“AŞIQ ŞƏMŞİR” Mədəniyyət Ocağının təşkilatçılığı ilə BAYRAQ GÜNÜNƏ həsr olunmuş tədbir keçirilib
Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 9 noyabr Bayraq Günü münasibətilə Aşıq Şəmşir müzeyində Bakı şəhərində fəaliyyət göstərən 56 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagirdlərinin iştirakı ilə tədbir keçirib.
Tədbirdə Bayraq Gününün əhəmiyyətindən bəhs olub, bayrağımızın yaranma tarixi, onun rənglərinin simvolokası haqqında şagirdlərə məlumat verilib. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin nüfuzu günbəgün artır, ölkəmiz dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Xüsusi vurğulanıb ki, 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yoluna qədəm qoyan müstəqil dövlətimiz hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində inkişaf edir. Bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da böyük uğurlarımız var və heç şübhəsiz üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaqdır.
Tədbir iştirakçıları “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən həyata keçirilən bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik ruhunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bayram tədbirində 56 saylı məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.