"İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib
9 Oktyabr, 2019 13:42
Bakıda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu" adlı layihə çərçivəsində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı Ictimai Birliyi tərəfindən çap olunmuş "İndi hünər meydanıdır" adlı kitabın təqdimat mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə qeyd olunub ki, kitab bir neçə gün bundan əvvəl nəfis tərtibatla işıq üzü görüb.
Kitabda hazırda yaşayıb-yaradan aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlərindən seçmələrin yer aldığı vurğulanıb.
Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihənin aktuallığından və əhəmiyyətindən söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün bu kimi layihələrin gələcəkdə də keçirilməsinin vacibliyini vurğulayıb: "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi yarandığı gündən mədəniyyətin inkişafında çox mühüm uğurlara imza atıb. Bu birlik hər zaman aşıq sənətinə xüsusi diqqəti ilə seçilib. Bilirsiniz ki, aşıq sənəti daha qədim tarixi keçmişə malikdir. Bu sənət həmişə qəhrəmanlığı tərənnüm edib və hər kəsi qəhrəmanlığa, mübarizəyə səsləyib. İllərdir müharibə şəraitində yaşayan Azərbaycan xalqı üçün qəhrəmanlıqdan bəhs edən sənət əsərləri əhəmiyyət kəsb edir. Torpaqları işğal altında olan xalqımız böyük bir qəhrəmanlığa susayıb. Ona görə də bu gün təqdimatını keçirməkdə olduğumuz kitabın ərsəyə gəlməsi təqdirəlayiqdir. Bu kitabda bizim yaşadığımız hisslər tərənnüm olunub. Hesab edirəm ki, gənclər arasında da vətənpərvərlik hissini artırmaq lazımdır. Bu kitab həm də bu missiyaya xidmət edir".
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, aşıq sənəti bu gün Azərbaycanda kifayət qədər inkişaf edib: "Dövlətimiz tərəfindən də aşıq sənətinə hər zaman diqqət və qayğı göstərilib. Bu gün ölkəmiz həm də beynəlxalq əhəmiyyətli mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilib. Bu da dövlət başçımızın Azərbaycanda mədəni sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsidir. Bizim bu kitabı çıxarmaqda məqsədimiz qəhrəmanlığa, vətənpərvərliyə diqqətin artırılmasıdır. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatında qəhrəmanlıq dastanları xüsusi yer tutur. Elə buna görə də bizim Ictimai Birlik mütəmadi olaraq aşıq sənətinin təbliği ilə məşğuldur".
Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil isə aşıq adının hər kəsə verilməsinin əleyhinə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu ad müqəddəs olduğu üçün hər yoldan ötənə aşıq deyilməməlidir: "Bu gün hər yetənə aşıq adı verilməsi düzgün deyil. Təsəvvür edin ki, Aşıq Ədalətlə yanaşı, filankəsin də aşıq olması qəbahətdir. Mən Aşıqlar Birliyinə müraciət edirəm ki, bu məsələ ilə ciddi şəkildə məşğul olsunlar".
Tədbirdə çıxış edən Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sözügedən layihəsini təqdirəlayiq hesab edib.
Tədbirdə Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflı Azərbaycan xalqının xeyli sayda şəhid verdiyini xatırladıb. Vurğulayıb ki, xalqımız öz şəhidləri ilə fəxr etməlidir: "Xüsusən də, gənc nəslin nümayəndələri şəhidlərimizlə fəxr etməlidirlər. Bu gün təqdimatına toplaşdığımız kitabda da əsasən qəhrəmanləq tərənnüm olunub. Biz arzu edirik ki, gənclərimiz qəhrəmanlıq dastanlarından ruhlanıb torpaqlarımızı yağı düşmən işğalından geri alsınlar".
G.Azaflı "İndi hünər meydanıdır" adlı şeiri səsləndirib.
Daha sonra Ağamurad İsrafilov və digərləri çıxış edərək bu kitabın xüsusilə də gənc nəslin vətənpərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağını vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, aşıq sənətinin mühüm tərkib hissəsi olan dastançılıq - dastan yaratmaq və söyləmək ənənəsi bu gün də yaşayıb günümüzün reallıqlarına uyğun olaraq yeni-yeni dastanlar yaranır.
Bildirilib ki, çağdaş aşıqlarımızın poetik yaradıcılığında vətənpərvərlik və qəhrəmanlıq mövzusu” adlı layihənin də əsas məqsədi həm də diqqəti hazırda fəaliyyət göstərən aşıqların yaradıcılığında yer almış vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazılmış şeirlərə və dastanlara yönəltməkdir. Həmçinin qeyd olunub ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin son illərdə mədəniyyətimizin inkişafı, xüsusilə də aşıq sənətinin təbliği və inkişafı naminə çox mühüm layihələrə imza atır.
Tədbirin sonunda ustad aşıqlar müxtəlif aşıq havaları üstündə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.
Qeyd edək ki, layihənin rəhbəri “Aşıq Şəmşir Mədəniyyət ocağı” İctimai Birliyi sədrinin müavini Həbib Misirov, kitabı nəşrə hazırlayan və redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, məsləhətçi "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri Qənbər Qurbanov, rəyçi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Günümüzün ustad aşıqları Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Mahmud Məmmədov, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva, Əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Fətulla Əliyev, Sərdar Məmmədovla yanaşı gənc aşıqların da poetik yaradıcılığına müraciət olunan kitabda çağdaş aşıqlarımızın qəhrəmanlıq və vətənpərvərlik, Qarabağ müharibəsi mövzusunda yazdıqları şeirlərlə yanaşı bu mövzuda yaratdıqları dastan da yer alıb.