(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Qucağında

    Qucağında

    Yay günündə çox yatmışam,

    Yaylaqların qucağında.

    Can saxlayıb boy atmışam,

    Bulaqların qucağında.

     

    Yollar çətin, mənzil uzaq,

    Ana yurdum, a gözəl dağ.

    Xəstəyəm gəl halıma bax,

    Yad qolların qucağında.

     

    Seyrangahın yada düşür,

    Intizardı sənə Şəmşir.

    Kəklik, qartal mürgüləşir,

    Ovlaqların qucağında.

    1967

  • Qurban

    Qurban

    Bu dünyanın malı, varı, dövləti,

    Məni bu odlara salana qurban.

    Silinməz qəlbimdən yar məhəbbəti,

    Eşqi, məhəbbəti olana qurban.

     

    Sinəsi bəzaya, boyu şahbaza,

    Qəddi quba qaza, o sərvinaza.

    Təzə bahar, yaza, şirin avaza,

    Gözəllikdən barat alana qurban.

     

    Şəmşiri salmısan dağa, arana,

    Sənin kimi gözəl çətin yarana.

    Tovuz kimi gərdən çəkib durana,

    Gözləri yolumda qalana qurban.

  • Qurban Olum

    Qurban Olum

    Danış söndür atəşimi,

    Dillərinə qurban olum.

    Özün gəl sil göz yaşımı,

    Əllərinə qurban olum.

     

    Xəyalı şad, ürəyi şən,

    Baxtına xoş zaman düşən.

    Hilal qaşında sayrışan,

    Tellərinə qurban olum.

     

    Sən ağlatma güldür məni,

    Dərd əhlinə bildir məni.

    Layiq görsən öldür məni,

    Fellərinə qurban olum.

     

    Sənə qurban kim demişdi,

    Qürrə atdıq mənə düşdü.

    Yarpaqları al gümüşdü,

    Güllərinə qurban olum.

     

    Birdi arzu, birdi fikir,

    Onçun sevir səni Şəmşir.

    Ürəyi bir, çörəyi bir

    Ellərinə qurban olum.

  • Qurbanın

    Qurbanın

    Atam Qurbana

    Cəfa çəkdi gecə-gündüz yatmadı heç,

    Elə dəydi xeyri, karı Qurbanın.

    Halal mayasına haram qatmadı,

    Doğru oldu düz ilqarı Qurbanın.

     

    Şahid olsun sözə Ağdaban dağı,

    Qurbanı dağlayıb bimürvət yağı.

    Çox ərizə yazdı nəcib barmağı,

    Itmədi əməyi, barı, Qurbanın.

     

    Ağlamaqdan nə gözündə yaş qaldı,

    Zalımların arasında çaş qaldı.

    Məhəmməd köç etdi, nə qaraş qaldı,

    Bayram qalıb bir ənsarı* Qurbanın.

     

    Eşit bu kəlməni, suxəndan ata,

    Ey ağıl dəryası, ey ümman ata.

    Ruhuna olmuşam duaxan ata,

    Bu Şəmşirdi yadigarı Qurbanın.

    1972

    _______________________________

     

    * köməkçi, tərəfdar

  • Quçağında

    Quçağında

    Layla deyib, a Cabbarım,

    Mənə dağlar qucağında.

    Istisuyun sadiq oğlu,

    Niyə ağlar qucağında.

     

    Çox baxmışam o göy-gölə,

    Vəsf elədim, düşdü dilə.

    Ana vətən məni hələ,

    Yaxşı saxlar qucağında.

     

    Bağ salanlar dərər barı,

    Şəmşir gözlər düz ilqarı.

    Kamil olan sənətkarı,

    El qucaqlar qucağında.

  • Qızına

    Qızına

    Xala mən ölüm incimə, aşiqəm aşkar qızına.

    Mailəm, müştaqiyəm, gözlərim baxar qızına.

    Canımı xəstə salıb, oldum intizar qızına.

    Salmasın gözdən məni özün də yalvar qızına,

    Nəfəsi ətri-behişt, gülüşü bahar qızına.

     

    Könlümün sevgilisi o, mənim əzəl şikarım,

    Dövlətim, mülküm, malım ona qurban külli varım.

    Rövnəqim, eyşim, işrətim, təzə yazım, novbaharım.

    Yolunda nəqdi etməyə layiqsə var cannisarım.

    Olum qurban, sədəqəsi bircə canım var, qızına.

     

    Çəkilib sərvi kimi boy-büsatı düzdü onun.

    Ziyalı mahi-təban, üzü qəmər üzdü onun,

    Qəzəbi payız gecəsi, kərəmi gündüzdü onun,

    Şəmşirəm inanmışam, sözü doğru, düzdü onun,

    Möhkəm ol vəfasına, vermişəm ilqar qızına.

    BU İL

     

    Aşıqlar, söz bağlayın cəm edək dastanı bu il,

    Hər gövhərin, cavahirin açılsın dükanı bu il,

    Zəri sərrafa sataq, gen açaq meydanı bu il,

    Qoy köçürsün dəftərinə şözün süxəndanı bu il.

    Hər nə desəm düz deyərəm, demərəm hədyanı bu il.

     

    Bizim kəndlilər karvana boş gedib-gəldi Tərtərə,

    Yadigar qalsın dünyada bu sözü yazdım dəftərə,

    Bir pud buğda on manata tapılmır, dönüb zəhərə,

    Hardadır bir adil divan, milləti alsın nəzərə,

    O qoymasın qırılmağa cumlə füqəranı, bu il.

     

    Qara öküz xəstələnib, yaman əziyyət eyləyir,

    Danışır o molla kimi, nəqli-hekayət eyləyir,

    Ölən vaxtı kövşək çalır, yoxsa vəsiyyət eyləyir,

    Biçarə mal sahibləri gedir şikayət eyləyir,

    Deyirlər ki, bəsdir sizə yerində qalanı bu il.

     

    Ət tökülüb, tük yolunub, yaxşı büsat camışdadı,

    Dırnaqları sürüb çıxıb, bədəni qeyri işdədi,

    Yağış yağır, boran qopur əzabı hələ qışdadı,

    O rəhmətlik mallar bizə öz ömrünü bağışdadı,

    Getdilər Səhran düzünə-gəzməyə dünyanı bu il.

     

    Öküz yox, toxum, xış yox, əlindən çıxıb əkənək,

    Belə çətin vəziyyətdə kəndli nə etsin, de görək.

    Qara danam düşüb əldən yüz vur, kar etmir dəyənək,

    Sağız, Fındıq, Göytəpə, Göllər, bir də Gülgəz inək,

    Bol eyləyin həm qatığı, həm süd, ayranı bu il.

     

    Yoldaşlar, indi gəlin qeyri bir haldan danışaq,

    Bizim bu yoxsul kəndlərdə olan əhvaldan danışaq,

    Utanırıq söhbət açaq, öküzdən, kaldan danışaq.

    Biz gah dağdan, gah arandan, cümlə mahaldan danışaq,

    Sığışmaz kitablara yoxsulların sanı bu il.

     

    Qoyunların qırğınını mən də gördüm arana düşüb.

    Indi yüz min bəla gəlib dövlətə, heyvana düşüb.

    Bir yer salamat qalmayıb–aləmə, hər yana düşüb.

    Bizim Ağdaban kəndində mal leşi yan-yana düşüb

    Belə fəlakət görürəm gəzirəm hər yanı bu il.

     

    Vəsfini başdan-başa deyərəm aşkara qoyun,

    Qaraxal, qumral, kürə, ağ, qırmızı, qara qoyun,

    Tökülür xəzan kimi, düşüb hər azara qoyun,

    Məhv oldu neçə sürü, çıxmadı dağlara qoyun,

    O qırılmış sürülərin ağlayır çobanı bu il.

     

    Aşıq dostlar, verin xəbər, bu işi dostyana yazın,

    Nağıl edin hər məclisdə vurulsun dastana, yazın-

    Heç qorxmayın, çəkinməyin, siz mərdi-mərdanə yazın,

    Şəmşirin bu sözlərini siz arif oxuyana yazın,

    Heç bir kəsdən çəkinməyin söyün bəyi, xanı bu il.

    1918

  • Qərib

    Qərib

    Xəstə canım, gəl darıxma,

    Gedib çatar kəndə qərib.

    Sağın düz əhdi-peymana,

    Pisikmə dar gündə qərib.

     

    Qohum-qardaş, elim hanı

    Olum vətənin qurbanı.

    Çağır gəlsin Rübabəni

    O da qərib, mən də qərib.

     

    Gözlərimin axır yaşı,

    Şəmşir olmaz, nadan, naşı,

    Bacı çox sevər qardaşı,

    Mən də qərib, sən də qərib.

  • Salam Ver

    Salam Ver

    Kağız, yetişəndə bizim obaya,

    Qohuma, qardaşa, elə salam ver.

    Ərzim, iltimasım bir budur səndən,

    Səni əzəl alan ələ salam ver.

     

    Əgər görsən qoca ustad atamı,

    Əvvəl-əvvəl ona yetir butamı.

    Soylə belə unutmazlar adamı,

    Tuti kimi şirin dilə salam ver.

     

    Ağdaban adlanan o gözəl oba,

    Cənnətə bənzəyir əhsən, mərhaba.

    Alxanın yurduna kim çıxsa ova,

    Ona de ki, Çöplü gölə salam ver.

     

    Bax Kəkil meşədən buzluğa sarı,

    Soyuq daşbulağı unutma barı.

    Mən əvəzdən sən görəndə dağları,

    Çəmənə salam ver, çölə salam ver.

     

     

    Şəmşir bu məktubu yazdı nişana,

    Xəstədi, gülməyin siz pərişana.

    Qoşa Turşsulara, Çayqarışana,

    Əyri gedən daşlı yola salam ver.

    1928

  • Sandığın

    Sandığın

    Vədələşdik həftə keçdi, ay oldu,

    Ay usta, düzəlib ili sandığın.

    Günlər keçdi, bahar oldu, yay oldu,

    Bir yaşı bitibdi, bəli, sandığın.

     

    Çiçək açsın Süleymanın əməli,

    Qoy görənlər desin var olsun əli.

    Ustanın borcudu xeyir deməli:

    “Apar olsun içi dolu sandığın”.

     

    Zərifdimi, nəcibdimi düzəyi.

    Olar onda haşyələrin özəyi.

    Gözəl, incədirmi bəri-bəzəyi,

    Qəşəngmi çəkilib gülü sandığın

     

    Yarpaq kimi uçunmaram, əsmərəm,

    Sənətkaram, sənətkardan küsmərəm.

    Sən elə sanma ki, qurban kəsmərəm,

    Əlimizə çatsa əli sandığın.

     

    Mən səni görmürəm, dostum, günahkar,

    Bilirəm, evində iki ilan var.

    Birisi can deyər, biri zəhrimar,

    Olub işi ləngiməli sandığın.

     

    Şəmşir səndən, inan, küsmür, Süleyman,

    Dostunu unutmaz kamil bir insan.

    Sel aparıb çaylaq olub Ağdaban,

    Hələlik bağlıdı yolu sandığın.

  • Sarı

    Sarı

    Nazlı canan axşam çağı,

    Göz dikmişdi yola sarı.

    Çin-çin olub qıvrım saçı,

    Tökülmüşdü qola sarı.

     

    Aşkar baxma arif duyar,

    Ara vurar mərdimazar.

    Ləblərinin şirəsi var,

    Arı qonar bala sarı.

     

    Üzün göstər qəmər kimi,

    Açılmış təzətər kimi.

    Şəmşiri bir kəmər kimi,

    Dola, incə belə sarı.

    1972

  • Sarı

    Sarı

    Itirmişəm Ələsgəri, Qurbanı,

    Baqədən köçdülər məkana sarı.

    Daha mənə düşmür dağın havası,

    Könül pərvaz edir arana sarı.

     

    Halal xilqət olan halal paydadı,

    Meylim bu arzuda, haqqı-saydadı.

    Dağların dövranı yazda, yaydadı,

    Qış dözə bilmirəm borana sarı.

     

    Bir sirrimi məndə açmaq istədim,

    Hərdən tərlan olub uçmaq istədim.

    Şəmşirəm yol alıb qaçmaq istədim,

    Ağsaqqala kömək durana sarı.

  • Sazım

    Sazım

    Köynəksizdi soyuq dəyib,

    Yaman xəstəhaldı sazım.

    Dərdə qaldı, hala yandı-

    Özün dərdə saldı sazım.

     

    Bəlkə verim tər dərmanı,

    Həzm eləmir hər dərmanı.

    Tapılmadı bir dərmanı-

    Nə günlərə qaldı sazım...

     

    Küsüb pərdə dodaqları,

    Dağılıb bənd-calaqları.

    Yaman batıb qulaqları,

    Həmişəlik laldı sazım.

     

    Sökdüyüm dörd beş gün idi...

    Gündə məndə iş günüdü,

    Qocalığı qış günüdü,

    Çox bozardı, soldu sazım.

     

    Şəmşir səni necə atsın,

    Sənsiz səsi hara çatsın...

    Yorğun düşüb, qoyun yatsın

    Bəlkə durub çaldı sazım.

    1916

  • Sevindi

    Sevindi

    Bu gün vəsmə yaxıb bahar qaşına,

    Yazın bayramına yay da sevindi.

    Bir qonağım gəldi dağlar başına,

    Günəş də, ulduz da, ay da sevindi.

     

    Qartallar heyrətlə baxdılar ona,

    Çəmənlər bəzəndi al-yaşıl dona.

    Göllər dalğalandı, çalxandı sona,

    Şəlalələr güldü, çay da sevindi.

     

    Gəzib dəli dağın öpsə üzündən,

    Yəqin kədərlənər Vurğun izindən.

    Içdi İstisuyun qaynar gözündən,

    Büllur stəkanında pay da sevindi.

     

    Kəlbəcər elinə çatacaq soraq,

    Dedilər xoş gəlib hörmətli qonaq.

    Qocaman Şəmşirin baxtına bir bax,

    Dostu gəldi Biri Mayda, sevindi.

  • Sinəsində

    Sinəsində

    Əzəl başdan böyümüşəm,

    Mən də dağlar sinəsində.

    Cavanlıqda ilham aldım,

    Murov, Qoşqar sinəsində.

     

    Gəzdim meşə talasını,

    Dərdim gözəl lalasını,

    Mənim kimi balasını

    Öpüb-qucar sinəsində.

     

    Bəzəklidir yaylaqları,

    Füsünkardır oylaqları.

    Yarpızlı buz bulaqları,

    Axar, daşar sinəsində.

     

    Görüşünə ellər gələr,

    Aşıq Şəmşir deyib-gülər.

    Meşəsində cüyür mələr,

    Ceyran qaçar sinəsində.

  • Sözümü

    Sözümü

    Əslindən, nəslindən xəbər bilməmiş,

    Açım dedim birdən-birə sözümü.

    Sən demə bu zalım bir hiylə imiş,

    Xeyir dedim, yozdu şərə sözümü.

     

    Aldanmışam simasına, boyuna,

    Saldı məni bir qurtarmaz oyuna.

    Qurdu qadir tutmaq olmaz qoyuna,

    Çoban gözü gərək görə sözümü.

     

    Şəmşirəm bilirəm dürr qiymətini,

    Cavan qiymətini, pir qiymətini.

    Zərgər olan bilər zər qiymətini,

    Verin qədir bilənlərə sözümü.

    1921

  • Sən Gələndə

    Sən Gələndə

    Zimistanım bahar oldu,

    Gül açıldı sən gələndə.

    Susmuş lal, kar bülbüllərdən,

    Dil açıldı sən gələndə.

     

    Vəfalısan olma atqın,

    Nur camalın olmaz tutqun,

    Sənsiz oldum nitqi batqın,

    Bil, açıldı sən gələndə.

     

    Sən şöləsən bəbəyimə,

    Cismimdə can köynəyimə.

    Ürəyindən ürəyimə

    Yol açıldı sən gələndə.

     

    Şəmşir, sən bax kəskin baxta,

    Düşdü püşkün gözəl vaxta.

    Yaza döndü acı şaxta,

    Il açıldı sən gələndə.

    1972

  • Sən Oldun

    Sən Oldun

    Qəlbimin qönçəsi, gülü, laləsi,

    Könlümün baharı, yazı sən oldun.

    Şirin nəğmələrin xoş təranəsi,

    Söhbəti sən oldun, sözü sən oldun.

     

    Ovum keçdi mən oxumu atmadım,

    Qəfil ötdü, bərəsində yatmadım.

    Ha can atdım mətləbimə çatmadım,

    Gözlərimin bir murazı sən oldun.

     

    Müşgül işdi biilqara yar olmaq,

    Zülm, sitəm oldu eyliyin ancaq.

    Bir gecə kuyindən qalmadım qonaq,

    Eyləyən hər ərki-nazı sən oldun.

     

    Sən tikansan, mənim qəlbim ipəkdi,

    Şəmşir fərağına nə qəmlər çəkdiş

    Vusalın könlümdə əziz diləkdi,

    Dilimin ən xoş avazı sən oldun.

    1972

  • Səndən

    Səndən

    Ürək kim nəfəs alır,

    Gözəl Baki, Xəzər səndən.

    Sözün, şeirin bəzəyisən,

    Kim əlini üzər səndən.

     

    Ləldən barat alasısan,

    Qəlbimizin qalasısan.

    Sən günəşin balasısan,

    Haçan kənar gəzər səndən.

     

    Səndə şöhrət, səndə qüdrət.

    Səndə hikmət, səndə hörmət.

    Bu səadət, bu təbiət,

    Heç kəsməsin nəzər səndən.

     

    Şəmşirəm eşqinlə durdum,

    Halay çəkdim, kərvan vurdum.

    Atam, anam, doğma yurdum,

    Ay hüsnünü bəzər sənin.

  • Səni

    Səni

     

    Sənin özgələrə atdığın kəmənd,

    Dolaşar əlinə tez yıxar səni.

    Elə bir boğanaq qalxar qarşına,

    Tutular gözlərin, toz yıxar səni.

                                              

    Qurduğun duzağa düşərsən, naşı,

    Sənin yoldaşındı dəllalar başı,

    Uzaq gedər ellər atan əl daşı,

    Ədalət, həqiqət, söz yıxar səni.

                                              

    Dayanıb yerində durmaz fitnəkar,

    Lütfəsi haramdı, mayası murdar,

    Yağdırar əməli yaz günündə qar,

    Boran yıxar səni, buz yıxar səni.

     

    Özgənin malıdı söküb yediyin,

    Şəmşirə bəs nədi yalan dediyin.

    Var hələ qabaqda sual gədiyin,

    Bağlanar yolların, iz yıxar səni.

                                            

  • Səni

    Səni

    Köz kimi qızarıb dağlarda lalə,

    Çağırır nərgizli yaylaqlar səni.

    Taxtadüz haçandı göz tikib yola,

    Istisu üstündə qonaqlar səni.

     

    Kəkliklər oxuyur, qartallar baxır,

    Şəlalə süd kimi güneydən axır.

    Buludlar qaralır, ildırım çaxır,

    Sevindirər belə maraqlar səni.

     

    Sən bizim ellərə eyləsən guzar,

    Görərsən bu yerdə gözəllik, vüqar

    Mədənli Kəlbəcər olub laləzar,

    Şad elər sərvətli yataqlar səni.

     

    Dəli dağ döşünə düzüb gül, çəmən,

    Sən görən qərənfil açııb həmən.

    Piltan, yelgətirən, şehli yasəmən,

    Axtarır lilparlı bulaqlar səni.

     

    Bənövşə izinsiz qonur yaxaya,

    Şəmşir saz əlində çalıb oxuya.

    Reyhanlar yol üstə gedir yuxuya,

    Unutmaz bu böyük ocaqlar səni.

  • Səni

    Səni

    Anadan olanda ağlayan insan,

    Niyə ağlasınlar öləndə səni?

    Dedilərmi yaranmişa olüm var,

    Xəbədar etdilər gələndə səni?

     

    Kim qurtardı əcəl kimi kələkdən,

    Bu gün hamı keçməlidi ələkdən.

    Heç bilmirəm nə əksilir fələkdən,

    Peşiman etməyə güləndə səni.

     

    Qaydadı qananı nadan incidər,

    Xoryat dərd əhlini yaman incidər.

    Tənədil çalışıb hər an incidər,

    Dərdi-qəm sərrafı biləndə səni.

     

    Şəmşiri dost anacaqmı, bilmədim,

    Fikri nədi qanacaqmı, bilmədim.

    Yazı yazan qanacaqmı, bilmədim,

    Hesab dəftərindən siləndə səni.

    1916

  • Səni

    Səni

    Qoşqarla yanaşı duran adın var,

    Bizim el tanıyır uca dağ səni...

    Elimin, günümün böyük şairi,

    Bilirik şerdə bir mayaq səni.

     

    İndi güllər açır Vaqifin bağı,

    Bir çox şairlərin ana torpağı,

    Səmədin məskəni, şeirin ocağı,

    Kamala yetirmiş o Qazax səni.

     

    Bir mahir sərrafsan, göz ustadısan,

    Fəhmin, fərasətin öz ustadısan,

    Qabil sənətkarsan, söz ustadısan,

    Dəryasan, arzular min bulaq səni.

     

    Əzəldən başına cəm olub kamal,

    Sevir oğul kimi səni el, mahal,

    Azad ölkəmizdə hər zaman ucal,

    İstəyir könlümüz bu sayaq səni.

     

    Şəmşirlə görüşün qaldı yadigar,

    Unutmaz ne qədər canımda can var.

    Səndən dərs almağa diyarbədiyar

    Gəzərəm əlimdə şam çıraq səni.

    1955

  • Sənin

    Sənin

    Baxıram sənindi, bu bağ, bu bağça,

    Alma sənin, heyva sənin, nar sənin.

    Kərəm eylə qoy dolanım dalınca,

    Bir qul olum qulluğunda, yar, sənin.

     

    Məlakə təmkinli, ey qaşı kaman,

    Kəm olmaz insafda yaxşı bir insan.

    Hər dərman səndədi, mənəm xəstəcan,

    Dərdə əlac çox mümkünün var sənin.

     

    Şəmşirəm, nainsaf, az aldat məni,

    Eyləmə axırda biurvat məni.

    Istər ucuz, istər baha sat məni,

    Sərraf bazarında ixtiyar sənin.

  • Sənin

    Sənin

    Kəpəz silkələndi, Murov ağladı,

    Çatdı qulağıma bir ahın sənin.

    Mərd olan baxtına ümid bağladı,

    Bilmədim nə idi günahın sənin.

     

    Sıxma ürəyini məngənələrdə,

    Tutan olar nökəri də nəzərdə.

    İgid gərək dözə möhnətə, dərdə,

    Bir gün işıqlanar irahın sənin.

     

    Taleyin oxunu daşa çalmasın,

    Karvanın qatardan geri qalmasın.

    Bu kəskin taleyin gözdən salmasın,

    Yetsin imdadına pənahın sənin.

     

    İstə bu günündə mərdlərdən mədəd,

    Yetişər səadət sənə də əlbət.

    Şəmşirin duası olsun icabət,

    Xeyirli açılsın sabahın sənin.

    1916

  • Sənin Olsun

    Sənin Olsun

    Gözəlim, göyçəyim, cananım mənim,

    Bəxtimə yazılan pay sənin olsun.

    Darıxma, iqbala, kama çatarsan,

    Bu can mənimdirsə qoy sənin olsun.

     

    Doğru, düz yolundan yana düşmə sən,

    Dərdə, qəmə, nə hicrana düşmə sən.

    Zimistanda qar, borana düşmə sən,

    Bahar sənin olsun, yay sənin olsun.

     

     

    Baxtının ulduzu parlasın hər an,

    Adın olsun el içində sayılan.

    Şəmşirin istəyi budur binadan

    Çəmən sənin olsun, çay sənin olsun.