Bakı Dövlət Universitetində Universitetin 100 illik Yubiley tədbirləri silsiləsindən ustad sənətkar Aşıq Şəmşirin yaradıcılığına həsr olunmuş “Ozan sənəti – milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musiqisində özünü biruzə verir. O bildirib ki, kökləri eposlarımıza, dastanlarımıza gedib çıxan aşıq sənəti Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər kimi böyük sənətkarların yaradıcılığı ilə daha da zənginləşmişdir. XX əsr aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin də bu sənətin inkişafına böyük töhfələr verdiyini qeyd edən rektor tələbələrə milli ruhun aşılanmasında bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Sonra BDU-nun dosenti Ələmdar Cabbarlı Aşıq Şəmşirin yaradıcılığı haqqında məruzə edib. O, bildirib ki, Dədə Şəmşir yaradıcı aşıq olmuş, qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl, müxəmməs və s. şeir formalarında əsərlər yazmış, eyni zamanda bir neçə dastan yaratmışdır. Görkəmli sənətkarın irsi tədqiqatçılar tərəfindən araşdırılmış, haqqında dissertasiya və monoqrafiyalar yazılmışdır. Ə.Cabbarlı xüsusi vurğulamışdır ki, Aşıq Şəmşir sovet dövründə yaşayıb-yaratsa da heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməmişdir. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaratmışdır.
BDU-da Dədə Şəmşir yaradıcılığına həsr olunmuş tədbir keçirildi – FOTOLAR
Daha sonra tədbir bədii kompozisiya ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist Babək Niftəliyev, aşıqlardan əməkdar Mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əli Zeynalabdinov, Gözəl Kəlbəcərli, Sahil Qurbanov və Mehrac Kəlbəcərlinin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Aşıq Şəmşir adına Mədəniyyət Evinin folklor ansamblı tərəfindən Azərbaycanın qədim xalq oyunları “Kilimarası” və “Maraloyunu” nümayiş etdirilib.
Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçıları İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlununun adından salamlayıb, Universitetin professor-müəllim heyətini və tələbələri 100 illik yubiley münasibətilə təbrik edib. Mərasim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Bakı Dövlət Universitetinə 100 illik Yubileylə bağlı “Fəxri Fərman”ın təqdim edilməsi ilə başa çatıb.