“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda tədbir keçirilib (FOTO)
“Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”nda tədbir keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi tərəfindən həyata keçirilən “Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu”n da layihə barədə məlumat verən layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə diqqəti yönəltmək, ayrı-ayrı aşıqların yaradıcılıq nümunələrindən seçmələr edərək kitab nəşr etdirib geniş ictimaiyyətə təqdim etməkdir.
Qeyd edib ki, aşıqlar həmişə cəmiyyətinən fəal hissəsi olub, xalqın qəhrəmanlarını sevə- sevə tərənnüm ediblər. Dövrümüzdə yaşayan və poetik yaradıcılıqla da məşğul olan aşıqlarımızın əsərlərində də ölkəmizin müstəqilliyi, dövlət quruculuğunun möhkəmləndirilməsi, ümummilli liderimiz Heydər Əliyev siyasətinin dönmədən həyata keçirilməsi, eləcə də torpaqlarımızın erməni işğalından azad olunması uğrunda öz canlarından keçmiş qəhrəman oğullarımızın tərənnüm olunması mühüm yer tutur. Ölkəmizin müharibə vəziyyətində olduğu bir vaxtda, xüsusilə də gənclərin vətənpərvərlik və qəhrəmanlıq ruhunun daha da artırılması üçün aşıqlarımızın bu mövzularda yazdığı şeirlərin geniş ictimaiyyət arasında təbliğ olunması vacibdir.
Layihə çərçivəsində növbəti tədbir Gədəbəy rayonundakı Aşıq Musiqisi məktəbində keçirilib. İctimai Birliyin əməkdaşları rayonda yaşayıb fəaliyyət göstərən aşıqlarla görüşərək layihənin keçirilməsinin məqsədindən danışıblar, onlardan bədii yaradıcılıqla məşğul olanların qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazdıqları şeirlərdən nümunələri hazırlanacaq kitaba daxil edilmək üçün götürülüb.
Gədəbəy Rayon İcra Hakimiyyətiənin Başçının müavini- İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa xanım Allahverdiyeva çıxış edərək bildirdi ki, bu gün saza tapınmaq həm də tariximizə tapınmaqdır. Bədii yaradıcılıq forması kimi bu sənətin kökləri xalqımızın dərin tarixinə, mövcudluq təcrübəsinə söykənir və həyatın özü onu daim zənginləşdirir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir-xalqın azadlıqsevərliyi, igidlərin qəhrəmanlığı, onların cəsurluğu, alicənablıq, düzgünlük və xeyirxahlıq kimi milli xüsusiyyətlərin hər biri tariximizin bir səhifəsinə ayna tutan qəhrəmanlıq və məhəbbət dastanlarında öz əksini tapıb, aşıqlarımızın sazında-sözündə nəsillərdən nəsillərə keçərək bu günümüzə gəlib çatıb.
Son illərdə bir sıra uğurlu layihələrə imza atan, mədəniyyətimizin, xüsusilə də aşıq sənətinin inkişafına böyük töhfələr verən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyində yeni layihə üzərində işlər gedir.
Gədəbəy Aşıq Musiqisi məktəbinin də yaxından iştirakı ilə keçirilən tədbirdə, həmçinin aşıq sənətinin bu günü və sabahı ilə bağlı məsələlər də müzakirə olunub.
Hazırlanacaq kitabda daha çox aşıqların vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdıqları şeirlərin yer alması üçün qarşıdakı həftələrdə aşıq sənətinin daha çox inkişaf etdiyi Qazax, Şamaxı və digər rayonlarda da belə görüşlər keçiriləcək.