(00:00)
  • Vətən Dağları
  • Aşıq Ərəbi
  • Aşıq Hüseyni
  • Avropa Kərəmi
  • Baş Divani
  • Baş Müxəmməs
  • Baş Şərili
  • Bayatı
  • Bayramı
  • Bəhri Divanisi
  • Bəhritəbil
  • Bozağı Koroğlu
  • Cəngi Koroğlu
  • Dağ Başında Qar Piri
  • Dilqəm
  • Əhmədi
  • Gəraylı
  • Göyçəgülü
  • Gözəlləmə
  • İran Gəraylısı
  • Qızılgül
  • Sarı Yaylıq
  • Səməndəri
  • Şəmşiri
  • Süsənbəri
  • Təcnis
  • Kərəm Gözəlləməsi
  • Keşiş Oğlu
  • Koroğlu Sarıköynəyi
  • Lalə Havası
  • Layla De Layla
  • Müxayi
  • Müxəmməs Gözəlləməsi
  • Naxçivani
  • Orta Müxəmməs
  • Orta Sarıtel
  • Orta Şərili
  • Ovşarı
  • Paşa Köçdü Təsnifi
  • Qarabağ Yelpiyi
  • Qaraçı
  • Qaragöz Bala
  • Qaytağı Koroğlu
  • Qaytağı
  • Qazağı Borçalı
  • Qazax Səbzisi
  • Qəmərcan
  • Ürfani
  • Vaqif Gözəlləməsi
  • Xan Çobanı
  • Xanım Sallandı
  • Yurd Yeri
  • Sevənidir
  • Var
  • Gülabı
  • Gülə
  • Qızlar
  • Aşıq Mahnısı
  • Baş Sarıtel
  • Güllü Qafiyə
  • Meşəbəyi
  • Şahsevəni
  • Düyməli Qız
  • Misri Koroğlu
  • Qəhrəmani
  • Koroğlu
  • Aşıq Valeh və Zərnigar

Şeirlər

  • Olsa

    Olsa

    Vəfalı dost çətin dönər,

    Yüz aranı pozan olsa.

    Arzum budu özü düşsün,

    Bizə quyu qazan olsa.

     

    Bir qılınc ol düşmə sovdan,

    Xof eləmə qar, qırovdan.

    Güllən boşa çıxmaz ovdan,

    Ox əlində mizan olsa.

     

    Sirdaş olma hər zalıma,

    Şərik ol düz xəyalıma.

    Deyin, cavab sualıma

    Doğru yazsın yazan olsa.

     

    Keşikçiyəm göz yoluna,

    Mətləb çoxdu söz yoluna.

    De qayıtsın öz yoluna

    Düz yolunu azan olsa.

     

    Şəmşir, işin olmaz çətin,

    Hasil olar hər niyyətin.

    Gülü solmaz məhəbbətin

    Bütün bağlar xəzan olsa.

  • Olsun

    Olsun

    Qovğalı olmasa igidin başı,

    O gərəksiz başa dünya dar olsun.

    Tərəqqi, tənəzzül gəzir yanaşı,

    Çətindi uyuşub barabar olsun.

     

    Qəsəmsiz söyləyim sənə, gəl inan,

    Tərlandan azmayıb ala sağsağan.

    Bir cansız uyuqdu düşmənsiz insan,

    Insanda qoçaqlıq gərək var olsun.

     

    Pələng də pişikdən edir ehtiyat,

    Sayıqlıq igidi saxlar salamat.

    Düşmənin oyaqsa sular kimi yat,

    Yatanlar oyansın, xəbərdar olsun.

     

    Mehriban ol ucaldanda var səni,

    Qınamasın yoldaş səni, yar səni.

    Saya salmadığın it tutar səni,

    Əli yalınlara aşikar olsun.

     

    Ariflər üçündü sözümün sonu,

    Muqabil lazımdı hər boyun donu.

    Namus sümük olsa kəlb yeməz onu,

    Biqeyrət adama görüm ar olsun.

     

    Oyatmaq çətindi yatan kimsəni,

    Haqq saxlasın dada çatan kimsəni.

    Yaman gündə dostu satan kimsəni,

    Şəmşirin yanında günahkar olsun.

  • Olsun

    Olsun

    El qızları çatsın ada, şöhrətə,

    Özü gözəl, xasiyyəti xoş olsun.

    Elimizə şölə salsın əməli,

    Onda kamal olsun, əqli-huş olsun.

     

    Gözəldə gərəkdir bir zərif ürək,

    Söyləsin görənlər ipəkdir, ipək.

    Öz işində bir alıcı laçın tək,

    Yerdə gəzən, göydə uçan quş olsun.

     

    Gah tənəzzül, gah işimiz saz keçir,

    Söz məqamı ancaq ələ az keçir.

    Vədə çatır yay yetişir, yaz keçir.

    Gözləyirsən payız ötsün, qış olsun.

     

    Dərd zalımdı, ağrı çəkən bədəndi,

    İnsan bir qonaqdı, gəlib-gedəndi.

    Şəmşir, bilirsənmi bu iş nədəndi,

    Kim demişdi, bu dərd sənə tuş olsun.

    1918

  • Olur

    Olur

    Yazmaq, pozmaq, mahnı demək,

    Mənim ancaq işim olur.

    Söz qəlbimdə boğanaq tək,

    Birdən eşim-eşim olur.

     

    Sevirəm dostun mərdini,

    Xoşlamıram namərdini.

    Çəkirəm elin dərdini,

    Qəm ilə güləşim olur.

     

    Şəmşirəm bir baratım var,

    Ustad verib Qıratım var.

    Namus, arım, qeyrətim var,

    Qiymətdə dörd-beşim olur.

    1972

  • Olur

    Olur

    Bir oğul bəd olsa ata üzünə,

    Taleyi tərs olub, bəxti kəm olur.

    Düşür nəzərindən yarın, yoldaşın,

    Şad günü ahu zar, dərdi-qəm olur.

     

    Ağ olmasa ata, ana üzünə,

    Nur saçılar o xələfin gözünə.

    Ayaq bassa həqiqətin izinə,

    Taleyindən nə istəsə cəm olur.

     

    Kim deyir yaxşının qeydinə qalma

    At qəmi, qussəni, vaxtsız qocalma.

    Ömür baltasıdı-bədəsil alma

    Qamətin əyilir, qəddin xəm olur.

     

    Şəmşirin sözünü arif bəyəni,

    Yol vuracaq ustadına söyəni.

    Yarımasın atasını döyəni,

    Taledən, qismətdən ömrü kəm olur.

    1969

  • Onda

    Onda

    Uzaq düşəryaxşı dostdan aralar,

    Qohum da, qardaş da yad olar onda.

    Çalxanar, bulanar, hava qaralar,

    Boran olar onda, bad olar onda.

     

    Toxunub yaranı sulandıranda,

    Dost meylini yana dolandıranda.

    Çuğullar qəlbini bulandıranda,

    Sözün qabaqkına cod olar onda.

     

    Fəhmi-fərasətlə elə tamaşa,

    Arifsən mətləbi düşərsən başa,

    Tale kəskin olsa-söz keçər daşa.

    Üzün gülər, meylin şad olar onda.

     

    Şəmşir, seyraqubun sözü yalandı,

    Tez görürsən meyli yana dolandı.

    Kəlməsi zəhərdi, sözü ilandı,

    Söyləsə bir kəlmə od olar onda.

  • Ongöz Bulaq

    Ongöz Bulaq

    Səndən ayrıldığım, ey ana südüm,

    Olub otuz səkkiz il, Ongöz bulaq.

    Bir görüş gününü vədə ver güdüm,

    Özün de aşığa gəl, Ongöz bulaq.

     

    Laləli, Nərgizli, şehli biçənək,

    Sərilib hər yana gül, çəmən, çiçək.

    Süsən balıncına olur söykənmək,

    Bürüyür hüsnünü gül, Ongöz bulaq.

     

    Üstün Şəfi biçən, yanın Qırgüney,

    Hərdən yaylım quşu səndə çalır ney.

    Qaranquş çağırır, kəklik verir hey,

    Şirindi onlarda dil, Ongöz bulaq.

     

    Ağdaş, Quzey damı, Moruq, Çarğatlı,

    Qara daşın döşü qum Qarağatlı.

    Varmı sənin kimi kövsər baratlı,

    Dastanda bəxtiyar ol, Ongöz bulaq.

     

    Cökəklik, Tombadaş, Günəş təpəsi,

    Yayılır göylərə köhlənin səsi.

    Quzunu boğanda ana məməsi,

    Köpüklü ağzını sil, Ongöz bulaq.

     

    Hanı elə karvan keçməmiş səndən,

    Olmaz durna gözü seçməmiş səndən.

    Bir yolçu qalmadı içməmiş səndən,

    Çəkir ləzzətini el, Ongöz bulaq.

     

    Şəmşirə çətindi səndən ayrılmaq,

    Mən sənə illərlə olmuşam qonaq.

    Yayda buz suyundan donur dil, dodaq,

    Dəyəndə göynəyir əl, Ongöz bulaq.

  • Oğlum

    Oğlum

    Sənə nəsihətim olsun yadigar,

    Saxla həmişəlik əmanət, oğlum.

    Sözümün şirəsi, şirin şəhdi var,

    Sözümlə taparsan şərafət, oğlum.

     

    Ayıq ol həmişə, uyquda yatma,

    Namus bir baratdı əlindən atma.

    Yoldaşın sirrini yoldaşa satma,

    Yadından çıxmasın nəsihət, oğlum.

     

    Qoy səni bir işdən eyləyim halı,

    Baldan da şirindi dünyanın malı.

    Tamahkar, riyakar çəkər zavalı,

    Sən çəkmə bu yolda zalalət, oğlum.

     

    Ocaqdan kül götür, yurddan sayanı,

    Zəlil gördüm haram yeyib doyanı.

    Halal işlə, halal qazan mayanı,

    Eyləmə kimsəyə xəyanət, oğlum.

     

    Kəm baxma yediyin çörəyə, duza,

    Doğruya doğru ol, sadiq ol düzə.

    Eşqin mənasını duymayan qıza,

    Bəsləmə qəlbində məhəbbət, oğlum.

     

    Ədavət çəkmədim bir insan ilə,

    Durdum dost yolunda başi-can ilə.

    Dolandım elləri adı san ilə,

    Olmadım bir işdə nabələd, oğlum.

     

    Şəmşirdən söyləmək, səndən eşitmək,

    Ustadın yolunu biləsən gərək.

    Ad qazan ellərdə sən də mənim tək,

    Səni ucaldacaq bu sənət, oğlum.

  • Oğrusu

    Oğrusu

    Oğru var ki, ev oğrusu,

    Oğru var ki, çöl oğrusu.

    Bildiyini doğru danış,

    Olma hədyan dil oğrusu.

     

    Halal sözə qatma haram,

    Haram ilə yoxdu aram.

    Oğruya şeir satmaram,

    A tamahkar pul oğrusu.

     

    Hiylə ilə yaz min kitab,

    Zərrə qədər olmaz savab.

    Bir doğruya verməz cavab,

    Yüz min fitnə-fel oğrusu.

     

    Şəmşir, beləsindən haşa,

    Qondarmalar çatmaz başa.

    Bir gün oxun dəyər daşa,

    Qəlbi əyri, əl oğrusu.

    DOYAN İMİŞ

    Dərdikləndim şeir yazdım,

    Dərd insana ziyan imiş.

    Yıxıb könül sarayını,

    Axır viran qoyan imiş.

     

    Insan undu, dünya ələk,

    Onda gördüm min bir kələk.

    Dost dediyim qoca fələk,

    Demə adam soyan imiş.

     

    Doğru çıxmır etibara,

    Dostluq hara, sitəm hara.

    Dönür zəhərli şahmara,

    Bu ilqarsız çayan imiş.

     

    Şəmşir, yazdın təsirli söz,

    Kəlmə lətif, məna da düz.

    Bu dünyadan doymayan göz,

    Az ömürdən doyan imiş.

  • Pərim

    Pərim

    Isti məhəbbətin buzamı döndü,

    İlqarı unudub yad olan Pərim.

    Eşqinin alovu niyə tez söndü,

    Məni qəmli görüb şad oşlan Pərim.

     

    Eldə sayılarmı biilqar aşıq,

    Olar obasına cannisar aşıq,

    Mələklərin məclisinə yaraşıq,

    Hurilər içində ad olan Pərim.

     

    Ləblərin şirindi şəhdi-zülaldan,

    Qaşlarına zivər çatıb hilaldan.

    Dəhanın şirəsi süzülüb baldan,

    Şəmşirin dilində dad olan Pərim.

  • Qabağında

    Qabağında

    Ürəyimin aynasına baxanda,

    Mən səni görürəm göz qabağında.

    Ilqarım, istəyim, saf məhəbbətim,

    Gedir pişvazına söz qabağında.

     

    Inan səndən kəsilməzdi gümanım,

    Niyə yad olubsan, a mehribanım.

    Od tutur qorlanır, alışır canım,

    Sanki kabab yanır köz qabağında.

     

    Səni tər yetirib o gözəl Şuşa,

    Adını şəhrinlə çəkirəm qoşa.

    Kəsibsən aranı gedirəm huşa,

    Təzə dağlarmı var düz qabağında?

     

    Bu ayrılıq qəlb incidər, can alar,

    Dərdiməndlər əhvalıma yanalar.

    Qəlbimi oğluna verib analar,

    Saxlar balasını öz qabağında.

     

    Özün de bir, kimin günahı çoxdu,

    Bilmirəm aramız nədən soyuqdu.

    Şəmşirin atası, anası yoxdu,

    Sən ana qəhrinin döz qabağında.

    1972

  • Qalmadı

    Qalmadı

    Neçə ildi həsrətini çəkirəm,

    Dağıldı, başımda huş da qalmadı.

    Gecə-gündüz axıdıram sel kimi,

    Nainsaf, gözümdə yaş da qalmadı.

     

    Mahalda, məclisdə səni çox öydüm,

    Can qurban eləyib boyunu soydüm*.

    Hər yada düşəndə sinəmə döydüm,

    Qurtardı çöllərdə daş da qalmadı.

    Dedilər: var səndə dərdin dərmanı,

    Gizlədirsən, görən kimi hər məni,

    Şəmşirəm, eylədin dəngəsər məni,

    Dağıldı dərrakəm, baş da qalmadı.

    ________________________

    * sevdim mənasındadır

  • Qanırsanmı

    Qanırsanmı

    Ay dərdbilməz, eşq oduna

    Heç alışıb yanırsanmı.

    Söylə görüm bu dünyadan

    Sən də bir şey qanırsanmı.

     

    Quzuqulağı, istiot, bibar,

    Hərəsinin bir tamı var.

    Düşünmürsən sevgi, nə yar,

    Söz, söhbət də anırsanmı?

     

    Nə boyüksən, nə çağasan,

    Öz kəndində bir ağasan.

    Yaz olanda qurbağasan,

    Qış olanda donursanmı?

     

    Nə qaş, nə göz bilirsən,

    Nə yol, nə də iz bilirsən.

    Nə düz kəlmə, söz bilirsən,

    Özün insan sanırsamnı.

     

    Ağzın əyri, burnun çərə,

    Dodaqların bir çəmbərə.

    Şəmşiri əzmə, heyvərə,

    Zülmündən utanırsanmı.

    1919

  • Qar Öldürmüş

    Qar Öldürmüş

    Deyirlər düşübmüş Novruz borana,

    Onu Qəndab kim yar öldürürmüş.

    Mənə deyən yoxdur sən nə gəzirdin,

    Uzun yolda səni qar öldürürmüş.

     

    Qış günü sandım ki, dağlar çəməndi,

    Lalələr, nərgizlər elə həməndi.

    Aldandım keçmişə, itirdim zəndi,

    Ağılsız insanı tar öldürürmüş.

     

    Şəmşir, zimistana bağladın vəfa,

    Görmədin işrətin, ha çəkdin cəfa.

    Sən niyə yol verdin o nainsafa,

    Bülbülü gül üstə xar öldürürmüş.

  • Qara Gözdən

    Qara Gözdən

    Qasid, gəldin, xəbər verdin,

    Şirin dilli qaragözdən.

    Sənə deyib gizli dərdim,

    Təsəllimi alıb sizdən.

     

    Ismi, hərfi adımdadı,

    Dilimdədi şirin dadı.

    Saniyələr yadımdadi,

    Uzaşmamış qəlbimizdən.

     

    Şəmsir çəkir bu həsrəti,

    Var sözünün işarəti.

    Sönməz onun məhəbbəti,

    Nə meylin kəsər bizdən.

    1972

  • Qaralandım

    Qaralandım

    Nadan sözü almaz kimi,

    Kəsdi məni, yaralandım.

    Budaqlarım taxta oldu,

    Peyvənd təki qaralandım.

     

    El içində dastan idim,

    Mərd ürəkli aslan idim.

    Mən ki dolu bostan idim,

    Nə tez soldum, uralandım.

     

    Şəmşir, könlün, gözün toxdu,

    Iqbal payı sənə çoxdu.

    A bivəfa, yalan yoxdu,

    Bu işindən qaralandım.

  • Qarışdırar

    Qarışdırar

    Haramdan əkilib-haram doğulan,

    Fitnədi, fəsaddı, el qarışdırar.

    Lənətdən verilib şeytanın payı,

    Pozar bitmiş işə əl qarışdırar.

     

    Mərddən xeyir gələr, namərddən zərər,

    Kəlməsi ağırdır, nəfəsi zəhər.

    Nakəs həqiqəti çəpinə çəkər,

    Əyər əyriliyə yol qarışdırar.

     

    Sinəmi mərdlərə etmişəm nisar,

    Qəlbim saf büllurdu, götürməz qubar.

    Şəmşirdə məhəbbət, təmiz ürək var,

    El xeyrinə şirin dil qarışdırar.

    1964

  • Qaydadı

    Qaydadı

    Pay ver, pay alarsan-atalar deyib,

    Əzələn bu adət bizdə qaydadı.

    Müxənnətlər süfrə açıb ad almaz,

    Yalvarar-yaxarar üzdə, qaydadı.

     

    Çəkilsin könlündən sadəqətə yol,

    Rəhmə, mürüvvətə, kəramətə yol.

    Gərək ürək versin məhəbbətə yol,

    Gözləmək bu yolu gözdə qaydadı.

     

    Güclüyə küsənib, fağıra gülmə,

    Özünü dağlardan çox uca bilmə.

    Namərddən toxunar zəhərli kəlmə,

    Kababı yandırmaq közdə qaydadı.

     

    Şəmşir çoxdan deyib ilana lənət,

    Şeytan kimi ara vurana lənət.

    Fırıldağa lənət, yalana lənət,

    Kişi bütün olar sözdə, qaydadı.

  • Qaydasında

    Qaydasında

    Dərman bir səndə var ali mohtərəm,

    Dərdi elə ver ki, öz qaydasında.

    Bilinməz dərdlərə sən elə məlhəm,

    Tapılsın əlacı tez qaydasında.

     

    Qoy gəlsin gedənim, dursun yatanım,

    Olmasın möhnətə, yasa batanım.

    Atlansın iqbalım, əksin kotanım,

    Səmtinə işləsin düz qaydasında.

     

    Nakəsi görəndə quruyur qanım,

    Dərdbilməz əlindən inciyir canım.

    Az qaldı şam kimi alışıb yanım,

    Haçan deyilmədi söz qaydasında.

     

     

    Kömək səndən olur hər muşkül işə,

    Salma bu Şəmşiri qorxu, təşvişə.

    Gözəl baharımı döndərmə qışa,

    Qoy baxsın dünyaya göz qaydasında.

     

  • Qaşların

    Qaşların

    Şəbahətdə bənzər mahi-tabana,

    Qələm kimi o tamaşa qaşların.

    Yamanları düçar olsun yamana,

    Vurub qılıncını daşa qaşların.

     

    Küsüb gileylənmə, bizim yerlərdən,

    Çəmənıli, çiçəkli mənzərələrdən,

    Uçurum dağlardan, sərt dərələrdən,

    Inciyib olmaya, haşa, qaşların.

     

    Bu çərxi-gərdişin səxası kəmdi,

    De sənə verdiyi nə dərdi-qəmdi.

    Elə naxışlanıb, sanki qələmdi,

    Qüdrətdən çəkilib qoşa qaşların.

     

    Yanaqda nəqş olub xalı-zəbərcət,

    Sədrin zivərlənib—misali-cənnət.

    Bilmirəm mələksən, nə sirri-qudrət,

    Aparır aşiqi huşa qaşların.

     

    Sən bizə dərman et, ay gözəl pəri,

    Ay qəşəng mirvari, dünya gövhəri.

    Şəmşirəm elədim söz müxtəsəri,

    Baxanda çox gəlir xoşa, qaşların.

  • Qocaldım

    Qocaldım

    Təkcə mən deyiləm xətti çal olan,

    Baxıram qocalan çoxdu, qocaldım.

    Cavanlıq eyşini əlimdən alan

    Axır mənə belə baxdı, qocaldım.

     

    Qocalıq qış fəsli boranlı qardı,

    Insanın ömrünə qorxusu vardı.

    Elə ki saqqalım, saçım ağardı,

    Bildim ki, yetişən vaxtdı, qocaldım.

     

    Özüm öz halımı qandım ağladım,

    Könlümü yorulmuş sandım ağladım.

    Gözəllər gülüşdü yandım, ağladım,

    Göz yaşlarım sel tək axdı, qocaldım.

     

    Hanı dağ döşündə yuxu yatdığım,

    Cüyürə, ceyrana güllə atdığım.

    Cıdır meydanında at oynatdığım

    Daha məndən çox uzaqdı, qocaldım.

     

    Qocalıq qoyubdu işıqdan gözü,

    Qayalı görürəm çəmənli düzü.

    Nadanın, xoryatın yaramaz sözü,

    Sinəmi yandırdı, yaxdı, qocaldım.

     

    Ariflər sözümdən qüvvət alırdı,

    Tuti avazıma heyran qalırdı.

    Zil səsim dağlara haray salırdı,

    İnanın sözlərim haqdı, qocaldım.

     

    Şəmşirəm dil verdi nəğmə dilimə,

    Qulluq etdim vətənimə, elimə

    Axtarıram-qocalığa, ölümə,

    Neynəyim ki, çara yoxdu, qocaldım.

  • Qocalıbsan

    Qocalıbsan

    Canım, nə yan, nə də yaxıl,

    Yaxşı gördüm, qocalıbsan.

    Kimsəyə olmadın paxıl,

    Yoxdu dərdin, qocalıbsan.

     

    Yaxşı-yaman nədi-qandın,

    El ucundan oda yandın,

    El içində ad qazandın,

    Dövran sürdün, qocalıbsan.

     

    Möhnət yığma ürəyinə,

    Müxənnət nə gərəyinə.

    Meyl eləmə çörəyinə

    Hər namərdin, qocalıbsan.

     

    Şəmşir, göz aç, sən ol ayıq,

    Igid kimi yaşa sayıq,

    Hədyan demək kimə layıq,

    Eylə virdin, qocalıbsan.

  • Qocalıq

    Qocalıq

    Yerimir qılçım mənim, aman, əlaman qocalıq.

    Hardadı cavanlığım, aça bir meydan, qocalıq.

    Məni haldan elə salıb, yoxdu məndə can, qocalıq.

    Nə istəsən dur gəl verim-olasan cavan, qocalıq.

    Tərpənirəm, yıxılıram, oluram peşman, qocalıq

     

    Hanı o gün-beş yaşında bulaq üstə oynadığım,

    Qan-yaş tökür didələrim, yada düşür nösər canım.

    Güneydən dərib çiyələk halım varmı moruq yığım.

    Çatanda on beş yaşına təzə tərləmişdi bığım,

    Duruşuma deyərdilər: alıcı tərlan, qocalıq.

     

    Yorulmazdım laçın kimi, dolanırdım, dağı, daşı,

    Tərlan tək olub oylağım şiş qayalı dağlar başı.

    Küləklərlə bəhsə girib, quşla uçardım yanaşı,

    Hərdən görünəndə gözə sevgilimin qələm qaşı,

    Olurdu bu dünya mənə cənnəti-rizvan, qocalıq.

     

    Qol qüvvətli, dizim girli, Fərhad olub çaldım külüng,

    Baxdım elə tay-tuşuma, qoçaqlardan aldım bilik

    Toylarda at oynatmaq, peşəm oldu gülləçilik.

    Gah başladım ovçuluğa, meşələrdə qovdum əlik.

    Zərbimdən dağlar oyanıb, and içim inan, qocalıq.

     

    Bir zaman da saz götürüb düşdüm elə, obalara,

    Bağladım öz niyyətimi doğru yola, düz ilqara.

    Rəhmət böyük ustadıma-adlı, sanlı sənətkara.

    Ha yazdım, ha yaratdım, aşiq oldum nazlı yara,

    Aldı əldən gəncliyimi sevgili canan, qocalıq.

     

    Mahallarda məclis qurdum, cəfa çəkdim, ad qazandım,

    Qol çalmaqdan yorulmadım, biləyimi polad sandım.

    Uzaq yolu yaxın bildim, nə əyildim, nə dayandım,

    Ruzigarın ilqarına əbəs yerə mən inandım.

    Etibara düz çıxmadı bu çərxi dövran, qocalıq.
     

    Axır bir gün yavaş-yavaş qara saqqal oldu dümağ.

    Göz qaraldı əsdi başım, sinəm üstə çəkildi dağ.

    Cavanlıqdan yoxdu xəbər, hər tərəfə saldım soraq.

    Ürəyim istəyən yerə tutmur dizim, getmir ayaq.

    Hər bir dərdin əlacı var, yox sənə dərman, qocalıq.

     

    Könlümdə eşqin həvəsi canlanır, hərdən gözələ,

    Axır meylim, məhəbbətim bağlanır birdən gözələ.

    Niyə baxsın hədər yerə düşən hünərdən gözələ...

    Yerişinə yetirmirəm, baxıram gendən gözələ.

    Belə dərdi ürəyimdə çəkirəm pünhan, qocalıq.

     

    Əllərimdən cavanlığın ixtiyarın alan fələk,

    Bir sözünü düz görmədim, etibarı yalan fələk,

    Qurban ilə Ələsgəri sənsən yola salan, fələk.

    Həmişəlik yer üzündə olacaqmı qalan, fələk.

    Bu bir aydın həqiqətdir: fəryadsan, ahsan qocalıq.

     

    Cavanlığın novbahartək bənövşəsi, laləsi var.

    Saf ürəyin, sağ bədənin sanki səngər qalası var.

    Qocalığın, düşgünlüyün ərşə çıxan naləsi var:

    Diş tökülür, üz qırışır, gör nə dərdi, bəlası var,

    Ay boranı kəsilməyən qarlı zimistan qocalıq.

     

    Şəmşir, sən yaxşılıq elə əl uzatma yamanlığa.

    Zəmanənin övladısan, yeri, yetiş insanlığa,

    Bədfikirə, nakişiyə, lənət oxu, şeytanlığa,

    Özünə xəlqi dost elə, nifrət elə düşmanlığa.

    Meylini salma kənara vəfalı dostdan, qocalıq.

  • Qoyma

    Qoyma

    Mənim bu dunyaya sığmaz adımı,

    Bir adsız nanəcib batırdı qoyma.

    İnandırdı qohumunu yadını,

    Şeytandı, fitnədi, qatırdı qoyma.

     

    Fitnədən, fəsaddan uzaqdı aram,

    Bəd əməldən hiyləgərdən uzağam.

    Baş alıb əlindən qaçdığım haram,

    Gəldi, yaxınlaşdı, yetirdi qoyma.

     

    İnanın el, oba, içirəm andı,

    O hədyan danışdı, vicdanı dandı.

    Hay saldı: qoluma qolun toxundu

    Bilmədim, gözlərim yatırdı, qoyma.

     

    Baxıram təhrinə bicdi, bədzatdı,

    Iblis kimi bitmiş işə su qatdı.

    Nağıldakı kupə girən arvaddı,

    Şuma balıq əkdi, bitirdi qoyma.

     

    Şəmşirəm nə yaman yerdə qalmışam,

    Bu nə bilir mən nə yara almışam.

    Mahal gəzib, halal yollar salmışam,

    İzimi ellərdən itirdi qoyma.

    1971

  • Qoşqar

    Qoşqar

    Həsrət gördüm qafil səni görəndə

    Yenə mənim qəlbim ucaldı, Qoşqar.

    Kim oldu səninlə ömür yoldaşı,

    Yetişib mənzilə bac aldı, Qoşqar.

     

    Xəstələr sərində o qara baxdı,

    Bulağın qaynadı, sellərin axdı.

    Gəlibdi ellərin zamanı, vaxtı,

    Deyək sözümüzü macaldı, Qoşqar.

     

    Əsrlər ötdukcə yada sal məni,

    Gələn aşıqlardan xəbər al məni.

    Bu dünya eylədi xətti çal məni,

    Axırda Şəmşir də qocaldı, Qoşqar.