırdı.
Əridib ömrünü su etdi qarın,
Axan sellərini çaya tapşırdı.
Dedi yol gözləsin nərgiz, bənövşə,
Qış dolana, bahar gəlib yetişə.
Ceyrana düz verdi, əliyə meşə,
Qartala, kəkliyə qaya tapşırdı.
Təzə ildə olur elin həvəsi,
Gəlir bağçalardan bülbülün səsi.
Şimşəyin çaxışı, göy gurultusu,
Yanvara keç deyib, maya tapşırdı.
Lalə bağışladı gəlinə, qıza,
Sərin su payladı gülə, yarpıza.
Buğdanı saf saxla dedi payıza,
Duşdu belə təmannaya tapşırdı.
Hökmün nə böyükdü, ey çərxi-qüdrət,
Bir kimsə sirrini bilməmiş əlbət.
Şəmşir bahar görə bir də ya qismət,
Bu fərmanı bir mələyə tapşırdı.
-
Torpaq
Torpaq
Xəlq olandan sən olmusan
Bizə ata, ana, torpaq,
Sən qüdrətli yaranıbsan,
Çatdın ada, sana, torpaq.
Bir yuvasan insanlara,
Bac vermədin tufanlara.
Baş əymədin nə xaqana,
Nə sultana, xana, torpaq.
Hörmət səndə, sərvət səndə,
Şan, şücaət, şöhrət səndə.
Bir tükənməz dövlət səndə,
Çatdın şövkət, şana torpaq.
Şəmşir aşiq olub sənə,
Anam kimi görün mənə.
Əl uzat qədir bilənə,
Yaşat, yetir sona, torpaq.
1939
-
Torpağın dadı
Torpağın dadı
Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı. -
Toxundu
Toxundu
S. Vurğuna
Səndən söhbət açdı cavan bir şair,
Ahi-naləm asimana toxundu.
Könül sənsiz səbri-qərar tutmayır,
Cismim oda yana-yana toxundu.
Sənsən ürəyimi sıxan, titrədən,
Fəraqi-firqətə alışır bədən,
Yoxdur ismaricin gəlib-gedəndən,
Ayrılıq həsrəti cana toxundu.
Şəmşirin işrəti sənsiz hədərdi,
Sənsizlik hər dərddən daha betərdi.
Sən mənə vermisən dağ boyda dərdi,
Qəmli kimpriklərim qana toxundu.
1972
-
Tutu
Tutu
Boyun, ay ellər gözəli, bənzəyir qılmana, Tutu,
Xəstə üçün xəlq olunub ləblərin dərman, a Tutu,
Mən yazım tərifini səs düşsün hər yana, Tutu,
Huri deyim, yoxsa pəri sən kimi insana, Tutu,
Lütfünün çatsa payı, məriz gələr cana, Tutu.
Bu gözəllik, bu boy-büsat kimdən sənə çatıb barat,
O hüsni-sücaəti yoxsa edibsənmi qarət,
Belə nəcib, nəcibəni, ey təbiət, bir də yarat,
Lalə yanaq, xallarına əhsən desin qoy həzarat,
Bil ki, dilim hədyan deməz mətləbimi qan, a Tutu.
Çəkilib hilal qaşların nuri-təcallaya əvəz,
Şəkli-şəbaətdə üzün on dörd günlük aya əvəz,
Əbrulərin əbsərinən göydə Sürəyyayə əvəz,
Baxışın Bülqeyisə, Yusif, Züleyxaya əvəz,
Yaquba dərman gəlib Misirdən Kənana, Tutu.
Şəmşir ki dağlar oğludu, Qarabağda Leyli gəzir,
Düşüb elə, obalara, bu minvalla xeyli gəzir,
Qonubdu xublar şahına məhəbbəti, meyli, gəzir,
Üz döndərib biilqardan inciyib, gileyi gəzir,
Əldən gedib cavanlığım, olmuşam pirana, Tutu.
-
Tutur
Tutur
Tısbağa özünə maral deyəndə,
Ölməyən maralın öləsi tutur.
Tülkü şirə dönüb özün öyəndə,
Göy uçub yerlərə gələsi tutur.
Eldən, camaatdan geridə qalan,
Dinib danışdığı yalandı, yalan.
Utanmır araya fitnə-fel salan,
Xalqın yaxasından beləsi tutur.
Insafla dinləyin şeir yazanı,
Zəlil gördüm xalqa quyu qazanı.
Fitnə, bohtan yayıb yoldan azanı,
Bir gün ədalətin tələsi tutur.
Yarpaq duşməlidi vaxtı çatanda,
Xunxar yıxılacaq baxtı yatanda.
Dovşan gərgədana şıllaq atanda,
Şəmşir ağlasa da güləsi tutur.
-
Tək-Tək
Tək-Tək
Pak oturub, pak ustaddan dərs alan,
Ayində əl atar yasinə tək-tək.
Həqiqətin irahına dərs alan
Yetişər izzətlə, ya sinə tək-tək.
Danışdın dərdini yara, dağladı,
Naşı neştər çaldı yara da ağladı.
Qəhrini alovu yara dağladı,
Ya ciyər yandırdı, ya sinə tək-tək.
Şəmşir ağlar haraya gəl sən, ağa,
Dada yetiş salacaqlar sınağa.
Köç vaxtında bürünəndə sən ağa
Yaxın ellər gələr, yasinə tək-tək.
-
Var
Var
Dostun yolu haqq yoludu,
Bu yolları azanlar var.
Ilqar verib qol çəkənlər,
Gün keçməmiş pozanlar var.
Nanı haram, duzu haram,
Özü namərd, sözü haram.
Oğlu alçaq, qızı haram,
Xalqa quyu qazanlar var.
Nur lazımdı üzümüzdə,
Çətin yaşar xain bizdə.
Obamızda, elimizdə,
Xeyri, şəri yazanlar var.
Pozulmayıb hələ xidmət,
Bülbüldən var gülə xidmət.
Vətəninə elə xidmət
Çox eləyən ozanlar var.
Aşıq Şəmşir, yorulma, yaz,
Oxu şirin-şirin avaz.
Bizim bağlar gül soldurmaz,
Qeyri bağda xəzanlar var.
1944
-
Var Sənin
Var Sənin
Nə zamandı aralığı kəsibsən,
Mən bilmirəm nə əngəlin var sənin.
Ya düşübsən bir gözəlin eşqinə,
Güman ki, bu işdə əlin var sənin.
Gözlərim yol çəkdi günləri saydı,
Bilmədim fəsillər bahardı, yaydı.
Ağsaqqalı unudubsan bir aydı,
Zarafatın, ya da felin var sənin.
Kim dedi vəfadan əl gotür, usan,
Yoxsa sədaqəti ucuz tutursan.
Becər, muübarəkdi baği-gülüstan,
Yüz bağdan dərilmş gülün var sənin.
Bizdən ayaq kəsibsənmi de görüm,
Ya Şəmşirdən küsübsənmi, de görüm.
Yellər kimi əsibsənmi de görüm,
Di gəl şair danış dilin var sənin.
-
Vaxtıdı
Vaxtıdı
Payız fəsli dağdan el çəkiləndə,
Buludlar qaralır qarın vaxtıdı.
Qış dolanıb, yaz ayları gələndə,
Deyən olar novbaharın vaxtıdı.
Fələk qoymadı ki, bizdə kam alaq,
Yıgılıb sinəmə qəm qalaq-qalaq.
Tərlan yuvasına qonub yapalaq,
Qarğa laçın olub, sarın vaxtıdı.
İsa bəy kökəlib, yekəqarındı,
Onun baxtı kəsib işi sarındı.
Meydan alçaqların, satqınlarındı,
Nadanların, satqınların vaxtıdı.
Şəmşir, bir bax bu gərdişin çarxına,
Dəhnə dönüb su düzələr arxına.
Quduranlar qalmayacaq qırxına,
Hələ xalqı yoranların vaxtıdı.
1915
-
Verilməz
Verilməz
Bir busə dilədim qaşı kamandan,
Dedi ümid olma muftə verilməz.
Dedim əsirgəmə sən pay umandan,
Dedi etməmişəm siftə, verilməz.
Dedim xəbərdarsan Məcnun dağından?
Dedi mən gəlmişəm cənnət bağından.
Dedim aşıq gül üçün bal dodağından...
Dedi bircə qəpək nəfəs də verilməz.
Dedim zülfün niyə dönüb ilana,
Dedi dilin öyrəşibdi yalana.
Dedim bir dərdimənd yarı olana...
Dedi eləsinə çöp də verilməz.
Dedim hədə gəlmə ürəyim əsi,
Dedi daha nə sözün var deyəsi
Dedim gözəllərin olur nisyəsi,
Dedi ilə çəkər həftə, verilməz.
Dedim məhəbbətin bizə olmasa,
Dedi, Şəmşir, nolar qəza olmasa.
Dedim bir sözdə ki, məzə olmasa.
Dedi o məclisə kef də verilməz.
-
Verməz
Verməz
Gədadan pay umma, səxası yoxdu,
Atası verməyib, özü də verməz.
Namərdin xeyrindən zərəri çoxdur,
Can versən, torpaqddan mizi də verməz
Babanın yoluyla gedəcək nəvə,
Atmaz adətini uyuşmaz dəbə.
Olsa qapısında səksən min dəvə,
Sailə bir yetim quzu da verməz.
Ilqarda, insafda kim olsa naşı,
Yaxşılıq etməyə gətirməz başı.
Nakəs bir dağ kimi yığsa qumaşı,
Möhtaca bir qiriq bezi də verməz.
Alçaq satqın, gözü, könlü, qəlbi dar,
Onlara yoldaşdı şeytan, canavar.
Yaradan, xainə versə ixtiyar,
İnsana görməyə gözü də verməz.
Şəmşir, xəbislərin şərbəti acı,
Haramdı quldurun baci-xəracı.
Kimsənə olmasın namərd möhtacı,
Sən şəkər istəsən, duzu da verməz.
1938
-
Vuranda
Vuranda
Tikə şişə çəkiləndə
Kabab yanar köz vuranda.
Oda yanar canım mənim,
Sən tənəli söz vuranda.
Gedər ovçu, gələr ovçu,
Dağlardan ov dilər ovçu,
Ürəyindən gülər ovçu
Güllə ovu düz vuranda.
Sənsiz günüm ilə bənzər,
Gözüm yaşı selə bənzər.
Səhər şehi gülə bənzər,
Sən üzünə üz vuranda.
Sən məni gətirdin dilə,
Dönmüşəm şeyda bülbülə.
Şadlanıram gülə-gülə
Yarım mənə göz vuranda.
Şəmşir, sən bu xəyalınan,
Bağlaşdın məh camalınan.
Nazik ipək dəsmalınan,
Küsmə səni qız vuranda.
-
Vurar
Vurar
Bəxtəvər varsa dünyada
Dövranını başa vurar.
Ömrün şadlıq sürməsini
Həm gözə, həm qaşa vurar.
Ovçu ağlar keçəndə ov,
Daha almaz qılıncı sov.
Quru yanar, qalxar alov
Qığılcımı yaşa vurar.
Gülmə dərddən oxuyana,
Alovlanıb oxu yana.
Baxsa mərdin gözü yana
Gülləsini boşa vurar.
Şəmşir, dərdə necə dözək
Müşkül üçün nə bir bəzək.
Dərd üz versə yanar ürək
Dalğasını yaşa vurar.
-
Vədəsində
Vədəsində
Səni qarı gördüm, bağrım qan oldu,
Mənim saqqalımın çal vədəsində.
Qəlbimdə dəydiyin yadıma düşdü,
Çox dedim könlümü al vədəsində.
Ov keçdi bərədən, pusquda yatdım,
Oyandım, xədəngi izinə atdım.
Ha yüyürdüm, nə yetişdim, nə çatdım,
Hər işin qeydinə qal vədəsində.
Süleymanı yola salan dünyadı,
Ayrılıq təblini çalan dünyadı,
Gözəlliyi əldən alan dünyadı,
Güvəndin hüsnünün gül vədəsində.
Arzun nədir, nə deyirsən indi sən?
Ürəyində mənə sevgi bəsləsən,
Şəmşiri axtarıb görmək istəsən
Verdiyin ilqara gəl vədəsində.
1937
-
Xəstəyə
Xəstəyə
(xəstəxanada)
Odlu şair yanmadımı urəyin,
Bu qəmli intizar olan xəstəyə.
Varsa əlacınız bir dərman deyin,
Hicrandan saralıb, solan xəstəyə.
Baxıb əhvalımı üzə gülərdi,
Bu düşgün könlümə yol göstərərdi.
Qəmbərin kəlməsi şəfa verərdi,
Gözləri yollarda olan xəstəyə.
Gələydi Qənbərin yanında Məmməd,
Şəmşirin halını bilərlər əlbət,
İnsanda insana gərəkdi mədəd,
Təbiblərdir kömək olan xəstəyə.
1970
-
Xətrimə Dəydin
Xətrimə Dəydin
Zəhər olsa mərd əlindən içərdim,
Bu sözdə aşkara xətrimə dəydin.
Namərd tənəsindən çoxaldı dərdim,
Yandı cismim nara, xətrimə dəydin.
Mənim kamalımdı özümə şahım,
Iqbalım, taleyim, büştü pənahım.
Baxanlar görür ki, yoxdu günahım,
Vurdun mənə yara, xətrimə dəydin.
Şəmşirin var öz yarası, qurtarmaz,
Acı dilin yüz yarası qurtarmaz.
Belə xoryat söz yarası qurtarmaz,
Bu dərdə yox çara, xətrimə dəydin.
-
Xəzər, Sənin
Xəzər, Sənin
Elə qüvvə yoxdu kəsə,
Küləyini Xəzər, sənin.
Hər an gördüm əsə-əsə,
Lələyini, Xəzər, sənin.
Sığışmırsan yerə-göyə,
Sahilləri döyə-döyə
O qüvvəti kimdi əyə
Biləyini, Xəzər, sənin.
Şəndə qalxıb hara qızıl,
Ara mərcan, ara qızıl,
Zəngin edib qara qızıl
Ürəyini, Xəzər, sənin.
Camalında yoxdu kəsir,
Cəlalın min, vəsfin min bir,
Bilmədilər əsr-əsr
Diləyini, Xəzər, sənin.
Səndə xalqım cənnət qurub,
Aya-günə qarşı durub,
Zəhmət əli möhkəm vurub
Dirəyini, Xəzər, sənin.
-
Ya Zəri
Ya Zəri
Təbib qarşı gəlsə, sağalar yara,
Istər ağla, istər sızılda, ya zarı.
Qışın ömrü təslim olur bahara,
Çiçəklərdən bal çəkəcək yaz ari.
Gəl, sən doğru, bu düz yola dön, qarı,
Düzələrmi kəc ağacın donqarı,
Qışdan qalan quzeylərin don, qarı,
Görmürsənmi gəldi-çatdı yaz, əri.
Ümmandasan, sən bir mayaq al ələ,
Şəmşir sənə yaxşı yoldaş, a lələ.
Seçəcəkdir sərraf baxsa a lələ,
Tanıyacaq ya sandalı, ya zəri.
-
Yadıma Düşdü
Yadıma Düşdü
Dar gündə namərddən gəzdim köməklik,
Etdiyim xam xəyal yadıma düşdü.
Daşqın çayda göbələyə əl atdım,
Dedim yadına sal, yadıma düşdü.
Dərinə düşmürəm üz axtarıram,
Sədaqət, həqiqət, iz axtarıram.
Pul gəzmirəm doğru söz axtarıram.
Fərasət, xoş xəyal yadıma düşdü.
Zalımın ağzında sözü titrədi,
Dodaqları əsdi, üzü titrədi.
Baxdım ki, varlının dizi titrədi,
Dili olmuşdu lal, yadıma düşdü.
Haqq var, ədalət var, bilin, dilimdə,
Şəmşirəm gəzirəm oba, elimdə.
Tənqidin rəndəsi ola əlimdə,
Kobudlara sığal yadıma duşdü.
1919
-
Yandırır
Yandırır
A nainsaf, sənin bu eşq atəşin,
Tək məni yox, bir mahalı yandırır.
Can alan gözlərin, o qələm qaşın,
Bilirsənmi əhli-halı yandırır.
Qəhrin çəngəlini mənə çalibsan.
Üzübsən canımı, əldən alıbsan,
Cavanlar canına bir od salıbsan,
Qığılcımı xətti çalı yandırır.
Eşqi, məhəbbəti görməyən bilməz,
Dərdi olan açıq könüldən gülməz.
Hüsnündən ayrılan dözməz, dincəlməz,
Hicrin məni müəmmalı yandırır.
Əğyar məndən sənə yaman qandırıb,
Qəlbini incidib, həm usandırıb.
Deyirlər Kərəmi Əsli yandırıb,
Şəmşiri də yar zavalı yandırır.
1970